Magistrantların XII Regional Elmi konfransı keçirildi

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanın hər üç ali təhsil ocağının magistrantlarının birgə keçirilən konfransında ixtisaslı kadrların hazırlanmasında magistr pilləsinin mühüm əhəmiyyətindən danışan NDU-nun rektoru Elbrus İsayev universitetin magistraturasını bitirən məzunların muxtar respublikanın təhsil sahəsinə mühüm töhfələr verdiyini vurğulayıb. Ali təhsil ocağında magistr hazırlığı sahəsində görülən işlərdən danışan rektor magistrantların hazırlanması sahəsində ciddi işlərin həyata keçirildiyini diqqətə çəkib. Qeyd olunub ki, universitetdə növbəti tədris ilindən magistr dissertasiyalarının xüsusi proqram vasitəsilə yoxlanılması həyata keçiriləcək. Hazırda universitetin Magistratura təhsil səviyyəsində I kurslarda  64 ixtisaslaşma  üzrə 204 nəfər, II kurslarda isə 47 ixtisaslaşma  üzrə 144 magistrant təhsil alır. Bu il keçirilən magistraturaya qəbulun nəticələrinə görə bakalavr mərhələsini bitirən məzunların 187 nəfəri imtahanda iştirak edib, bunlardan 158 nəfəri müsabiqə şərtlərini ödəyiblər.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ali təhsil sistemində magistr pilləsinin əhəmiyyətindən danışıb. Alim elmi-tədqiqat işlərinin daha da geniş vüsət alması üçün magistratura təhsilini başa vuran məzunların akademiyada fəaliyyət göstərməyi üçün yaradılan şəraiti diqqətə çatdırıb.

Təhsilin və elmin qarşısında duran əsas vəzifənin yüksək ixtisaslı kadrlar hazırlamaq olduğunu vurğulayan  Naxçıvan Müəllimlər İnstitunun rektoru Azad Novruzov institutda 5 pedaqoji ixtisas üzrə magistr hazırlandığını, “Naxçıvan”  Universitetinin rektoru Nurlana Əliyeva isə universitetdə 8 ixtisas üzrə magistr hazırlığı həyata keçirildiyini diqqətə çatdırıb.

Sonda Naxçıvan Dövlət Universitetində  I kurs magistrantlarının müxtəlif musiqi alətlərində ifaları təqdim edilib.

Qeyd edək ki, Magistrantların XII Regional konfransında Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, “Naxçıvan” Universitetinin, İqtisad Universitetinin, “Azərbaycan” Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və AMEA Botanika İnstitutunun magistrantları 12 bölmədə 208 məqalə ilə məruzə ediblər.

Fəxriyyə Səyyadova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: