Bu yaz bir başqa cür gəldi yurdumuza. Öz hərarəti, öz sevinci, qüruru ilə elimizi, obamızı sevindirdi. İnsanlar yaza yeni ümidlərlə, istəklərlə daxil oldular. Bu il bütün Azərbaycan xalqı üçün yeni bir dönəmin başlanğıcı oldu. İnsanlar yeni ilə yeni arzular, ümidlər, düşüncələrlə addımladılar. Çünki bu il əbədi və əzəli torpağımız olan Qarabağımıza qovuşduq, nisgilli arzularımız çin oldu. Bizim üçün sevindirici olan bu qələbə tarixə silinməyəcək mürəkkəblə yazıldı. Biz inanırıq ki, yaxın gələcəkdə dövlətimizin iqtisadi qüdrəti sayəsində Qarabağımız digər bölgələrimiz kimi çiçəklənən diyara çevriləcək. İxtisasından asılı olmayaraq hər kəs o torpaqlarda sırf vətəndaşlıq mövqeyi naminə fəaliyyət göstərəcək. Kimisi müəllim, kimisi həkim, kimisi jurnalist, kimisi usta, bənna olaraq mənfur düşmənin viran qoyduğu izlərə məlhəm olacaq. Yeni arzularla, ümidlərlə, düşüncələrlə girdiyimiz bu yaz inanırıq ki, hər kəs üçün xeyirli və bərəkətli olacaq.
Bu yaz bir başqa yazdır, çiçəklər daha gözəl, daha ətirlidir. Sanki zəfərin sevincini duyur, daha təravətli açırlar. Bu yaz bir başqa yazdır, sanki günəş bu il daha qızmar, daha parlaq şüalarını yayır. Şanlı zəfərin sorağını alan günəş istisi ilə müqəddəs torpaqları isidir, bərəkətləndirir. Bu yaz, bir başqa yazdır, külək daha sərt, daha məğrur əsir. Sanki Qarabağın, xarıbülbülün ətrini bizə çatdırmaq istəyir. Bu yaz, bir başqa yazdır, yağış daha gur yağır, Azərbaycanın əbədi yurdu olan Qarabağdan mənfur düşmənin izini, tozunu yuyub aparır, torpağa yeni can, bərəkət verir. Bu yaz, bir başqa yazdır, ildırım daha sərt çaxır. Sanki bütün dünyaya “Qarabağ Azərbaycandır!” deyə hayqırır.
Təbii ki, uğur asan və bədəlsiz qazanılmır. Bu yolda neçə-neçə oğullar şəhidlik zirvəsinə yüksəldilər. Onlar vətənin, gözü yaşlı Qarabağ sakinlərinin, qanı torpağa qarışan igid oğullarımızın və amansızlıqla qətlə yetirilən dinc sakinlərin intiqamını alaraq bu müqəddəs zirvəyə çatdılar. Şəhidlik məqamına yüksələn bu cəsur igidlərimiz bizi Qarabağlı günlərimizə geri qaytardılar. Vətəni öz canlarından artıq sevən mərd oğullar canlarını vətən yolunda sipər etdilər. Geridə gözü yaşlı, analarını, bacılarını, atasız yaşayacaq övladlarını və ömür-gün yoldaşlarını qoyaraq ən uca və ali zirvəni – Şəhidlik məqamını seçdilər. Öz müqəddəs ölümləriylə əzizlərinə məğrur, alnıaçıq olmağı miras qoydular. Çünki onlar qeyrət və qürurla dolu ali bir mərtəbəyə ucaldılar. Elə məhz bu düşüncələr anaların bağrını sərinlədir, yanan alovun közü sinələrində dağ yaratmır.
Etibar Dərbəndəliyev
Naxçıvan Dövlət Universiteti
“Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi