Sosial qayğıya ehtiyacı olanlara növbəti aktivlər təqdim olunub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində sosial qayğıya ehtiyacı olan ailələrə və əlilliyi olan şəxslərə növbəti aktivlər təqdim olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Nazirlik tərəfindən həyata keçirilmiş özünüməşğulluq tədbirləri çərçivəsində muxtar respublika üzrə daha 28 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 13 nəfərin hər birinə 2 baş iribuynuzlu, 7 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 4 nəfərə mini yerşumlayan aqreqat, 3 nəfərə 10 arı ailəsi, 1 nəfərə isə mini otbiçən verilib. Özünüməşğulluğu təmin edilmiş şəxslərdən 4 nəfərini şəhid ailəsi, 2 nəfərini müharibə veteranı, 2 nəfərini isə gənclər təşkil edib. Eyni zamanda təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə 1 nəfər həvəsləndirmə tədbirlərinə cəlb edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” sosial qayğıya ehtiyacı olan ailələrin, habelə məhdud fiziki imkanlı şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrinin icrasına əlverişli zəmin yaradıb.
Xosrov İbrahimov