Şəhid oldum, ölmədim

A- A A+

Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid  olmuş mayor Vüsal Vəliyevin  əziz xatirəsinə 

-Salam, əziz dost. Yenə hüzurundayam. Axşam yuxumda səninlə danışırdım. Birlikdə idik. Üzünüz gülürdü. Sanki yuxum çin çıxıb. Fərqlilik var səndə. Tək səndə yox, hamınız bu gün başqa cür baxırsınız üzümə. Səbəbini bilmək olar?

-Sevincliyik, qardaş. Bilirsən, biz elə bir orduyuq ki, təkcə ailəmiz, dostumuz, qohumlarımız yox, bütövlükdə xalqımız bizimlə öyünür.

-Elədir, qardaş. Hər adama qismət olmayan zirvədə durmusunuz. “Dəmir yumruq” ətrafında birləşərək 44 gün ərzində heç kəsin fəth edə bilmədiyi bir zirvəyə yüksəldiniz, bizi də zirvələrə ucaltdınız. De görüm necəsən?

-Hər kəs gəlir, bizləri ziyarət edir. Yaxınlarım gələndə üzüntüdən bəzən kədərlənib göz yaşı axıdırlar. Amma biz bu gün çox sevincliyik. Sən görməmisən Şuşa səmasını. Bax bu igidlərlə mən o səmadan "Xarıbülbül" Musiqi Festivalını izlədim. Hələ onu da deyim ki, “Azərbaycan” mahnısını birgə ifa etdik. Onlar Vətən toprağından, biz isə Vətən səma-sından. Vaxtilə mərmi, top səsləri gələn diyarımızda  “Qarabağ şikəstəsi”nin səsi eşidilirdi.

-Demək, sevincinizin səbəbi bu imiş?

-Hələ var… Onu da deyim ki, atamla birlikdəyəm. Atam da mənimlə o səmada idi. Atam bu torpaqlarda çox olub, yaxşı tanıyır bu əzəli torpaqlarımızı. Gördüyün bu  gəncləri atam o müqqəddəs  diyarın tarixi yerləri ilə tanış edir. İndi sən de. Bizim üçün bundan sevincli gün ola bilərmi? Qısa zamanda ananın çox sevdiyi, onunla fəxr etdiyi balası qovuşacaq. Biz onun üçün  bu zirvəyə sevə - sevə gəldik. 

-Əziz dostum, bu qəhrəman yurd sizin kimi qəhrəmanlarını heç vaxt unutmayacaq.
Qardaş, tək mən yox,  hamımız bunun şahidiyik. Bu xalqın istedadı bulaq kimidir. Onu kökdən qazıyıb atmaq olmayacaq. Hər zaman bu torpaqda müdriklər, bizim kimi igidlər yetişəcək. Çox haqqın var bizlərin üzərində. Haqqını halal et.

 -Bu torpaq bizi yetişdirdi, böyütdü, ərsəyə gətirdi. Halal olsun.

-Sağ ol, cənab mayor.

-Vətən sağ olsun!

 

Sərxan İsmayılov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: