Şərur “Aqrotexservis” Səhmdar Cəmiyyətində keçirilən taktiki-xüsusi təlim başa çatıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi tərəfindən Şərur “Aqrotexservis” Səhmdar Cəmiyyətində baş verə biləcək yanğınların qarşısının alınması və söndürülməsi, zərərçəkmiş insanların axtarışı və xilasedilməsi mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, təlimin nəzəri hissəsində Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovniki Ehtiram Məmmədov təlimə cəlb edilən şəxsi heyətə taktiki-xüsusi təlimin keçirilməsinin əsas məqsədi haqqında məlumat verib. Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Zamiq Məmmədov “Aqrotexservis” Səhmdar Cəmiyyətində keçiriləcək taktiki xüsusi təlimin sxemi, planı və təlim nöqtələri haqqında danışıb. Sonra təlim planına uyğun olaraq birinci mərhələdə cəmiyyətdə şərti olaraq baş vermiş yanğınların söndürülməsi üzrə komandir-rəis heyətinin mürəkkəb şəraitlərdə yanğınların söndürülməsi üzrə yerinə yetirəcəkləri qərarları dinlənilib.
Praktiki hissədə 6 tədris yerindən ibarət olmaqla, təlimin ikinci mərhələsində isə taxıl emalı müəssisəsilərində, taxıl saxlanılan anbarlarda, kənd təsərrüfatı texnikalarının təmiri servislərində şərti olaraq baş vermiş yanğınların qarşısının alınması və söndürülməsinə həsr olunub. Bundan başqa, yanğın zonasından işçilərin və texnikaların təxliyə edilməsinə, xəsarət alanların xilas edilməsi və onlara ilk tibbi yardımın göstərilməsinə, yanğın zamanı işçilərin tüstüdən və digər zəhərli qazlardan qorunmasına, taxıl emalı müəssisəsində yarana biləcək kiçik yanğınların ilkin yanğınsöndürmə vasitələri ilə söndürülməsi işinin təşkilinə xüsusi diqqət yetirilib.
Təlim zamanı müəssisənin rəhbər heyətinin və işçilərin yarana biləcək hadisənin qiymətləndirilməsi və qərar qəbuletmə bacarığı təkmilləşdirilib, Fövqəladə Hallar Nazirliyinin “112” və “101” xidmətləri ilə qarşılıqlı əlaqədə yanğınlara çevik reaksiya verilməsi sualları məşq etdirilib.
Təlimə Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsindən 1 ədəd MAN və 1 ədəd “Kamaz” markalı yanğınsöndürmə avtomobili, Kəngərli Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsindən 1 ədəd “Kamaz” markalı yanğınsöndürmə avtomobili, ümumilikdə, 25 nəfər şəxsi heyət, “Aqrotexservis” Səhmdar Cəmiyyətindən cavabdeh vəzifəli şəxsləri cəlb ediliblər.
Təlim təhlükəsizlik qaydalarına tam əməl edilməklə başa çatdırılıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Zamiq Məmmədov qeyd edib ki, şəxsi heyətin döyüş, peşə və fiziki hazırlığının artırılması baxımından bu kimi təlimlərin rayon ərazisində fəaliyyət göstərən mühüm əhəmiyyətli obyektlərdə keçirilməsi planlı şəkildə davam etdiriləcək.