Təbiətin ən dadlı meyvələrindən olan üzüm dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Şahbuz rayonunda da geniş şəkildə əkilən üzümə düzgün qulluq və budama edildikdə 30 ilə qədər ömür sürür. Üzüm tənəyinin kökü nə qədər güclü inkişaf edərsə, onun məhsuldarlığı bir o qədər çox olar. Saf hava və günəşi sevən bitki suya az tələbkardır. Üzümün pişik gözü, əsgəri, gülabı, şəkərbura və başqa müxtəlif sortları var. Bağlarda və həyətlərdə becərilən üzümlər rənginə görə qara, ağ, sarı və sarıgilə, keyfiyyətinə, dadına, ətrinə görə gülabi, kişmişi, şəkəri, qabığının qalınlığına görə daşüzüm, qalınqabıq, nazikqabıq və bir çox xüsusiyyətlərinə görə seçilirlər. Vitamin və minerallarla zəngin olan üzüm nəinki sirkə və spirtli içki istehsalında, həm də tibbdə istifadə edilir.
Onun meyvəsindən şərab, kişmiş, şərbət, doşab hazırlanmaqla yanaşı, həm də yarpağından geniş istifadə edilir. Üzüm yarpağının faydalarını, yəqin ki, bilməyən yoxdur. Üzüm C və B qrupu vitaminləri ilə zəngin olduğu halda, yarpaqları A vitamini və dəmir ilə zəngindir. Bu da qan azlığı və göz zəifliyi olanlar üçün çox faydalıdır. Üzüm yarpaqları müalicəvi vasitə kimi ishalın, ürək xəstəliklərinin, diş və qarın ağrılarının müalicəsində istifadə olunur. Yarpaqlarından dəmlənilmiş çay öskürək zamanı yaxşı kömək edir, nəfəs yolları xəstəliklərinin müalicəsində faydaları xüsusilə çoxdur. Dəmləməni hazırlamaq üçün 5-7 təzə üzüm yarpağının üzərinə 1 stəkan qaynar su əlavə olunur və 30 dəqiqə ərzində dəmlənilir. Dəmləməni gün ərzində ilıq vəziyyətdə qəbul etmək lazımdır. Həmçinin belə dəmləmə qanda şəkərin səviyyəsinin aşağı düşməsinə də kömək edir.
Üzüm yarpaqları həm də antimikrob təsirə malikdir. Ağız boşluğunda mikrobların sayını azaldır, ağız qoxusunu aradan qaldırır, diş kariyesinin və damaq iltihablarının yayılmasının qarşısını alır.
May ayının ortalarından başlayaraq təzə üzüm yarpağından həm dolma bişirilir, həm də qışa azuqə hazırlanır. Milli mətbəximizin ən sevilən yeməklərindən biri də üzüm yarpağından hazırlanan dolmadır. Təkcə olkəmizdə deyil, bütün dünyada məşhur olan bu milli yemək görünüşü ilə də fərqlənir.
Qeyd edək ki, üzümün yarpaqlarını sellofan torbalara doldurub buzluğa qoymaqla da saxlamaq olur.
Turanə Baxşəliyeva
“Oğuz səsi” qəzeti