Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyini bəyan etdiyi tarixdir.
NUHÇIXAN İnformasiya Agentliyi şair, tərcüməçi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlunun “Vətən” şeirini oxucularına təqdim edir:
Sabaha yol gedən bu gəmi bizim,
Onun hər sevinci, hər qəmi bizim.
Duyğusu, vurğusu Vətən adlanır -
Bir yerdə döyünən bu qəlbimizin...
Vətən bir Günəşdir, biz də zərrəsi,
Vətənsiz eyləmə, Tanrı, heç kəsi.
Torpağı, Vətəni sevənlər üçün
Bəlkə də fırlanır bu Yer kürəsi.
Vətən "yan" - deyəndə alışaq gərək,
Vətən "can" - deyəndə barışaq gərək.
Bir vətəndaş kimi biz özümüzdən -
"Vətənçün nə etdik?" - soruşaq gərək.
Vətən - elə anddır, keçilərmi heç,
Vətən - bir zirvədir, kiçilərmi heç,
Taleyin, qismətin yazısıdır bu,
Anadır, Vətəndir, seçilərmi heç?!.
Sənsən ən müqəddəs andımız, Vətən,
Canımız, qanımız, adımız - Vətən.
Sənin dar günündə dost-düşmənimiz,
Bilinir doğmamız, yadımız, Vətən...
Üçrəngli bayrağın Günəşlə qoşa,
Azad Azərbaycan, var ol, min yaşa!..