Muxtar respublikada 7390 qadın sahibkarlıq fəaliyyəti ilə məşğuldur

A- A A+

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” adlı layihənin icrasına başlanılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, layihə çərçivəsində keçirilən təlimdə 14 qadın iştirak edib.

Naxçıvanda dövlət qadın siyasətinin uğurla həyata keçirildiyini bildirən  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qeyd edib ki, hazırda muxtar respublikada ümumilikdə 7390 qadın sahibkarlıq fəaliyyəti ilə məşğuldur. “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində öz biznes planı ilə fərqlənən 102 qadına 69 min 250 manat məbləğində sərmayə kapitalı verilib. Bu da muxtar respublikada ailə təsərrüfatlarının inkişafına, onların ailə və bizneslərində maliyyə idarəetməsi üzrə bilik və bacarıqlarının inkişafına təkan verməklə yanaşı, həm də yeni ailə təsərrüfatlarının formalaşmasına şərait yaradıb.

Ramilə Seyidova bildirib ki, Komitə tərəfindən icra olunan “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” adlı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində “Gələcəyini Planlaşdır” və “Sahibkar ol!” təlimlərinin keçirilməsi nəzərdə tutulub.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova layihə çərçivəsində keçiriləcək təlimlərin qadınların maliyyə savadlılığı ilə bağlı bilik və bacarıqlarının artmasına, onların gələcək bizneslərinin inkişafına əhəmiyyətli təsir göstərəcəyinə əminliyini bildirib.

Sonra layihə rəhbəri maliyyə savadlılığı üzrə “Gələcəyini Planlaşdır” təliminə start verib. Təlimdə qadınlara pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırılması, borc idarəetmə üsulları, mövsümi xərclərin idarəedilməsi, qənaət vərdişləri və digər bacarıqlarla bağlı geniş spektrli təlim imkanları yaratmaqla, onların iqtisadi səlahiyyətlərinin artırılması və maliyyə müstəqilliyinin təmin edilməsi haqqında məlumat verib.

Təlim kurslarını müvəffəqiyyətlə bitirdiyinə görə 14 qadın iştirakçıya sertifikat təqdim edilib.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: