Tibb işçilərinin işə qəbulu üzrə keçirilən müsabiqəyə yekun vurulub

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə  bildirilib ki, 26-30 aprel tarixlərində keçirilən imtahanın test mərhələsində iştirak edən 106 namizəddən 76 nəfəri keçid balını toplayaraq ikinci mərhələdə - klinik tapşırıq mərhələsində iştirak etmək hüququ qazanıb.

İmtahan nəticələrinə əsasən ikinci mərhələdə 73 namizəd iştirak edib. Həkim vəzifələri üzrə 14 namizəddən 12-si, orta tibb işçisi vəzifələri üzrə 59 namizəddən 42-si müvafiq keçid balını toplayıb və onların siyahısı vakant vəzifələr üzrə təyinat aparılması üçün Səhiyyə Nazirliyinə göndərilib.

Qeyd edək ki, klinik tapşırıq hissəsi namizədin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 sualdan ibarət olmaqla və yazılı şəkildə keçirilib. Bu mərhələdə cavabların qiymətləndirilməsi mütəxəssislər cəlb edilməklə təmin edilib. Klinik tapşırıq hissəsi üzrə hər bir suala verilən cavab mütəxəssis tərəfindən 5 ballıq sistem əsasında qiymətləndirilir və sonra bütün suallar üzrə verilən ballar toplanılır (cəmi 25 mümkün bal). Klinik tapşırıq hissəsi üzrə 16 və ya daha çox bal toplamış şəxslər bu mərhələdən keçmiş hesab olunublar.

İmtahan suallarının test və klinik tapşırıq hissələri üzrə toplanılan ballar ümumiləşdirilərək yekun bal çıxarılır. Ən yüksək nəticəni göstərən namizəd vakant vəzifəyə təyin olunur.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2020-ci il  tarixli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması Qaydaları”na əsasən ilk dəfə olaraq muxtar respublikada tibb işçilərinin işə qəbulu müsabiqə əsasında keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: