Bu günün məsumiyyət çiçəkləri- gələcəyin ulu çinarları

A- A A+

İxtiyari insana ən xoşbəxt zamanları haqqında sual verdikdə gözlərində dərin bir qığılcım, məsum bir təbəssümlə uşaqlıq illəri haqqında danışmağa başlayır. Hər bir insan doğulur, böyüyür və həyatını sona çatdırır. Doğulmaq və ölmək arasındakı dövrdə insanda həm ruhi, həm də fiziki dəyişikliklər baş verir. Hər bir binanın bünövrəsi olduğu kimi, həyatboyu müxtəlif dəyişikliklərdən keçdiyimiz prosesin də təməl daşı uşaqlığımızdır. Uşaqlıq dövrü bizim bəlkə ən müdafiəsiz, bəlkə də ən güclü olduğumuz zamanlardır. Uşaqlıq illəri insan xarakterinin ilkin toxumlarının cücərməyə başladığı, münasibətlərin təməlinin qoyulduğu, gələcək həyatın başlanğıc nöqtəsi hesab edildiyi üçün 1924 -cü ildə ilk dəfə olaraq uşaqların hüquqlarını təmin edən bəyannamədə deyilən  "bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin" ifadəsinə uyğun olaraq istər dövlət qayğısı, istərsə də valideyn diqqəti daim həmin dövrə nəzarət etməlidir. “Uşaqların  ac qarınlarını və zehinlərini doyurduğumuz kimi ruhlarını da bəsləməliyik” deyən Mişel Marşal bəlkə də ən önəmli nüanslardan birinə diqqət çəkibdir.

Uşaqlar cəmiyyətin aynasıdır deyirlər, bir yerdə ki körpələr xoşbəxt böyüyür, o yerin rifahına şübhə etmək qeyri-mümkündür. Bu fikirdən yola çıxaraq əksər ölkələrdə olduğu kimi, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycanda da xüsusi təmtəraqla qeyd olunur. Uşaqlar özlərini fiziki və əqli cəhətdən tam müdafiə edə bilmədiyi üçün onlara dəstək olmaq, yardım əli uzatmaq bütün dövlətlərin ümumi vəzifəsi olsa da, istər 1-ci, istərsə də 2-ci Qarabağ müharibəsində zərərçəkmiş körpələrə, Xocalıda mənfur düşmənin girinə keçərək minbir əziyyətlə öldürülən, qaçıb canını qurtardığını sanarkən qarın altında donmuş balaca bədənləri tapılan, Bərdədə, Gəncədə, Tərtərdə bomba və güllə zərbələrinə məruz qalan körpələrin taleyi həll olunarkən biz beynəlxalq uşaqları “müdafiə edən” təşkilatlardan bir dəstək görmədik. Uşaqların yanında olan yenə Azərbaycan dövləti və xalqı oldu.

Ümid edirik ki, bu gün üçün müdafiəsi beynəlxalq səviyyədə yalnız sənədlər üzərində həyata keçirilən, hüquqları bəyannamənin ardıcıl maddələri üzrə “qorunan” gələcəyimizin indiki fidanları-balaca bədənlərində böyük ruhlar, yüksək intellekt və bir dünya gəzdirən uşaqlarımızın taleyi yalnız dünya təşkilatlarının ümidinə qalmayacaq və onların həm fiziki, həm mənəvi inkişafı üçün daha sağlam addımlar atılacaqdır.

Yazımı uşaqlara müraciətlə sonlandırmaq istəyirəm.

Əziz uşaqlar, dünyadakı bütün illər, illərdəki bütün aylar, aylardakı bütün günlər sizindir. Sizin qorunmaq üçün xüsusi günə ehtiyacınız olmasa da, biz böyüklərin sevgisinə və qayğısına daim ehtiyacınız vardır.

Gözəl uşaqlar, dürüstlüyünüz, səmimiyyətiniz, əngin təxəyyülünüz, sevgi ilə atan qəlbiniz və saf ruhunuzla birlikdə  sizlər bizim xəyallarımızı, planlarımızı gerçəyə çevirə biləcək yeganə super qəhrəmanlarsınız. Üzünüzdəki bu məsum təbəssümü, yaşam sevincini, ümidləri heç zaman itirməyərək, bizə həyatın bütün çətinliklərə baxmayaraq davam etdiyini, yaşamaq üçün hələ də çox səbəbin var olduğunu xatırlatdığınız üçün sizə minnətdarıq. Aranızda olan çox hörmətli şəhidlərimizin övladları başda olmaqla hamınızı təbrik edir, sizə xəyallarınızdakından qat-qat gözəl bir dünyada yaşamağı, böyüməyi arzu edirik. Bayramınız mübarək, bu günün məsumiyyət çiçəkləri-gələcəyin ulu çinarları olan əziz körpələrimiz.

Çilənay Ələkbərova

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: