Ulu Tanrının Naxçıvan torpağına bəxş etdiyi nemətlər arasında bitki aləmi xüsusi bir yer tutur. Olduqca zəngin elementlərə malik olan və bir çox xəstəliklərin müalicəsində istifadə edilən bu bitkilərdən biri də ana təbiətin ərməğanı olan tutdur.
Şanına mahnılar bəstələnən, şeirlər qoşulan tut xalqımız üçün ən dəyərli, ən əziz təbiət növrağıdır. Elimizdə-obamızda yazın gəlişindən sonra bizim ilk barlı-bəhərli qonağımız da məhz tut ağacı hesab olunur. Bəlkə də, elə bu səbəbdən tut xalqımızın sevimli və eyni zamanda müqəddəs bildiyi bitkilər sırasında yer alır.
Tut ağacı bu gün Kəngərli rayonunda da ən çox yetişdirilən ağaclar sırasındadır. Demək olar ki, hər həyətdə ən azı bir tut ağacına rast gəlinən bölgəmizdə daha çox bu bitkinin üç növü yetişdirilir: ağ, qara və qırmızı tut. Hər üç növ tut müalicəvi əhəmiyyəti ilə seçilir və bir çox faydaları özündə ehtiva edir. Belə ki, rəngindən asılı olmayaraq, tut zəngin vitamin-mineral tərkibinə malikdir. Göz zəifliyindən tutmuş, immunitet sistemlərinin zəifliyinə, hətta erkən qocalmaya qarşı bu bitkinin böyük faydaları var. Tərkibi bir çox mineral maddələrlə zəngin olan tut, həmçinin zəngin dəmir elementlərinə də malikdir.
Təbii halda qəbul edilən tutdan, həmçinin böyük faydalara malik doşab (bəkməz) da hazırlanır.Tut doşabının tərkibi olduqca zəngin zülallara malikdir. Mütəxəssislər tut doşabını bəzi hallarda hətta balla müqayisə edirlər və iddia edilir ki, bu doşab növünün tərkibində dəmir balla müqayisədə 8 dəfə çoxdur, bu da insan orqanizminə daha böyük fayda verir. Elə bu səbəbdən də tut doşabından qanazlığı zamanı geniş şəkildə istifadə edilir. Tut doşabı, həmçinin güclü iltihab əleyhinə təsirə də malikdir və soyuqdəymə xəstəlikləri zamanı qəbul edilir. Bu zaman xəstənin ümumi vəziyyəti yaxşılaşır, tərləməsi artır, hərarəti düşür. Öskürək zamanı da tut doşabından istifadə etmək faydalıdır. Belə ki, 1 xörək qaşığı doşab (uşaqlar üçün 1 çay qaşığı) qəbul etmək bəlğəmi duruldur və təmizlənməsini asanlaşdırır.
Tutun özü kimi, onun yarpağı da orqanizm üçün faydalıdır. Çay kimi dəmlənib içilən tut yarpağı şəkərli diabetdən əziyyət çəkən xəstələr, ürək ağrıları olan insanlar üçün böyük müalicəvi əhəmiyyət daşıyır. Məhz bütün bunlara görə tut təbiətin bizə bəxş etdiyi ən böyük ərməğan kimi qiymətləndirilir.
Anar Qasımov
“Yeni həyat” qəzeti