Bəhruz Kəngərli yurdunda festival rüzgarı - FOTOLAR
Əcəmi yurdu, Əcəmi seyrəngahı yenə qonaqlı-qaralı idi. Yenə fırça ustaları qoynuna cəm olmuşdu bu tarixi məkanın. Ulu Naxçıvan beşinci dəfə “Naxçıvan-bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalına ev sahibliyi edirdi. Bu dəfəki festival isə digərlərindən fərqlidir. Azərbaycanın müxtəlif regionlarından olan rəssamların iştirak etdiyi festivala dünyanın ayrı-ayrı ölkələrində yaşayan rəssamlar pandemiya ilə əlaqədar olaraq onlayn şəkildə qatılmışdı. Və ən başlıcası bu festival Qarabağlı bir festival idi.
Üç gün davam edən festivalın ikinci günündə Naxçıvan şəhərinin Əcəmi seyrəngahına yol aldım. Gözəl bir yaz günündə, təbiətin gözəl guşəsində, əsrlərə şahidlik edən Mömünə Xatın türbəsinin ətrafında bir qaynarlıq var idi. Palitralar, tablolar və onları bir-birinə calayan rəssamlar... Hər biri Naxçıvanda gördüklərini, gözəl təbiət mənzərələrini, tarixi abidələrini tablolarda əbədiləşdirirdi. Azərbaycan Rəssamlar İttifaqının üzvü Nailə Əhmədova Mömünə Xatın məqbərəsini, şəhərimizin rəmzi olan bu möhtəşəm abidəni öz dünyasına, öz daxilinə uyğun vəsf edirdi. Burada, Azərbaycan qadınının şərəfinə ucaldılan abidənin rəsmini çəkmək onun ən böyük arzularından biri olub: “İlk dəfədir, Naxçıvanda oluram. Çox gözəl şəhərdir. Küçələri geniş, tərtəmiz, insanları mehriban... Bu festivala da ilk dəfə qatılıram. Məkan çox gözəldir. Çoxdan istəyirdim ki, Mömünə Xatın abidəsinin yanında rəsm çəkim. Bu arzuma çatdım. Abidənin aurası çox gözəldir, fantastik bir görkəmi var Naxçıvanın”.
İşlədiyi əsərdə Naxçıvanın ümumi mənzərəsini, təbiətini, tarixi məişət əşyalarını, Haçadağı, qoç heykəllərini təsvir edən rəssam bu festivalda iştirakının axırıncı yox, axarıncı olmasını və növbəti festivalda Naxçıvana qatarla gəlməyini arzulayır.
Aydın səma, qeyri-adi rənglərə sahib Naxçıvan dağları, güllər, göllər və qoç heykəllər bir rəssam qızın təxəyyülündən tabloya uzanır. Bu əsərin müəllifi Bakı şəhərindən festivala qatılan rəssam Təranə Seyiddir.
“İki ildən bir keçirilən “Naxçıvan-bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalına həmişə dəvət alırdım, ancaq iştirak etmək mümkün olmurdu. Qismət bu günə imiş. Naxçıvanda heç vaxt olmadığıma görə bilmirdim, necə bir yerdir. Təəssüratlarım çox gözəldir. Kiçik, amma tarixi böyük şəhərdəyik. Gözəl guşələri, qədim tikililəri ilə məni heyran etdi Naxçıvan. Tarixi bir məkanda, Mömünə Xatın məqbərəsinin ətrafında, açıq havada Naxçıvanla bağlı təəssüratlarımızı fırça və boyalarla dilə gətirmək isə ayrı bir zövq verir biz rəssamlara”.
Naxçıvan bəşəriyyətin beşiyi, Azərbaycanın, dünyanın müxtəlif ölkələrində yaşayan naxçıvanlıların ata-baba yurdudur. Elə rəssam Mir Azər Abdullayevin də. Özü Bakıda yaşasa da, ata-babaları Naxçıvanda yaşayıb. “Gözəl bir festivala, belə bir sənət bayramına bizi dəvət etdikləri üçün təşəkkürümü bildirirəm. İşlədiyim əsərimin adı “Naxçıvan gözəli”dir. Bu əsərdə Naxçıvanın təbiəti, dağlarının rəngi, torpağının qədimliyi və gözəlləri var. Bir tərəfim naxçıvanlı olduğu üçün Naxçıvan mənə həmişə doğma olub. Ayrı şəhərlər inciməsin, bura rəssamlar üçün əsl yaradıcılıq məskənidir”.
Ənənə halını alan bu festival artıq beşinci dəfədir, keçirilir. Hər dəfə də rəssamlar səbirsizliklə gözləyir bu anı. Hər festival onlara yeni dostlar qazadırır. Yeni nələrsə öyrənir, yaradıcılıq mübadilələri aparırlar.
Rəssam Fizzə Quliyevanın işlədiyi mövzu elə festivalın keçirildiyi məkanla bağlıdır. Açıq Səma Altındakı Muzey və ətrafını bəzəyən hər bir ağac, hər bir abidə cəlbedicidir. Naturadan çəkilən bu əsər canlı muzey təsiri bağışlayır.
Rəssamların festivalda çəkdikləri əsərlərə maraq böyük idi. Sənətsevərlər diqqətlə bu rəsmləri nəzərdən keçirir, işlənmə texnikasına baxırdılar.
Növbəti həmsöhbətim əlindəki fırçanı rənglərə vuraraq onu hər dəfəsində bir az da gözəlləşdirən Sumqayıt şəhərindən festivala qatılan Azərbaycan Rəssamlar İttifaqının üzvü İntiqam Ağayevdir. Rəssam Batabatdakı Üzən adanın gözəl bir mənzərəsini yaradır.
O, artıq bu festivala dördüncü dəfədir, dəvət alır. Festivalın ilk günü Naxçıvanın bir çox gəzməli-görməli yerlərində olan qonağımıza məhşur Batabat yaylağı, buradakı göllər çox xoş təsir bağışlayıb. Odur ki, təəssüratlarının kətan üzərində əbədilik qalmasını istəyir.
Gözəl musiqilərin sədaları altında yaradıcı insanlar öz yaradıcılıqlarını nümayiş etdirirdilər. Hər kəs qəlbindəki Naxçıvan sevgisini, burada gördüklərini kətan üzərinə həkk edirdi.
Daha gözəli o idi ki, bu festivalda çəkilən rəsmlər arasında Qarabağ mövzusuna aid əsərlər də yaranırdı. Şuşa qalası, xarıbülbül də var idi tablolarda. Qarabağ səmasından doğan parlaq günəş Şuşa qalasını işıqlandıraraq şəfəqlərini bütöv Azərbaycana, qoca Şərqin qapısına da yaymışdı.
Bir tablo diqqətimi cəlb edir. Molbertin qarşısında dayanan Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyevadır. Artıq beşinci dəfə bu rəsm festivalında iştirak edən rəssam işlədiyi əsərdə Qarabağlı Naxçıvanı əks elətdirirdi: Naxçıvanlı rəssamlar Qarabağa etüdə gedib. Pəncərənin önünə qoyulan xarıbülbülü isə qayıdarkən özləri ilə Şuşadan gətiriblər. Bəli, zaman olacaq, naxçıvanlı rəssamlar da Kəlbəcərdə, Ağdamda, Şuşada belə etüdlər edəcəklər.
Nə gözəl arzu, nə gözəl istək, nə gözəl bir əsər idi. Zəfər bayramı ilə rəssam qonaqlarını qəbul edən Naxçıvandan dünyaya, Qarabağa yol gedirdi. Zəngəzur dəhlizindən Naxçıvana qatar gəlirdi. Bu yolun bir tərəfindən isə dəvə karvanları keçirdi. Bunun mahiyyəti o idi ki, bir vaxtlar ipək yolunun keçdiyi Qoca Şərqin qapısından indi dəmir yolu keçəcək.
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Qəhrəman Tağıyev Haçadağın qoynunda Nuh yurdunun abidələrini yaradıb. Rəngli qrafika üslubunda işlənən əsərdəki tarixi abidələr bəşərin qoynunda, Nuh peyğəmbərin gəmisinin toxunduğu Haçadağın ətəyində füsunkar görünür.
Azərbaycan Respublikasının Əməkdar rəssamı, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Eldar Qurban elə festivalı canlandırıb kətan üzərində. Bir qədər uşaq sevinci ilə, bayram ab-havası ilə. Çünki “Hər dəfə Naxçıvana gələndə özümü o qədər xoşbəxt hiss edirəm ki, bir anlıq uşaqlaşıram sanki”,-deyir sənətkar.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunan bu dəfəki festivalda rəngarəngliyi ilə, janr müxtəlifliyi ilə seçilən rəsmlər yaradıldı və bu incəsənət əsərləri böyük maraq doğurdu. Festivala qatılan 40 rəssam fərqli mövzularda əsərlər yaratsa da, hamısını birləşdirən bir məkan idi Naxçıvan. Festivalın üçüncü günü, mayın 25-i Naxçıvan şəhərinin Saat meydanında rəssamların işlədiyi əsərlərin sərgisi keçirildi. Yan-yana sıralanan rəsmlər göz oxşadı. Sənət adamları öz işləri ilə bağlı sənətsevərlərə məlumat verdilər. Beləcə, sənətə önəm verilən Ulu Bəhruz yurdu, Əcəmi yurdu daha bir festivalı qoynunda uğurla keçirdi. Bu festivalda çəkilən rəsmlər isə bir tarix kimi bu günün sənətkarlarından sabahın sənətkarlarına ərməğan qalacaq Bəşəriyyətin beşiyində...
Türkanə Əmoyeva
“NUHÇIXAN”