Hər bir xalqın tarixi onun şanlı keçmişinin salnaməsi, bu günün bünövrəsi, gələcək taleyində zəfərlərə aparan yola işıq saçan günəş kimidir. Qəhrəmanlıqla dolu olan, zəfərlərə şahidlik edən tariximizdən gələn səslərin bizə anlatdığı hekayələri dinlədikcə düşünürəm ki, biz həqiqətən də xoşbəxt bir nəsilik. Ona görə ki, şahidi olduğumuz son 30 ildə gələcək nəsillərin yaddaşında qürur dolu tarixi hekayələrə səbəb olan ağrılı-acılı, çətin günlərdən böyük qələbəyə, şanlı zəfərə doğru aparan yolun hər addımının şahidi olduq. Bu yolda hədəfə milli birlik, vəhdət içində irəlilədik. Bəhs olunan tariximiz ta qədimlərdən bu günə kimi yazıda qeyd olunan və məqalənin həcm etibarilə yer verə bilmədiyimiz lider və sərkərdələr xalqımızın rəşadətinin, dövlətimizin qüdrətinin simvolu və təzahürləri, Vətən müharibəsində şahidi olduğumuz qəhrəmanlığın və şanlı zəfərin istinad nöqtəsi, ilham mənbəyidir. Tarixin axarını dəyişən şəxsiyyətlər, igid, mərd, şücaətli oğullarımız bu gün olduğu kimi, gələcəyimizdə də zəfər yolunun işıq saçan mayakları olacaqlar. Çünki bizə qələbə adlı şirin neməti daddıran igidlər öz əcdadlarının yolundan bir an belə geri durmayıb, əzəli və əbədi torpaqlarımızı düşmən tapdağından xilas etdilər. Bu hər zaman belə idi, sabah da belə olacaq…
Müstəqilliyimizin əldə olunmasından bu günə kimi yaşadığımız hər an millətimizin tale salnaməsinin parlaq hadisələrlə zəngin olan səhifəsidir desək, yanılmarıq. Azərbaycanın müasir tarixi iki qüdrətli liderin - müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsinin qalibi, əsrin Sərkərdəsi, Qarabağın xilaskarı Ali Baş Komandan cənab İlham Əliyevin müdriklik, qətiyyət və qəhrəmanlıq salnaməsidir. Ümummilli lider üstün zəkası, xalqının inamı və dəstəyi ilə ölkəmizi söz sahiblərindən etməyi bacardı. Müstəqillik illərində qısa zamanda ölkəmizdə bütün sahələrdə böyük inkişafa nail olan dahi lider bütün bunlarla yanaşı, günü-gündən xalqımızı psixoloji olaraq böyük Qələbəyə hazırlayır, güclü ordu yaradır, əsrinin ən böyük sərkərdəsini yetişdirirdi. Ali hədəfə gedən bu yolda xalqımız hansı çətinliklərlə üzləşmədi ki? Bu yol kələ-kötürlü, daşlı-kəsəkli oldu. İllərlə bizə məğlub xalq düşüncəsini qəbul etdirməyə çalışdılar. Ancaq düşünmədilər ki, bu xalqın genefondunda məğlubiyyət yoxdur. Məhz 2010-cu il bu sindromun sındırıldığı, tarixin zibil qutusuna birdəfəlik atıldığı il oldu. Həmin il Kürşadın bizə miras qoyduğu mənəvi imtina körpüsündən yenidən keçildi. Mübariz İbrahimov xalqımıza “Sən heç vaxt məğlub olmamısan, sən daim zəfərə layiqsən” deyərək təkbaşına düşmən üzərinə atıldı. Dünyaya göz açdığı gündən etibarən “mübarizə nədir?” sualının axtarışında olan bu igidin taleyinə adı kimi mübariz olmaq yazıldı. O, öz əcdadlarından aldığı mirası elə bir zirvəyə qaldırdı ki, hər bir azərbaycanlının qəlbində yenidən doğuldu və gələcək böyük zəfərin mübarizəsinə çevrildi.
Sərkərdəni və ordusunu yenilməz edən əsgər və zabitlərin gücü, iradə möhkəmliyi, qorxmazlığı, döyüş bacarığı, Ali Baş Komandana olan inamdır. Tarixin bütün dövrlərində əldə etdiyimiz zəfərlərin bünövrəsində məhz dəyərlərimizə bağlılığın, sədaqətin olduğu dəfələrlə təsdiqlənib. Əcdadlarımızın, ata-babalarımızın, şəhidlərimizin qəhrəmanlıq ənənələrinə sədaqət bizim ən böyük gücümüz, qüdrətimizdir. Bunun nəticəsi idi ki, böyük zəfərin müjdəçisi olan Aprel döyüşləri, onun ardınca isə Günnüt qələbəsi müzəffər ordumuz tərəfindən qazanıldı. Düşmənə layiqli tarixi cavab verildi. Ancaq düşmən həmişə olduğu kimi bütün bunlardan öz dərsini çıxarmadı.
Ulu öndərin layiqli davamçısı, humanist prinsipləri hər zaman öndə tutan Ali Baş Komandanımız keçən zaman ərzində münaqişənin sülh ilə həll olunması üçün düşmənə bütün yolları göstərdi. Ancaq öz məkrli siyasətlərindən əl çəkmək bilməyən Ermənistanın siyasi rəhbərliyi danışıqlarda qeyri-konstruktiv mövqeyi ilə Qarabağı Ermənistanın ərazisi hesab etməklə sülh danışıqlarını heçə saydı və nəticədə Azərbaycana başqa çıxış yolu qoymadı. 2020-ci il sentyabrın 27-də müzəffər ordumuz düşmənə qarşı əks-hücum əməliyyatlarını həyata keçirməklə sübut etdi ki, bu gün heç bir qüvvə bizimlə təhdid dili ilə danışa bilməz, bizə şərt qoya bilməz. 27 sentyabr Ali Baş Komandan cənab İlham Əliyevin: “Bizim yolumuz haqq yoludur”, -deyə verdiyi əmri ilə həsrətin sonu, vüsalın başlandığı gün kimi xalqımızın tarixinə qızıl hərflərlə yazıldı.
Unutmaq olmaz ki, 21-ci əsrin müharibəsi qədim dövrlərdəki müharibələrdən tamamilə fərqlidir. Müasir dövrdə müharibə aparmaq həm də iqtisadi gücə və imkanlara əsaslanır. Təbii ki, döyüş meydanında əsgərin gücü, ruh yüksəkliyi, texnika və texnologiyanın varlığı və ondan istifadə vərdişləri, komandalığın döyüşü planlaşdırmaq bacarığı həlledici rol oynayır. Təchizat, maliyyə imkanları, iqtisadiyyatın dözümlülüyü müharibə aparan tərəfin qələbəsini təmin edən əsas amillərdəndir. İnformasiya müharibəsi, haqsız mövqedə duran dövlətlərin təzyiqlərinə qarşı dözümlülük, beynəlxalq arenaya həqiqətlərin çatdırılması da 21-ci əsr müharibəsinin əsas şərtlərindəndir. Bütün bunları bilən, əvvəlcədən dəqiqliklə hesablayan böyük Sərkərdənin döyüş meydanında təpədən dırnağadək Vətən eşqi ilə silahlanan əsgər və zabitlərimiz öz sözünü diqtə edərkən informasiya müharibəsindəki uğurlarını, siyasi arenadakı mübarizəsini bütün dünya heyranlıqla izlədi. Ali Baş Komandan bu istiqamətdəki uğurlu fəaliyyətini tarixi Şuşa müraciətində yığcam və dolğun şəkildə şərh etdi: “Qələbəmizin üçüncü əsas amili beynəlxalq səviyyədəki uğurlarımızdır. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı”.
Ali Baş Komandan xalqa müraciətində Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən dediyi “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” kimi dəyərli sözlər əslində xalqımızın daim ruhunda, qəlbində yaşatdığı böyük nəsihətinə, ata vəsiyyətinə olan sadiqliyin bir nümunəsi idi. Bəli, Şah İsmayıl iddiası ilə torpaqlarımızı yağı düşməndən azad edən Sərkərdə öz əcdadlarının yolunu layiqincə davam etdirdiyini bütün dünyanın gözü önündə sübuta yetirdi və Azərbaycanımızı ayrılmaz parçalarına qovuşdurdu.
Şanlı zəfər tariximizə öz adlarıyla damğa vuran igid döyüşçülərimiz, Kürşadın qurduğu mənəvi imtina körpüsünü keçən Mübariz İbrahimov kimi mərd oğullar, canını vətən üçün əsirgəməyən, Babək, Alparslan, İbrahimxəlil xan yolunu davam edən Polad Həşimov, Şükür Həmidov, bütün şəhid və qazilərimiz kimi igidlərə borcluyuq bu zəfəri. Onlar öz ölümləri ilə vətən sevgisi daşıyanların qəlbində, düşüncələrində əbədi yaşar oldu, öz döyüş andları ilə öz əcdadları kimi yenidən bu torpağa möhürləndilər.
Bu gün əcdadlarımızın, vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhu şaddır. Çünki ata-babalarımızın at sürüb igidliklər göstərdikləri torpaqlara qayıtmışıq. 30 ildən sonra bütün Qarabağa sədası yayılan "Xarıbülbül" festivalı keçirildi, igidlər oylağı Şuşanın Cıdır düzündə başı dumanlı dağlarına əks-sədası yayılan muğamımız səsləndi. Ona görə ki qüdrətli ordumuz öz əcdadlarının onlara miras qoyduğu igidliyi, cəsurluğu, mərdliyi, ləyaqəti, şərəfi, döyüşçü ruhunu layiqincə yaşadaraq dünyaya yalanın qısa ömürlü, həqiqətin əbədi olduğunu göstərə bildi. Ən əsası isə müzəffər ordumuzun qazandığı şanlı qələbə, tarixi həqiqətdən və ədalətdən doğan zəfər dünyaya - Qarabağ Azərbaycanındır,- deyə məğrurcasına hayqırır!
Pərviz Hacılı
“Oğuz səsi” qəzeti