Sağlamlıq imkanları məhdud uşaqların Şahbuz Dövlət Təbiət Qoruğuna ekskursiyası təşkil olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə sağlamlıq imkanları məhdud uşaqların Şahbuz Dövlət Təbiət Yasaqlığına ekskursiyası təşkil olunub.
Uşaqlara məlumat verilib ki, Şahbuz Dövlət Təbiət Qoruğu genetik fondun, bioloji müxtəlifliyin, təbiət komplekslərinin qorunub saxlanılması məqsədilə 2003-cü ildə yaradılıb. Azərbaycan Respublikasında yayılan bir çox quş və heyvan növlərindən 385-i burada məskunlaşıb. Ərazidə 3 minə yaxın bitki növü var. Rəngli və ətirli süsən növləri, dağlarda yayılan şərq laləsi, ətirli yabanı qərənfil növləri, səhləb kimi endemik bitkilərə də burada rast gəlmək mümkündür.
Sosial könüllülərin də iştirak etdiyi gəzinti iştirakçılarına qoruğun ərazisində yerləşən informasiya mərkəzi, flora və fauna nümunələri, qoruq ərazisindən tapılan qədim məişət əşyaları barədə geniş məlumat verilib və çay süfrəsi təşkil olunub.
Qeyd edək ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edən belə tədbirlər mütəmadi keçirilir. Bu günlərdə müvafiq kateqoriyadan olan uşaqlar üçün keçirilən distant dərslər və məşğələlər də təbiət mövzusuna həsr edilib.
Mədinə Rəhimli