“Əyləncə adası”nda sağlamlıq imkanları məhdud uşaqlar üçün əyləncəli tədbir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 1 İyun-Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təşkil olunan tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər Fondunun və “Cahan Holdinq ”Kommersiya Şirkətlər İttifaqının birgə təşkilatçılığı, sosial könüllülərin iştirakı ilə baş tutub.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev uşaqları təbrik ediblər. Vurğulayıblar ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə inteqrasiyası üçün mühüm tədbirlər reallaşdırılır.
Çay süfrəsi ətrafında keçirilən tədbirin bədii hissəsində sağlamlıq imkanları məhdud istedadlı uşaqlardan ibarət musiqi qrupunun və əlilliyi olan şəxslərdən ibarət “İnam” musiqi qrupunun ifaları dinlənilib, sosial könüllülər və uşaqlar tərəfindən hazırlanan rəqs nömrələri və səhnəciklər nümayiş olunub.
Tədbir müxtəlif əyləncəli oyunlarla və “Əyləncə Adası”nda uşaqların gəzintisi ilə davam etdirilib. Sonda fərqlənən uşaqlar sosial könüllülərlə birgə hədiyyə və fəxri fərmanlarla təltif olunublar. Həmçinin eyni kateqoriyadan olan istedadlı uşaqlar tərəfindən hazırlanmış əl işlərinin sərgisi də təşkil olunub.
Adilə Səfərova