Xalq yazıçısı Anara
Orta əsrlərdə ortaq ədəbiyyatdan anadilli ədəbiyyata doğru proses genişlənmiş və dərinləşmişdir. Böyük lirika ustadı Yunus Əmrə ortaq ümumtürk ədəbiyyatında keçid proseslərinin reallıqlarını əks etdirən görkəmli sənətkardır. Bu mənada Yunus Əmrənin Türkiyə-Anadolu ədəbiyyatı tarixində olduğu kimi, Azərbaycan poeziyasının inkişafında da özünəməxsus yeri vardır. Xalq yazıçısı Anarın yazdığı kimi - "Yunus Əmrəni Türk ədəbiyyatı tarixindən heç vəchlə çıxarmadan (bu, mümkün də deyil) Azərbaycan ədəbiyyatı tarixinə də qatmaq, onu ona mənsub olan yerdə təsdiq etmək bizim şərəf borcumuzdur".
Yunus Əmrə 1239-cu ildə Anadolunun Sakarya bölgəsindəki Sarıköydə anadan olmuşdur. Əvvəlcə ibtidai mollaxana məktəbində oxumuş, sonra Konyada ali mədrəsə təhsili almışdır. Şeirlərində Konya şəhərinin təsvirlərinə dair cizgilər vardır. Eyni zamanda, şeirindəki düşüncələrdən Yunus Əmrənin islam dinini və hədisləri dərindən öyrəndiyi məlum olur. Konyada təhsil aldığı illərdə Əhməd Qabaqlının yazdığı kimi, "özündən otuz beş, qırx yaş böyük olduğu sanılan Mövlana (Mövlana Cəlaləddin Rumi - İ.H.) ilə görüşdüyü, heç olmazsa, onun məclislərində iştirak etdiyi sezilməkdədir".
Həyatı boyu əsasən əkinçiliklə məşğul olmuş Yunus Əmrə orta səviyyədə ömür sürmüşdür. Ailə qurması haqqında fərqli fikirlər olsa da, daha çox iki dəfə evləndiyi, bir oğlu və bir qızının olduğu güman edilir. Şəhərətrafı bir kənddə və ya "kiçik şəhərdə" uzun ömür yaşamış, həyatını əkinçilik və dərvişliklə keçirmişdir. Hacı Bektaşi Vəli ilə görüşmüş, Tapdıq Əmrə adlı bir şeyxin təliminə rəğbət bəsləmiş, onu özünün mürşüdü saymışdır.
Yunus Əmrə dünyagörüşünü daha da zənginləşdirmək, həm də mənsub olduğu təriqəti təbliğ etmək üçün müxtəlif ölkələrə səfər etmişdir. O, ilk növbədə Anadolu ellərini gəzmiş, ölkəsini yaxından tanımağa çalışmış, şeirlərini və ideyalarını yaymışdır. Bundan başqa, Yunus Əmrə Suriyada - Şamda və İraqda olmuş, hər yerdə hörmətlə qarşılanmışdır. Tədqiqatlarda Yunus Əmrənin şeirlərində işlətdiyi "yuxarı ellər" ifadəsinin "Azərbaycan və Qafqaz ölkələri" olduğu güman edilir.
Təriqət əhli və söz adamı kimi özünəməxsus nüfuz qazanmış Yunus Əmrə 1320-ci ildə dünyasını dəyişmişdir. Şairin harada vəfat etməsi dəqiq məlum deyildir. Türkiyədə on dörd yerdə (Əskişəhər - Sarıköydə, Qaramanda, Bursada, Əmrə Sultan kəndində, Ərzurum - Dutçu kəndində, İspartanın Keçiborlu qəsəbəsində, Aksarayda, Sandıklıda, Ünyedə, Sivas ətrafında və s.), Azərbaycanda isə Qax rayonunun Oncalı kəndində Yunus Əmrəyə aid edilən məzarlar vardır. Bunlardan Əskişəhər - Sarıköydəki və ya Qaramanda - Yunus Əmrə məscidinin yaxınlığındakı məzarlar gerçəkliyə daha yaxın hesab olunur. Azərbaycanda Qax rayonunun Oncalı kəndindəki Oğuz qəbiristanlığında Yunus Əmrəyə aid edilən məzar isə şairin ustadı, tanınmış sufi şeyxi Tapdıq Əmrəyə məxsus olduğu bildirilən qəbirdən bir neçə addım aralıda yerləşir. Görkəmli şəxsiyyətlərin adlarının bu məzarların üzərindəki kitabələrdə yazılması, Əhməd Qabaqlının yazdığı kimi, "dünya şöhrəti qazanmış oğuz-türk şairi Yunus Əmrənin və onun mürşidi, böyük sufi şeyxi Tapdıq Babanın Qax rayonundakı Oğuz qəbiristanlığında qəbri və məqamının olması əzəmətli oğuz-türk sufi şeyxlərinin... Azərbaycanla da sıx bağlılıqlarını göstərir".
XIII-XIV əsrlər türk ədəbiyyatının görkəmli nümayəndəsi olan Yunus Əmrənin yaradıcılığı təxminən üç mindən çox şeiri əhatə edən "Divan"dan və "Risalətün-Nüshiyyə" poemasından ibarətdir. Şeirlərindən bir qismi itmiş, əhəmiyyətli bir hissəsi dövrümüzə qədər gəlib çatmışdır. Yunus Əmrənin yaradıcılığı ədəbiyyatda xalq şeirindən, dastan poetikasından yazılı şeirə doğru inkişaf proseslərini əks etdirən yeni tipli ədəbi hadisədir.
Yunus Əmrənin lirikası, hər şeydən əvvəl, xalq şeirindən qidalanaraq dövrün ədəbi-ictimai gerçəkliklərini və insanlıq dərslərini tərənnüm edən orijinal poetik örnəklərdən ibarətdir. Bu mənada Yunus Əmrə şeiri - "Kitabi-Dədə Qorqud" soylamaları ilə Məhəmməd Füzuli lirikası arasında fərqli zirvədir. Yunus Əmrə şeiri - Dədə Qorqud soylamalarından Qurbaniyə və oradan da Molla Pənah Vaqifin yaradıcılığına doğru gedən təkamül proseslərini əks etdirən mühüm ədəbi-tarixi mərhələdir.
Xalq ədəbiyyatı və xalq ruhu üstündə köklənmiş Yunus Əmrə şeiri orta əsrlər təsəvvüf poeziyasının mükəmməl nümunəsidir. Yunus Əmrənin şeir yaradıcılığı "vəhdəti-vücud" fəlsəfəsi üstündə qurulan və ilahi eşqi tərənnüm edən qüdrət və hikmət poeziyasıdır. O, ilahi eşqi dərvişanə bəzirgan düşüncəsi ilə ilhamla tərənnüm etmişdir. Onun şeirləri sanki səfərdə olan bir dərvişin ilahi varlığa xitabı və müqəddəs qüdrət qarşısındakı öhdəliklərinin vəsfindən ibarətdir:
Mənim burda qərarım yox, mən bura getməyə gəldim.
Bəzirganam, gövhərim çox, alana satmağa gəldim.
Mən gəlmədim dava üçün, mənim işim sevda üçün,
Dostun evi könüllərdir, könüllər yapmağa gəldim.
Heç şübhəsiz, Yunus Əmrənin dünyagörüşündə və yaradıcılığında sufizmin özünəməxsus yeri vardır. Sufizmin şəriət, təriqət, məişət və həqiqət kimi mərhələlərini yaşamaqla mənəvi kamilləşmə prosesi keçirmək və ilahi eşqə qovuşmaq orta əsrlərin digər sufi şairləri kimi Yunus Əmrənin də baxışlarında və şeirlərində mühüm yer tutur. O, dövrünün sufi şeyxi Tapdıq Əmrənin təliminə dərindən yiyələnmiş, böyük sufi şairi Hacı Bayram Vəlinin təcrübəsindən və əsərlərindən öyrənmişdir. Yunus Əmrənin "İçəri" rədifli şeiri onun sufi dərviş ədəbiyyatının sirlərinə dərindən bələd olduğunu və bu ədəbiyyata yaradıcı surətdə yanaşaraq onu daha da inkişaf etdirdiyini nəzərə çarpdırır. Bu mənada "İçəri" rədifli şeiri Yunus Əmrə yaradıcılığında proqram xarakteri daşıyan düşündürücü poetik nümunədir:
Şəriət, təriqət yoldur - varana,
Həqiqət, Mərifət andan içəri,
Məni məndən sorma, məndə deyiləm
Bir mən vardır məndə məndən içəri.
Yunus Əmrə Allah qarşısındakı poetik hesabatını özünün avtoportreti kimi təqdim edir. "Olur" rədifli aşağıdakı şeir Yunus Əmrənin yaşadığı təkamül prosesini də əyani şəkildə əks etdirir:
Haq bir könül verdi mənə, ha demədən heyran olur,
Bir dəm gəlir, şadı qılır, bir dəm gəlir giryan olur.
... Bir dəm gəlir söyləyəməz, bir sözü şərh eyləyəməz,
Bir dəm dilindən dürr tökər, dərdlilərə dərman olur.
Bu qəbildən olan şeirlər ədəbiyyatda əqidə bütövlüyünün tərənnümü və dildə sadəlik baxımından Yunus Əmrədən İmadəddin Nəsimiyə gedən yolun poetik dərsləri kimi səslənir.
Yunus Əmrənin lirikası əruz vəznli şeirin hakim olduğu bir dövrdə heca vəzninə yaxın bir şəkildə, bir çox hallarda isə heca vəznində meydana çıxmış yeni tipli bir poeziya nümunəsidir. Əslində, Yunus Əmrənin əksər şeirləri əruzla heca arasında olub, vəznin inkişafında keçid proseslərini əks etdirən, əruz ünsürlü və heca ağırlıqlı nadir poeziyadır. Türkiyə ədəbiyyat tarixlərində də Yunus Əmrənin şeirləri "əruza uyğunlaşdırılaraq yazılmış, lakin əski türk şeir ənənəsindən qurtara bilmədiyi üçün ...heca vəznli kimi görünən" poetik nümunələr kimi səciyyələndirilir. Haqlı olaraq qeyd edilmişdir ki, Yunus Əmrə "əruzun dilini də türk heca şeirinə yaxınlaşdırmış, özünəməxsus yeni bir şeir qurmuşdur".
Bununla belə, qeyd etmək lazımdır ki, Yunus Əmrənin bir çox şeirləri heca vəzninin tələblərinə tam cavab verir. Hələ XX əsrin əvvəllərində görkəmli ədəbiyyatşünas alim Əmin Abid türk şeirində heca vəzninin "yeni bir çöhrə" qazanmasındakı xidmətlərini yüksək qiymətləndirərək yazmışdır: "Məlum olduğu üzrə VII əsrdə (bizim eranın XIII əsrində - İ.H.) yaşamış böyük şair Yunus Əmrə hecanın bir çox vəznini kullanmışdır. Yunus Əmrəyə qədər zəif və cı-lız bir şəkildə gələn heca onda tamamilə yeni bir çöhrə ərz etdi. Əsərlərində qədim hecanın ibtidai etradı (davam etdirilməsi - İ.H.) hiss olunmaz. Yunus Əmrənin hecası heca ahəngli deyil, misrası ahəngə malikdir. Bundan dolayı, heca rüşdünü Yunusda bulmuş - deyilə bilər. O qədər ki, bu gün Qafqaz və Türkiyə ədəbiyyatında belə Yunusun bundan altı yüz il əvvəlki hecası kimi vəzndə hakimiyyətə çox az təsadüf edilir.
Bədii forma cəhətdən xalq ədəbiyyatına yaxın olduğuna görə Yunus Əmrənin bir çox şeirləri gəraylı janrında yazılmış nümunələr kimi qəbul olunur. Yunus Əmrə "gəraylıları" bəndlərdə misraların sayına və qafiyələnmə quruluşuna görə ənənəvi gəraylılarda olduğu kimidir. Hətta aşıq ədəbiyyatında olduğu kimi, Yunus Əmrə gəraylılarında da möhürbənddə şairin adı da çəkilir.
Yunus Əmrənin gəraylılarını aşıq ədəbiyyatındakı gəraylılardan fərqləndirən əsas xüsusiyyət misralarda əruzla heca əlamətlərinin birlikdə olmasında və bəndlərin sayının çoxluğundadır. Belə ki, şairin əruzla hecanın müştərək işlədilməsi əsasında yazılmış gəraylılarında beş-yeddi bəndlik şeirlər çoxluq təşkil etsə də, on-on beş bənddən təşkil olunan bədii nümunələr də vardır. Bütün bunlar həm də o deməkdir ki, gəraylı janrını ilk dəfə türk yazılı şeirinə Yunus Əmrə gətirmişdir.
Lakin Yunus Əmrənin poetik leksikasında "gəraylı" sözü yoxdur. O, "gəraylı" sözünün yox, gəraylı formasında yazılmış şeirlərin yaradıcısıdır. Yunus Əmrə gəraylı janrına uyğun gələn şeirlərini "ilahilər" adlandırmışdır. Fikrimizcə, "ilahilər" sözü onun şeirlərinin bədii formasına yox, məzmununa aiddir. Belə ki, Yunus Əmrə ilahi eşqin timsalında ulu Tanrını vəsf etmiş və insanın mənəvi cəhətdən kamilləşməklə ilahi haqqa qovuşmaq üçün ömür sərf etməsini zəruri saymışdır. Bu, ədəbiyyatda "Ənəlhəq" anlayışının başlanması və ilkin əsaslarının yaradılması deməkdir. Ona görə də Yunus Əmrədən bəhs etmədən İmadəddin Nəsimidən söz açmaq göydəndüşmə kimi səslənir. Yunus Əmrənin ilahiləri insanın ilahi eşq - Allah qarşısındakı sınağı və hesabatıdır:
O cənnətin irmaqları
Axar Allah deyə-deyə.
Çıxmış İslam bülbülləri,
Ötər Allah deyə-deyə.
... Haqqa aşiq olan kişi,
Axar gözlərindən yaşı,
Nurdan olur içi, dışı,
Söylər Allah deyə-deyə.
Bundan başqa, Yunus Əmrənin məsnəvi formasında yazılmış bəzi şeirləri gəraylı janrına məxsus hər bənddəki misraların qafiyələrindən daxili qafiyələndirmələr kimi istifadə etmək əsasında yaradılmışdır:
Lütf edibən dedi xuda, ümmətinə etmə cəfa,
Bu dəm sənə qıldım əta, bağışladım ümmətini.
... Dərdlilərə verdim dəva, haqq işini qıldım rəva,
Məni sevən səni sevə, bağışladım ümmətini.
Yunus Əmrənin əruzla hecanın qovşağında yazılan, yaxud heca elementləri olan şeirləri təsadüfi olmayıb, bu dövrdə türk-Azərbaycan ədəbiyyatında başlanan proseslərlə əlaqədar meydana çıxmış yeni xüsusiyyət idi. Əvvəla, XIII əsrdə farsdilli poeziyadan anadilli şeirə keçid özünün yeni strukturunu və bədii formalarını doğurmaqda idi. Təxminən həmin dövrdə yaşayıb-yaratmış Qazi Bürhanəddinin (1344-1398) tuyuq janrında şeirlər yazması və şeirlərində hecalaşdırmaya meyl göstərməsi də poeziyada başlanmış eyni prosesin əks-sədası idi. Yunus Əmrənin "ilahilər" adlandırdığı gəraylıları və şeirdə heca vəzninin meydanını bir qədər də genişləndirməsi poeziyada milliləşmə proseslərini sürətləndirmişdir. Qeyd edək ki, hecalaşdırma prosesi XVI əsrdə yazılı poeziyada Şah İsmayıl Xətainin şeirlərində daha dərinləşdirilmiş və nəhayət, əsasən heca vəznində yaranmış Qurbani poeziyası ilə başa çatmışdır.
Əsasən sufi dünyagörüşünün geniş yer aldığı Yunus Əmrə poeziyasında xalq həyatı ilə səsləşən dünyəvi şeirlər də aparıcılıq təşkil edir. XIII əsrdə dini və sufi dünyagörüşün hakim olduğu dövrdə dünyəvi məzmunda da şeirlər yazmaq ədəbiyyatın ideya-məzmunca daha da zənginləşdirilməsinə xidmət edirdi. Yunus Əmrə dini-sufi şeirlərlə dünyəvi poeziyanın vahid məcrada ifadə etməyin əsl nü-munəsini göstərmişdir. Belə ki, o, şeirlərində dini anlayışlardan və sufi rəmzlərindən dünyəvi fikirləri ifadə etmək üçün bacarıqla istifadə etmişdir. Buna görədir ki, poeziyada Yunus Əmrə yolunun "həm aşıq, həm də təsəvvüfi xalq ədəbiyyatının mənşəyini təşkil etməsi" xüsusi olaraq qeyd edilir.
Yunus Əmrənin "Gəl gör məni eşq neylədi" şeiri dini-sufi anlayışlardan da yerli-yerində, yaradıcı şəkildə faydalanmaqla yazılmış dünyəvi şeir örnəyidir. Bu, ümumtürk poeziyasında eşqin tərənnümü mövzusuna həsr olunmuş nadir poetik nümunədir:
Könlüm düşdü bu sevdaya,
Gəl gör məni eşq neylədi!
Başımı verdim qovğaya
Gəl gör məni eşq neylədi!
... Eşqin məni məst elədi,
Aldı könlüm xəst elədi,
Öldürməyə qəsd elədi,
Gəl gör məni eşq neylədi!
Yunus Əmrənin "Salam olsun" şeiri ideya-məzmununa və sənətkarlıq xüsusiyyətlərinə görə ümumtürk şeirinin təkrarsız nümunəsidir. İnsanlıq və əbədiyyət haqqında bundan yüksək bədii-fəlsəfi səviyyədə şeir yazmaq, həmin mövzu barədə fərqli miqyasda düşünmək çətindir. "Salam olsun" şeiri möhtəşəm bir əbədiyyət odasıdır. Təsadüfi deyildir ki, "Salam olsun" şeiri yarandığı XIII əsrdən bu günə qədər türk dünyasında, o cümlədən də, Azərbaycanda dillər əzbəridir. Bir çox hallarda bu şeir el arasında Yunus Əmrədən çox, xalq şeiri nümunəsi kimi qəbul olunur. "Salam olsun" şeiri əbədiyyət qazandığına inanan Yunus Əmrənin müasirlərinə, sonrakı nəsillərə ünvanlanmış ibrətamiz poetik vəsiyyətnaməsidir:
Biz dünyadan gedər olduq,
Qalanlara salam olsun!
Bizim üçün xeyir-dua,
Qılanlara salam olsun!
... Əcəl dura qəsdimizə,
Gedər oluq dostumuza,
Namaz üçün üstümüzə,
Duranlara salam olsun!
Müxtəlif vaxtlarda səfərlərdə olmuş Yunus Əmrənin şeirlərində həmin səfərlərin təəssüratları və izləri öz əksini tapmışdır. "Bu dünya bir gəlindir, yaşıl-qızıl donanmış" kimi misraları onun səfər təəssüratlarına şairanə münasibətinin obrazlı bədii ifadəsidir. Bununla belə, Yunus Əmrə səfərdə olduğu ölkələrdəki ictimai ziddiyyətləri də görmüş, onlardan obyektiv nəticələr çıxarmışdır. O, "yaylalar yaylamaz olmuş, qışlalar qışlamaz olmuş" kimi cəmi bir misrada ifadə olunan dərin məzmunlu fikirlə dövrün ümumi ictimai mənzərəsini canlandırmışdır. Səfər şeirlərindəki gəzib-gör-düyü ölkələrdə rastlaşdığı hadisələrdən aldığı təəssüratlardan doğan bədii ümumiləşdirmələr Yunus Əmrənin yalnız lirika ustadı deyil, həm də yetkin bir mütəfəkkir sənətkar olduğunu nümayiş etdirir:
Təfərrüc eyləyib vardım, sabahın sinləri gördüm,
Qaralmış qara torpağa o nazik tənləri gördüm.
... Yıxılmış sinləri dolmuş, həp evləri xarab olmuş,
Hamı əndişədən qalmış, nə düşvar halları gördüm.
Bir sözlə, haqq aşiqi Yunus Əmrənin ilahi eşqi vəsf edən və zəmanəsinin ictimai mətləblərini mənalandıran şeirləri mühitin mənəvi cəhətdən saflaşdırılması və insanlığın özünüdərk poeziyasıdır. Sadə dildə yazılmış bu dərin fəlsəfi poeziya milli və bəşəri məzmuna malikdir. Türk ruhunun bədii ifadəsi kimi səslənən Yunus Əmrə şeiri geniş mənada ümumtürk miqyasında islami dəyərlərlə insani-mənəvi keyfiyyətlərin birlikdə tərənnüm edilməsinin məcmusundan ibarət olan müdrik sənət nümunəsidir. Bu aqilanə poeziya bütövlükdə insanın şəriətə yiyələnməklə və təriqətdən keçərək mərifət vasitəsilə özünü inkişaf etdirməklə həqiqətə qovuşa bilməsinin poetik təsdiqidir. Bu poeziya kamil insan haqqında Yunus Əmrə konsepsiyasının bənzərsiz bədii ifadəsidir. Yunus Əmrə şeiri insanlığın və əbədiyyətin poeziyasıdır.
Bənzərsiz lirikası ilə şöhrət qazanmış Yunus Əmrə həm də ana dilində poema yaradılması sahəsində də böyük uğur qazanmışdır. Şairin 1307-1308-ci illərdə əruz vəznində, məsnəvi formasında yazdığı "Risalətün - Nüshiyyə" poeması onun əxlaqi-fəlsəfi baxışlarını, dini-tərbiyəvi görüşlərini əks etdirən əhəmiyyətli bir əsərdir. Şair bu əsərində həyatın və cəmiyyətin rəmzlər vasitəsilə mənalandırılmasına dair didaktik fikirlərini meydana qoymuşdur. Yunus Əmrə şeirlərində poetik şəkildə tərənnüm etdiyi ideyaları "Risalətün-Nüshiyyə" poemasında didaktik nəsihətlər və fəlsəfi ideyalar əsasında canlandırmışdır. Bu, dərin mənalı poema Yunus Əmrənin mühitin və insanın ağılla doğru yol tutmasına və inkişaf etməsinə, haqqa qovuşmasına dair çağırışlarını diqqətə çatdırır. Bu, sadə türk dilində şeirlə yazılmış dini və dünyəvi məzmunlu mənzum nəsihət kitabıdır. Bu minvalla "Risalətün-Nüshiyyə" poeması türk ədəbiyyatının nəsihətnamə janrında ana dilində meydana çıxardığı birinci bədii əsər kimi də maraq doğurur. Azərbaycan ədəbiyyatşünaslıq elmində də Yunus Əmrənin "Risalətün-Nüshiyyə" poeması "türk dilində ilk didaktik məsnəvi" olaraq yüksək dəyərləndirilmişdir.
Poemada türk mifoloji düşüncəsində mühüm yer tutan dörd ünsür (od, su, yel və torpaq) haqqında söz açan Yunus Əmrə vəhdəti-vücud fəlsəfəsinin işığında həmin anlayışlardan insan üçün zəruri olan təkamül proseslərini mənalandırmaq məqsədilə məharətlə istifadə etmişdir. Bundan başqa, o, bu əsərində insanın həyatında ağıllı davranışın, nəfsi qorumağın, ədalətli və insaflı olmağın, paxıllıq və lovğalıqdan uzaq durmağın, səbr göstərməyin əhəmiyyətinə dair əxlaqi baxışlarını hikmətamiz kəlamlarla mənalandırmışdır. Yunus Əmrənin bir çox aqilanə fikirləri atalar sözləri kimi səslənir:
Fəda canım sana, ey səbr yiyəsi,
Ki səbr oldu mənim canım qidası.
Kimə səbr olsa, dünyada müyəssər,
Ona Haqq verəsidir mülki digər.
Səbir kimdədirsə, o ərşə sürər,
Ki səbir içrə bulunur dürrülhünər.
Ümumiyyətlə, "Risalətün-Nüshiyyə" poeması Yunus Əmrənin əxlaqi-mənəvi təkamül yolu ilə insanın kamilləşməsinə dərin inamını ifadə və təşviq edən əhəmiyyətli didaktik əsərdir.
Türkiyədə Yunus Əmrənin həyatı və yaradıcılığının tədqiqi və nəşri istiqamətində böyük işlər görülmüşdür. Yunusəmrəşünaslıq türk ədəbiyyatşünaslıq elminin mühüm bir istiqamətini təşkil edir. Tanınmış türk ədəbiyyatşünas alimləri Fuad Köprülü, Əhməd Kabaklı, Faruk Timurtaş, Mustafa Tatçı, Nihad Sami Banarlı, Mehmet Kaplan, Əbdülbaqi Gölpınarlı, ictimai xadim Namik Kamal Zeybək və başqaları Yunus Əmrə haqqında geniş tədqiqat işləri aparmış, şairin əsərlərini dəfələrlə nəşr etdirmişlər. Mustafa Tatçı Yunus Əmrənin divanının elmi-tənqidi mətnini hazırlamışdır. Rusiyada akademik Vladimir Kudelinin "Yunus Əmrənin poeziyası" (Moskva, 1980) və Gürcüstanda akademik Elizbar Cavalidzenin "Türk ədəbiyyatının qaynaqları. Yunus Əmrə" (Tbilisi, 1985) monoqrafiyaları yunusəmrəşünaslığın geniş əhatə dairəsinə malik olduğunu göstərən qiymətli tədqiqat əsərləridir.
Azərbaycanda Yunus Əmrənin həyatı və yaradıcılığı haqqında ilk araşdırmalar XX əsrin əvvəllərində meydana çıxmışdır. İlk dəfə Əmin Abid 1927-ci ildə "Maarif işçisi" jurnalında çap etdirdiyi "Heca vəzninin tarixi" adlı məqaləsində Yunus Əmrənin türk şeirində əruz vəznindən heca vəzninə keçid sahəsindəki xidmətlərindən söz açmışdır. Bundan başqa, Salman Mümtazın 1929-cu ildə "İnqilab və mədəniyyət" jurnalında çap edilmiş "Molla Qasım və Yunus Əmrə" adlı məqaləsində "Əski Osmanlı ədəbiyyatında mühüm bir təsiri və qüvvətli nüfuzu" olan bu böyük türk şairinin Azərbaycan ədəbiyyatı ilə, xüsusən də onun müasiri olmuş azərbaycanlı şair Molla Qasımla əlaqələrindən bəhs etmişdir. Abdulla Şaiqin 1928-ci ildə yazdığı "Ədəbiyyatdan iş kitabı" adlı dərs vəsaitində Yunus Əmrənin yaradıcılığı aşağıdakı kimi xarakterizə olunur: "Yunus Əmrə-nin lisanı oğuzcadır. Bir çox sözləri və ifadə quruluşu azərbaycancaya daha yaxındır. Mənzumələri heca vəzni ilə yazılmışdır. Divanı hürufi-heca etibarilə tərtib olunmuşdur. On iki min misradan ibarətdir".
Həmçinin, Xalq yazıçısı Anar, Xalq şairi Bəxtiyar Vahabzadə, ədəbiyyatşünas və dilçi alimlərdən Bəkir Nəbiyev, Tofiq Hacıyev, Azadə Rüstəmova, Qara Namazov, Yusif Seyidov, Əlövsət Abdullayev, Mürsəl Mürsəlov, Kamil Vəli Nərimanoğlu, Almaz Ülvi Binnətova, Cəlal Məmmədov, Füzuli Bayat, Mahirə Quliyeva, Arif Məmmədov, Xuraman Hümmətova, Fəridə Vəliyeva (Hicran), Səadət Şıxıyeva və başqaları Yunus Əmrə haqqında araşdırmalar aparmış, barəsində kitablar və məqalələr çap etdirmişlər. Xuraman Hümmətova 1998-ci ildə "Yunus Əmrənin lirikası" mövzusunda filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmiş və "Yunus Əmrə" adlı monoqrafiyasını elmi ictimaiyyətə çatdırmışdır.
Azərbaycanda "Yunus Əmrədən Məhəmməd Füzuliyə insan sevgisi" (10 iyun 2010-cu il) və "Yaşayan Yunus Əmrə" (9 dekabr 2013-cü il) mövzularında keçirilmiş beynəlxalq elmi konfranslar müstəqillik dövründə Yunus Əmrənin həyatı və yaradıcılığının yenidən tədqiqi və təbliğini diqqət mərkəzinə çəkmişdir.
Yunus Əmrənin ədəbi irsinin nəşri sahəsində də ölkəmizdə mühüm addımlar atılmışdır. İlk dəfə Salman Mümtaz 1928-ci ildə çap etdirdiyi "El şairləri" adlı folklor antologiyasında Yunus Əmrənin şeirlərini Azərbaycan oxucusuna təqdim etmişdir.
Yunus Əmrənin əsərləri müxtəlif vaxtlarda Azərbaycanda ("İki zirvə" (tərtib edən: Məmməd Aslan, ön sözün müəllifi: Bəxtiyar Vahabzadə - 1982), "Güldəstə" (tərtib edən: Müzəffər Şükür, ön söz: Namiq Kamal Zeybək - 1992), "Divan" (2004), "Əsərləri" (tərtib edən: Cəlal Bəydili (Məmmədov) 2004, 2009) kitab halında nəşr olunmuşdur. Xalq yazıçısı Anarın tərtib edib, müqəddimə ilə birlikdə çap etdirdiyi "Min beş yüz ilin Oğuz şeiri" antologiyasında (1999) da Yunus Əmrənin şeirlərinə geniş yer ayrılmışdır.
Dünya ədəbiyyatında özünəməxsus yeri olan böyük şair və mütəfəkkir Yunus Əmrənin yaradıcılıq ənənələri özündən sonrakı dövrlərdə ümumtürk ədəbi-ictimai fikrinin inkişafına təsir göstərmişdir. Xüsusən, aşıq ədəbiyyatının və ümumiyyətlə heca vəznli şeirin inkişafında Yunus Əmrənin adı ilə bağlı olan şeir-sənət ənənələri mühüm rol oynamışdır. Sufi şairlər və ustad aşıqlar Yunus Əmrənin şəxsiyyətinə və sənətinə rəğbət bəsləmiş, onun irsindən yaradıcı şəkildə faydalanmışlar.
YUNESKO-nun 1991-ci ili "Yunus Əmrə sevgi ili" elan etməsi və bu münasibətlə dünyanın müxtəlif ölkələrində geniş miqyaslı ədəbi-mədəni tədbirlərin keçirilməsi böyük şairə dünya şöhrəti qazandırmışdır.
Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun "Yunus Əmrə dastanı" poeması haqq aşiqi Yunus Əmrəyə sözdən ucaldılmış ədəbi abidədir:
Səni gördüm - dili xeyir-dualı,
Səni gördüm qədəmləri sayalı.
Səni gördüm - əli dəmir əsalı,
Səni gördüm ərənlərin misalı.
... Səni gördüm - ucaların ucası,
Səni gördüm - Qoca Şərqin qocası.
Səni gördüm - Xorasanın dərvişi,
Səni gördüm - görə bilməz hər kişi.
Yunus Əmrənin sənət idealları bütün dövrlərin və zamanların haqq və insanlıq çağırışları kimi səslənir. Böyük şairin əsərləri "Süleymana qalmayan dünya kimsəyə qalmaz" zərb-məsəlinin işığında insanlığı daim xeyir əməllər sahibi olmağa, birliyə, mərhəmətə, sevərək yaşamağa və yaşatmağa dəvət edir.
Haqq aşiqi Yunus Əmrənin aşağıdakı misraları həmişə müasir səslənən əbədiyaşar hikmətamiz kəlamlardır:
Gəlin dostlar bir olalım,
İşi kolay qılalım.
Sevəlim, seviləlim,
Dünya kimsəyə qalmaz.
Göründüyü kimi, Yunus Əmrə ölməz şeirləri və sənət idealları ilə əbədiyyət qazanmış qüdrətli sənətkar və böyük mütəfəkkirdir. Onun dərin məzmunlu, sadə və müdrik poeziyası orta əsrlər ədəbiyyatında türk-oğuz mövqeyinin möhkəmlədirilməsinə və əruzdan hecaya keçidin baş verməsinə qüvvətli təkan vermişdir.
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci ildə elan olunmuş "Yunus Əmrə ili" qardaşlıq duyğuları ilə Azərbaycanda da geniş şəkildə qeyd edilir.
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru,
akademik, Milli Məclisin deputatı
"525-ci qəzet"