Yaşasın millətin qürur mənbəyi, güvənc yeri - Azərbaycan əsgəri!

A- A A+

Cənnət Qarabağımız, 30 ilə yaxın idi ki, mənfur qonşularımızın işğalı altında olan torpaqlarımız  həqiqi sahiblərini gözləyirdi. Nəhayət, o tarixi gün gəldi... Ötən il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı və birbaşa mülki əhalini hədəfə alması səbrimizi daşıran son damla oldu. Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev döyüş əmri verməyə məcbur oldu. “Vətən bizi çağırır!” – deyə ayağa qalxan minlərlə könüllü Vətən övladı bu döyüşlərdə iştirak etmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdi. Həmin günlərdə hər bir Azərbaycan vətəndaşı torpaqlarımıza göz dikən erməni vandallarından qisas almaq üçün könüllü olaraq ordu sıralarına qoşulmaq istəyirdi. Bu kütləvi müraciətlər, xalqımızın bir nəfər kimi ayağa qalxması istər-istəməz insanı qürurlandırır, köksünü qabardırdı.

Beləcə, Azərbaycan Ordusu əmrə əsasən Vətən uğrunda, haqq-ədalət naminə ölüm-dirim savaşına başladı. Öz gücünə, qüvvəsinə inanan Ordumuz qorxmadan, yorulmadan, qətiyyətlə, əzmlə torpaqlarımızın azadlığı uğrunda savaşdı, əyilməzliyini, qətiyyətini bütün dünyaya bəyan etdi. Ali Baş Komandan cənab İlham Əliyev haqlı olaraq bildirirdi: “Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar”.

Bəli, Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, qüdrətini, mübarizliyini nümayiş etdirdi.

Bu bir faktdır ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu desə də, uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Azərbaycan xalqı bu savaşda necə böyük sərkərdəyə sahib olduğunu da nümayiş etdirdi. Cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə bacarığını nümayiş etdirməklə yanaşı, diplomatik cəbhədə də öz sözünü dedi, informasiya müharibəsində  fəal mübarizə apardı, Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Ölkə Prezidenti cənab İlham Əliyev 17 ildə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi və ərazi bütövlüyümüz bərpa olundu.

Qələbə ilə başa çatan bu savaşın hər günü ayrılıqda şanlı bir tarixdir. Azərbaycan Ordusu bu müharibədə hər gün irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu savaşda bir amalla vuruşurdu: Təki, bu işğala, bu haqsızlığa son qoyulsun. Təki, tarixi ədalət zəfər çalsın... Nəhayət ki, o gün xalqımıza nəsib oldu, Azərbaycan döyüş meydanında Ermənistanı məğlub edərək işğala son qoydu. 44 gün davam edən və qələbə ilə başa çatan Vətən müharibəsi Azərbaycanın ən yeni tarixinin ən şanlı səhifəsi olaraq tarixə qızıl hərflərlə yazıldı. Bu tarixi yazan isə Ali Baş Komandan cənab İlham Əliyev və şanlı Azərbaycan Ordusu oldu. Qalib sərkərdə bu faktı hər zaman böyük fəxrlə dilə gətirdi və Azərbaycan Ordusunun fəaliyyətini daim yüksək qiymətləndirdi: “Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!”

Bu gün hamılıqla deyirik: Eşq olsun Azərbaycan əsgərinə! O əsgərə ki, qorxmadan, yorulmadan, qətiyyətlə, əzmlə torpaqlarımız uğrunda savaşdı, qan tökdü, can verdi, son nəfəsində də Qarabağın azadlığını arzuladı. Eşq olsun o əsgərə ki, mümkünsüz olanı reallaşdırdı, keçilməz sədləri keçdi, alınmaz dağları aşdı. Bəli, bunlar hamısı faktdır. Bəlkə də, gələcək nəsillər üçün əfsanə kimi görünəcək bu qəhrəmanlıqlara Azərbaycan xalqı canlı şahidlik etdi. Qələbə asanlıqla əldə olunmur. Qalib olmaq üçün bacarıqlı hərbçi olmaq, döyüş taktikalarını yaxşı bilmək, düşmənin nələr düşündüyünü təhlil etmək lazım idi. Peşəkarlıq da elə budur – düşmənin gözlədiyi yolla deyil, daha çətin və doğru yolla irəliləmək və sonda qalib olmaq. Azərbaycan Ordusu, Azərbaycan əsgəri, bu mənada, heç bir çətinlikdən qorxmadı. Sonu ölüm, şəhidlik olsa belə, torpaqlarımızı azad etmək, Azərbaycana əsrin qələbəsini qazandırmaq üçün əlindən gələni etdi. Həmin günlərdə hər bir əsgərin, hər bir zabitin dilində sadəcə bir söz vardı: “Vətən sağ olsun!”

Beləcə, 44 günlük müharibə böyük bir qəhrəmanlıq dastanına çevrildi. Torpaqlarımız danışıqlar, müzakirələr yolu ilə yox, məhz hərbi yolla azad olundu. Xalqımız döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdi. Şəhidlərimizin qanı yerdə qalmadı, onların intiqamı düşməndən elə döyüş meydanında alındı. Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin mərdliyi, qəhrəmanlığı, fədakarlığı sayəsində qısa vaxt ərzində qələbə qazandıq. Nəhayət, imzalanan bəyanatla düşmən məğlubiyyətini etiraf etdi.

Bəli, biz qələbə qazandıq... Ancaq itkilərimiz, şəhidlərimiz də az olmadı. Onlar Vətən uğrunda vuruşdular, Vətən naminə canlarından keçdilər. Torpağı Vətən edən, vətənləşdirən də məhz onlardır:

Bayraqları bayraq edən üstündəki qandır,

Torpaq, uğrunda ölən varsa, Vətəndir!

8 noyabr 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Çünki həmin gün Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanın qeyrət qalası, mədəniyyət beşiyi, dilbər guşəsi olan Şuşanın işğaldan azad edildiyini bəyan etdi. Bu Azərbaycan əsgərinin şanlı qələbəsi idi. Həmin gün ölkə başçısının rəhbərliyi altında Azərbaycan əsgəri tarixdə misli görünməmiş qəhrəmanlıq nümayiş etdirdi – qanı, canı bahasına Şuşanı bizə qaytardı.

Bu sevinci bizlərə yaşadan məhz Azərbaycan əsgəri, Azərbaycan zabiti oldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Şuşanın azad edilməsi münasibətilə xalqa müraciətində dediyi kimi: “Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinci Qarabağ, həm ikinci Qarabağ – Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!”

 Ali Baş Komandan Vətən müharibəsindən söz açarkən hər zaman Azərbaycan əsgərindən bu cür qürurla, fəxrlə bəhs edir, onun şücaətini bütün dünyaya bəyan edir.

Bəli, Azərbaycan əsgəri bu savaşda əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Azərbaycan əsgəri düşmənin 30 il ərzində qurduğu, külli miqdarda vəsait sərf etdiyi nəhəng istehkamları qısa müddətdə darmadağın etdi. Azərbaycan əsgəri uğrunda vuruşduğu Vətən torpaqlarına üçrəngli bayrağımızı sancmaq şərəfinə nail oldu, xalqımıza tarixi qələbə sevincini bəxş etdi. Qorxmadan, çəkinmədən, düşmənə meydan oxuyaraq qələbəni təmin etdi. Bir şeirdə deyildiyi kimi: Millətin qürurunu sən özünə qaytardın, Qalibiyyət bayrağın zirvələrə apardın, Azərbaycan əsgəri!

 

Fəxriyyə Cəfərova

filologiya üzrə fəlsəfə doktoru, dosent

“Nuh yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: