Naxçıvan ədəbi sənət məktəbi, yaradıcılıq ocağıdır –Söz tələbə jurnalistlərindir  

A- A A+

Bəşər sivilizasiyasının mədəniyyət ocağı olan Naxçıvanımızda rəssamlığın tarixi lap qədim zamanlardan, Gəmiqaya təsvirlərindən başlayıb, tarixin bütün dövrləri ilə səsləşən intibah mədəniyyətinin, memarlıq məktəbinin təsiri ilə inkişaf edib, diyarımızın təbiət gözəlliklərini öz fırçası ilə tariximizə həkk edən realist rəssamlığın banisi Bəhruz Kəngərli ilə özünün ən qüdrətli dövrünə çatıb. Bu gün isə vaxtilə Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatı kimi fəaliyyətə başlayan Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yarıməsrlik bir sənət tarixi ilə daha da zənginləşir və inkişaf edir. 

Muxtar respublikamızda rəssamlıq sənətinə verilən qiymətin parlaq təzahürüdür ki, Ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş növbəti “Naxçıvan bəşəriyyətin beşiyi” adlı rəsm festivalı keçirilib.  Qeyd edək ki, bu artıq diyarımızda keçirilən V böyük rəsm festivalıdır. 

Mayın 25-də “Saat Meydanı” turistlik istirahət mərkəzində Beynəlxalq Rəsm Festivalında iştirak edən rəssamlar tərəfindən çəkilmiş əsərlərdən ibarət sərgi açılması xəbərini eşitdikdə, mən də sərgidə əsərləri nümayiş olunan rəssamlarla həmsöhbət olmaq, onların Naxçıvanımız haqqında təəssüratlarını eşitmək üçün həmin məkana üz tutdum. Öyrəndim ki, sərgidə 40 rəssamın 44 rəsm əsəri nümayiş olunur.

İlk müsahibim festivalda ilk dəfədir iştirak edən Təranə Seyid oldu. O dedi: “Mən Naxçıvanı tamam başqa cür sevirəm. Çünki buranın tarixi çox qədimdir, bəşəriyyətin əzəli, məncə, bu diyardan başlayır. Festivalda kətan üzərinə qoç heykəl şəkli köçürmüşəm. Ana adına ucaldılan bitkin bir xatirə abidəsi Mömünə Xatın türbəsinin ətrafında rəsm çəkməyimiz bizə unudulmaz anlar yaşatdı. Bir sözlə desək, Naxçıvan o qədər gözəl şəhərdir ki, seyr etməklə doymursan.” Müsahibim yaradılan şəraitin və göstərilən diqqətin təqdirəlayiq olduğunu bildirdi.

Burada olduğum müddətdə bir nəfərin sənətkarlıq nümunələrini xüsusi maraqla seyr etdiyini görüb ona yaxınlaşdım. Türkiyə vətəndaşı Alaaddin Koral ilə söhbətimiz zamanı bildirdi: “Mən ilk dəfədir buraya gəlirəm. Naxçıvan təbiəti, tarixi, coğrafi mövqeyi ilə əhəmiyyətli bir yerdir. Bu gün Saat meydanını gəzməyə gəlmişdim, təsadüfən çox gözəl bir sərgi ilə qarşılaşdım. Bu sənətçilərin heç birini tanımıram, amma onu deyə bilərəm ki, çəkdikləri rəsm əsərləri valehedicidir. Ən çox diqqətimi çəkən məqam isə sənət əsərlərinin hər birində Naxçıvan motivlərinin olmasıdır. Necə deyərlər, sanki bütün rəsmlər də Naxçıvanın melodiyası səslənir. Təbii ki, bu coğrafiyada belə rəsmləri çəkməmək mümkün deyil. Ümumi təəssüratım belədir ki, Naxçıvanda tarixi keçmişə, milli dəyərlərə, ənənələrə böyük qayğı göstərilir və bu yaşadılaraq gənc nəslə ötürülür.”  

Azərbaycan Respublikasının Əməkdar rəssamı Eldar Qurbanov deyir ki, sərgidə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, cənab Vasif Talıbovun iştirak etməsi onları çox sevindirdi: “Bu rəssam əməyinə verilmiş dəyərin parlaq nümunəsidir. Bu, mənim artıq Naxçıvana festival üçün etdiyim IV səfərimdir və hər gəlişimdə xoş təəssüratlarla burdan ayrılıram. Həqiqətən, Naxçıvan insana yaradıcılıq həvəsi  verir. Onun füsunkar gözəlliklərini kətan üzərinə həkk etmək isə bizim üçün böyük xoşbəxtlikdir. Məndə bu festivalın ab-havasını elə çəkdiyim “Festival” əsərində əks etdirdim.” 

Naxçıvan Muxtar Respublikasının Şaxtaxtı kəndində doğulan rəssam, pedaqoq Rəna Məmmədova deyir: “2012-ci ildə mən ilk festival üçün Naxçıvana dəvət edildikdə çox xoşbəxt oldum, 25 ildən sonra doğulduğum torpağa qayıdırdım. Xoşbəxtliyimin həddi-hüdudu yox idi. Gözlərimdə uşaqlıq xatirələrim canlanırdı. Bu xatirələri sərgi üçün çəkdiyim rəsm əsərində də göstərməyə çalışdım. Əsərimdə Mömünə Xatın türbəsi fonunda üç çarşablı qadını təsvir etmişdim. Çünki o dövrdə mən uşaq olarkən analarımız başlarına çarşab bağlayardı. Bundan sonra da keçirilən silsilə festivallarda Naxçıvanda iştirak etməyimiz, bizi bu gözəl yurdun seyrinə tamaşa etməyə, onun əsrarəngiz mənzərələrini yaradıcılığımızda əks etdirməyə imkan verdi. Bu yurda ayaq qoyduğum anda keçirdiyim hissləri dillə ifadə etmək çətin olduğu üçün onu çəkdiyim əsərlərdə göstərməyə çalışıram.”

Əsərində İlandağı təsvir edən rəssam Cavid Məmmədov deyir ki, dağ ucalıq rəmzidir. Və əlavə edir: “Naxçıvan dedikdə, həmişə ağlıma dağların qoynunda, ecazkar təbiət mənzərələri ilə göz oxşayan məkan gəlir. Buranın gözəllikləri bizə sözün həqiqi mənasında yaradıcılıq həvəsi verib. Rəssam üçün yaradıcılığa bir təbəssüm də kifayətdir, o təbəssümü də Naxçıvanın qonaqpərvər insanlarının simasında daim görmək mümkündür. Naxçıvana gəlməyi həm də ona görə sevirəm ki, burada Bəhruz Kəngərli yaradıcılığı ilə daha yaxından tanış olmaq imkanı qazanıram. Biz Bəhruz Kəngərli muzeyində olarkən müşahidə etdik ki, o, çəkdiyi bütün şəkilləri qəlbən çəkib və Naxçıvanın rəssamlıq tarixinə öz adını qızıl hərflərlə yazdırıb. Naxçıvan əsl ədəbi-sənət məktəbi, yaradıcılıq ocağıdır. Hər daşında-qayasında şahidi olduğu tarixin izi var. Bu qədim diyarın gözəlliyi qarşısında söz də aciz qalır, rəng də, fırça da. Naxçıvandan ayrılacağımı düşünəndə çox təəssüflənirəm. Bir daha bura gəlməyi səbirsizliklə gözləyirəm.”

Sərginin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran rəssam Ramina Səadətxan bildirdi ki, belə festivalların keçirilməsi Naxçıvan da rəssamlar üçün yaradılan şəraitin, eyni zamanda sənətə verilən qiymətin  bariz nümunəsidir: “Naxçıvan daha qədim zamanlardan Şərqin mədəni mərkəzlərindən biri kimi şöhrət tapıb. Bu festivalın keçirilməsi əlamətdar hadisədir. Ona görə ki festival ümumilli liderimiz Heydər Əliyevin 98-ci ildönümünə həsr olunub. Heydər Əliyev yolu, Heydər Əliyev şəxsiyyəti gənc nəslə öyrədilir, həmçinin  biz rəssamlara və digər sahələrin əməkdaşlarına çatdırılır. Bunu da nəzərinizə çatdırmaq istərdim ki, gördüklərimdən o qədər təsirlənmişəm ki, buraya bir daha gəlməyi düşünürəm. Nuh peyğəmbərin yenidən həyat verdiyi bəşəriyyətin ilk məskəni olan Naxçıvanın insanları da mənə elə gəlir ki, məhz buna görə istedadlı, yaradıcı, qurucudurlar.”

Qonaqlarımızın yurdumuz haqqında bu cür gözəl fikirlərini, yaxşı təəssüratlarını eşitdikcə mən də xoşbəxt olur, qürur duyurdum. Rəssamlarımızı bu qədim diyarda bir daha görmək, onların xoş təəssüratlarını eşitmək ümidi ilə... 

 

Məcid Əkbərov
Naxçıvan Dövlət Universiteti
“Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: