Naxçıvan Muxtar Respublikasında təbiətin mühafizəsi

A- A A+

5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür

Bizi əhatə edən ekoloji mühit nə qədər sağlam və yararlı olarsa biz də fərd və cəmiyyət olaraq bir o qədər sağlam və güvənli olarıq. XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar.

Zaman-zaman alimlərimiz təbiətin qorunması ilə bağlı lazımı tövsiyələrini vermişdirlər. Belə ziyalılarımızdan biri də Akademik Həsən Əliyevdir. O, deyirdi: “Təbiəti qorumaq, həyatı qorumaq deməkdir”. Həsən Əliyev görkəmli torpaqşünas, ümumi əkinçilik və təbiəti mühafizə üzrə alim olmuşdur. Böyük alimimiz meşə torpaqlarının coğrafiyasını, torpaq xəritəsini, Beynəlxalq bioloji proqramını hazırlamış, ətraf mühitin qorunması, su və torpaq ehtiyatlarından səmərəli istifadə proqnozlarını işləmişdir. Həmin elmi işlərindən birində də ekologiya mövzusuna xüsusi önəm vermişdir.

Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdı.

5 iyun 1972-ci il tarixində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olub. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar 5 iyunun “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunmasına qərar verib və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanıb.

Naxçıvan Muxtar Respublikasında hər il 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir.

Bununla yanaşı, 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində ali təhsil müəssisələrində təhsil alan tələbələrin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə ali təhsil müəssisələrinin tələbə və müəllim kollektivi ilə görüşlər keçirilmişdir. Bu görüşlərdə dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənc nəslin fəal rolundan danışılaraq, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının zəruriliyi diqqətə çatdırılmışdır.

Keçirilən tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır.

Təbiətin qorunmasının xalqın həyatında olduqca böyük iqtisadi, elmi, mədəni, ictimai və siyasi əhəmiyyəti vardır.

Hər bir ölkənin təbii sərvətləri xalq təssərüfatının əsasını təşkil edir. Xalq təsərrüfatının müntəzəm surətdə inkişaf etdirilməsi üçün təbii ehtiyatlar qorunmalı və bunlardan səmərəli istifadə edilməlidir. İnsanların həyatı və maddi rifah halı, sağlamlığı təbii sərvətlərlə sıx bağldır.

Elmi-texniki tərəqqi əsrində təbiətə münasibət məsələsi bütün bəşəriyyəti düşündürən mühüm məsələdir. Elmi-texniki tərəqqi insanın xarici mühitə, təbiətə marağını get-gedə artırır. İnsan təbiətdən elə istifadə etməlidir ki, onun ahəngi pozulmasın, gözəlliyi itməsin, sərvətləri tükənməsin, bunlar gələcək nəsillər üçün də qalsın.

Ətraf mühütin mühafizəsi məsələlərindən biri də yaşıllıqların artırılmasıdır. Şəhər və kəndlərdə yaşıllıqların sahəsi ildən-ilə genişləndirilir, lakin bu yaşıllıqların həcmi hər il yeni ağac və kolların əkilməsi hesabına artırılmalıdır. Ağac əkmək, meşə və yaşıllıq salmaq işin ancaq başlanğıcıdır. Bunun üçün əkilmiş ağac və kollar diqqətlə becərilməli, vaxtında suvarılmalı və qorunmalıdır. Yaşıllaşdırma işlərində bütün əhali yaxından iştirak etməli və yaşıllıqlara qayğı göstərməlidir.

Təbii sərvətlər xalqın malıdır. Ona görə də onun qayğı ilə qorunmasını xalq təşkil etməlidir. Təbii zənginliyi və bitki aləmini qorumaq üçün verilmiş qanunların icrasında bütün ictimaiyyət iştirak etməlidir.

Qeyd edək ki, 1990-cı illərdə muxtar respublikada yaşıl örtük sahəsi ümumi ərazinin 0,5  faizini təşkil edirdi. Lakin ötən dövrdə həyata keçirilən yaşıllaşdırma tədbirlərinin nəticəsidir ki, bu gün yaşıllıqlar muxtar respublika ərazisinin 20 faizindən çox hissəsini təşkil edir. Bununla yanaşı muxtar respublika ərazisinin 27 faizi xüsusi mühafizə olunur, nadir ağac və bitki növləri qorunur, mütəmadi yaşıllaşdırma tədbirləri həyata keçirilir.

Muxtar respublika ərazisində ­təbii­-iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir. Meşələrin qorunması ilə yanaşı, yeni yaşıllıqların salınması istiqamətində də mühüm işlər görülür. Bu tədbirlərin əsası ulu ­öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulmuşdur. Həmin illərdə blokada çətinliklərinə baxmayaraq Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində muxtar respublikada iməciliklərin keçirilməsinə başlanılmış, təbiətin, yaşıllığın qorunması və bərpası işlərinə diqqət artırılmışdır. Son illər muxtar respublikada yaşıllıqların sahəsi xeyli dərəcədə artmışdır.

Naxçıvan Muxtar Respublikanın coğrafi mövqeyi, relyefi, təbii-iqlim və torpaq xüsusiyyətləri, təbii su potensialı nəzərə alınaraq ən mühüm ekoloji tədbir kimi yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirlərinə daim diqqət yetirilir, xüsusi mühafizə olunan təbiət obyektləri yaradılır. Qeyd edək ki, ötən illərdə görülən işlər sayəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin coğrafiyası xeyli genişlənmişdir. 1969-cu ildə Ordubad Dövlət Təbiət Yasaqlığı, 2003-cü ildə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı və Şahbuz Dövlət Təbiət Qoruğu, 2005-ci ildə “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu ildə “Arpa­çay” Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Bundan başqa, ölkə başçısının 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması təbiəti mühafizə ilə yanaşı, eko­turizmin inkişafına da geniş imkanlar açmışdır.

Naxçıvan təbiətinin zənginliyi burada nadir bitki və heyvan növlərinin mövcudluğuna imkan verir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, ekoloji maarifləndirmə tədbirlərinin keçirilməsi muxtar respublikanın fauna və flora müxtəlifliyinin qorunmasına və zənginləşdirilməsinə öz müsbət təsirini göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı kitab” çap edilmişdir. Xüsusi gözəlliyi ilə seçilən təbiət guşələri, yüzillik yaşı olan ağaclar, şəlalələr, mağaralar, elmi, təcrübi, tarixi əhəmiyyətə malik olan obyektlər, təbiət kompleksləri təbiət abidələri kimi qeydiyyata alınaraq pasportlaşdırılmışdır. Müasir dünyamızda turizmin ən çox inkişaf sahəsi olan ekoturizmin və kənd yaşıl turizmin əsasını da məhz bu təbii zənginliklər təşkil edir. Bu baxımdan təbiət abidələrinin qorunması həm də mühüm iqtisadi əhəmiyyətə malikdir.

Ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin mühüm rolu vardır. Ona görə də muxtar respublikada insanların ətraf mühit və ekoloji təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ətraf mühitin birgə mühafizəsinə cəlb olunması diqqət mərkəzində saxlanılır, bu məqsədlə ardıcıl tədbirlər görülür.

Bunun bariz nümunəsidir ki, 2003-cü ildə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun fəaliyyətə başlaması Naxçıvan Muxtar Respublikasının ibtidai və ali bitkilərinin, həmçinin göbələklər aləminin, torpaq ehtiyatının öyrənilməsi üçün əlverişli şərait yaratdı. Bu dövr ərzində İnstitut əməkdaşlarının elmi fəaliyyəti nəticəsində muxtar respublika florasına, faunasına, mikobiotasına aid elmi əsərlər nəşr olundu, onların qorunması və səmərəli istifadəsi üçün təkliflər irəli sürüldü.

Azərbaycanın təbiəti son dərəcə mənzərəli və rəngarəngdir. Respublikamızın çox zəngin bitki və heyvanlar aləmi vardır. Ərazidə yayılan bitkilərə suda, quruda, dağların hündür qayalıqlarında, quru çöllüklərdə, isti su mənbələrində və s. rast gəlmək mümkündür.

Bitkilərin təbiətdə və insan həyatında əhəmiyyəti çox böyükdür. Yaşıl bitkilər təbiətdə həyatın əsasını təşkil edir. Onlar bütün canlıların tənəffüsü üçün lazım olan oksigenin havadakı ehtiyatını daim bərpa edir.

Bitkilər insanları nəinki tənəffüs üçün lazım olan oksigenlə, həm də müxtəlif məhsullarla təmin edir. Bitkilərdən alınan məhsullar içərisində nişasta, şəkər, zülal, bitki yağları, vitaminlər, kaucuk, lif, kağız, efir yağları, aşı maddələri, boyaqlar, dərmanlar, çay, qəhvə, kakao, şərab, meyvə, tərəvəz və sairəni göstərmək olar. Hətta ət, süd, yağ,  pendir, bal, yumurta, ipək, yun, dəri və s. kimi heyvandarlıq məhsulları müəyyən mənada bitki məhsullarıdır. Belə halda heyvanlar bitkilərlə insanlar arasında  vasitəçi rolunu oynayırlar. Yaşıl bitkilər insanların sinir sisteminə müsbət təsir edir, iş qabiliyyətini artırır, əhval-ruhiyyəsini yaxşılaşdırır. Onlar həm də “təbii sanitar” hesab olunur.

Meşələr respublikamızın təbii sərvətlərinin ən zəngin fondudur. Azərbaycan meşələrinin əsasını enliyarpaqlı bitkilər təşkil edir. Kiçik sahələrdə isə şam və ardıc bitir. Muxtar Respublikamızda xırda ağaclardan ibarət seyrək kiçik meşələr əsasən Naxçıvançay, Əlincəçay və Gilançay hövzəsində yerləşir.

Muxtar respublikanın meşəlikləri üçün səciyyəvi olan və burada geniş yayılmış ağac cinsi şərq palıdıdır. Bu meşələrin seyrək yerlərində və kənarlarında yeyinti məhsulları sənayesində və təbiətdə xüsusi əhəmiyyətə malik ətirli alma, heyva, armud, zoğal, yemişan, itburnu və s. cır meyvələr bitir. Həmçinin respublikamızın ərazisində faydalı bitkilər, dərman bitkiəri, yem bitkiləri, boyaq bitkiləri, yabanı bəzək bitkiləri və digərləri geniş yayılmışdır. Bu bitki qruplarını təsərrüfat əhəmiyyəti olmaqla bərabər, həm də elmi əhəmiyyəti vardır.

Meşələrin formalaşmasında göbələklərin də böyük rolu vardır. Belə ki, göbələklər aşkar edilmiş biotanın proporsiyasını təşkil etməklə ekoloji proseslərin saxlanılması və insanların sağlamlığının qorunmasında həlledici rol oynayırlar. Göbələklərsiz qida zəncirində mühüm problemlər yarana bilər. Göbələklər biodestruksiya prosesində iştirak etməklə üzvi maddələrin parçalanmasında, torpağın humusla zənginləşməsində xüsusi rol oynayırlar. Belə ki, bitkilər göbələklərin onlar üçün torpaqdan aldığı qidalı maddələr olmadan əziyyət çəkəcək, bu səbəbdən bəzi heyvanlar qidasız qalacaq, oduncaqlı bitkilərin parçalanması prosesi getməyəcək, bəzi həşəratlar və heyvanlar bitkiləri və onların qalıqlarını mənimsəyə bilməyəcək və hətta torpağın tərkibi də fərqli olacaqdır. Bundan əlavə bir çox göbələklər antibiotik və digər əczaçılıq məhsullarının, ərzaq və içkilərin, sənayedə istifadə edilən kimyəvi maddələrn, fermentlərin, zərəvericilərə və alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə bioloji vasitələrin alınmasında insanlar üçün çox faydalıdır.

Təbiəti qorumaq üçün “Qırmızı Kitab”lardan, qoruqlardan istifadə olunur.

Dövlət qoruqlarının yaradılmasında əsas məqsəd təbii komplekslərin  toxunulmaz şəkildə saxlanılması və burada gedən təbii proseslərin elmi cəhətdən öyrənilməsidir. Bununla yanaşı qoruqlarda mütəşəkkil təşkil olunmuş rekreasiya, ekoloji proseslərin normal gedişinə mane olan amillərin aradan qaldırılması məqsədilə aparılan tədbirlər, o cümlədən meşənin sanitar qırılması, heyvanların miqdarının optimallaşdırılması məqsədilə aparılan icazəli ov, ziyanverici həşəratlarla mübarizə, yanğından mühafizə tədbirləri və s. aparıla bilər.

Qırmızı kitablar vəzifəsindən asılı olaraq beynəlxalq, milli və regional olur. Beynəlxalq Qırmızı kitab ilk dəfə 1948-ci ildə yaradılmışıdr. Bu kitaba dünyada nəslinin kəsilməsi qorxusu yaranmış, az tapılan bitki və heyvan növləri daxil edilir. Milli Qırmızı kitablar konkret dövlətin ərazisində genetik fondun saxlanmasına xidmət edir. Ərazisi geniş və müxtəlif olan bəzi ölkələrdə region üzrə Qırmızı kitablar da tərtib edilir. Bəzi bitki və heyvanlar çoxlu ölkələrin Qırmızı kitabına daxil edilmişdir. Belə ki, son illərdə Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabları hazırlanmışdır. Azərbaycan Respublikasının Qırmızı kitabına Naxçıvan mikobiotasında yayılan iki növ göbələk də əlavə olunmuşdur.

Bitki və heyvanlarda olduğu kimi göbələklərin də arasında çox nadir və nəsli kəsilmək üzrə olan növlər az deyildir. İnsanların təsadüfi hərəkətləri nadir bir növün bu və ya digər yerlərdən bəlkə də birdəfəlik itib getməsinə səbəb ola bilər. Unutmaq olmaz ki, təbiətdə heç nə təsadüfü yaranmamışdır. Hər bir orqanizm onu əhatə edən ətraf mühitlə bilavasitə bağlı olaraq, təbii proseslər zəncirində özünəməxsus yer tutur. Ona görə də dünyada nəsli kəsilən hər bir növ istər təbiət, istərsə də insanlar üçün geri qayıtmayan bir itkidir. Müxtəlif sistematik qruplara daxil olan, qorunmasına böyük ehtiyac duyulan göbələklərin bir qismi Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikası ərazisində yayılmışdır. Aparılan müşahidə və tədqiqatlarımıza əsasən Naxçıvan Muxtar Respublikası mikobiotasında 7 papaqlı göbələk növünün qorunmasını təklif etmişik. Muxtar respublikada geniş yayılma arealına malik dombalan göbələk növünün məhsuldarlığı ekoloji faktorların təsiri və yerli əhali tərəfindən istehlakı səbəbi ilə ötən əsrin I yarısına nisbətən kəskin azalmışdır.

5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür. Bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan təbiətin qorunmasına yönəltməkdir. Gələcəkdə hər bir növün istər bitki, istər heyvan, istərsə də göbələklərin yoxa çıxmaması, tamam itməməsi üçün əhali onların qorunmasına və toplanmasına ehtiyatla yanaşmalıdır.

Həmidə SEYİDOVA
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı

Biologiya üzrə fəlsəfə doktoru, dosent

"525-ci qəzet"

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: