Culfa rayonunda fermerlərin mal-qaralarını yaylaqlara aparmaq, rahat gediş-gəlişini təmin etmək məqsədilə yaylaq yolları texnikaların köməyi ilə genişləndirilib və daşlardan təmizlənib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rayon İcra Hakimiyyəti tərəfindən Dəmirli, Gəvik və Kola yaylaqlarına gedən yollar texnika ilə düzəldilib, hamarlama işləri 55 kilometrə yaxın yolu əhatə edib.
Qeyd edək ki, Culfa rayonunda kənd təsərrüfatının mühüm qolu olan heyvandarlığa maraq ildən-ilə artır. Belə ki, bu gün rayonda 16 mindən artıq iribuynuzlu, 109 minə yaxın xırdabuynuzlu mal-qara, 223 mindən artıq isə ev quşu vardır. Yazın sonu yayın əvvəllərində aran bölgələrimizdə, xüsusilə Culfada havanın temperaturunun dəyişməsi, isti hava şəraiti heyvandarlıqla məşğul olan sakinlərin yaylaqlara köç etməsinə səbəb olur.
Yaylaq yollarında gediş-gəlişin az olması və mövsüm ərzində yağan yağış və qarın yaratdığı çöküntülər yolların təmizlənməsinə, genişlənməsinə və hamarlanmasına ehtiyac yaradıb. Bütün bunlar nəzərə alınaraq həmin yollardakı daşlar və torpaq çöküntüləri təmizlənib, yollar tamamilə genişləndirilib.
Ərhan Novruzov