Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib - FOTOLAR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə təşkil olunan görüş Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində baş tutub.
Görüşdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Təhsil naziri Rəhman Məmmədov və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova uşaqları təbrik edib, onlara göstərilən hərtərəfli diqqət və qayğıdan danışıblar.
Sonda 15 sağlamlıq imkanları məhdud uşağa hədiyyələr təqdim olunub.
1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Ordubad Şəhər tam orta internat məktəbində də görüş keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova şagirləri əlamətdar gün münasibəti ilə uşaqları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
Ordubad Şəhər tam orta internat məktəbin şagirdi Yunis İsmayılov çıxış edərək şagirdlər adından minnətdarlıq edib.
Tədbirdə hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, tək valideyn himayəsində yaşayan və aztəminatlı ailələrdən olan 41 uşağa hədiyyə və şirniyyat bağlamaları təqdim edilib.