İpək baş örtüyü –Kəlağayı

A- A A+

Hər bir xalqın maddi və mənəvi dəyərləri, qədim mədəniyyət nümunələri, geyim formaları həmin xalqın xarakterindən və etnoqrafik xüsusiyyətindən xəbər verməklə yanaşı, onun nə qədər qədim tarixi keçmişə sahib olmasını təsdiqləyir. Tarixi faktlara nəzər salsaq, görərik ki, qədim çağlarda kəlağayıdan geniş istifadə edilib. Azərbaycanın qədim tarixi ərazilərində aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl III minilliyə aid tunc iynə və bizlərin aşkarlanması onun qədim sakinlərinin özlərinə paltar tikməyi bacardıqlarını sübut edir. Nənələrimizin, analarımızın, qız-gəlinlərimizin gözəllik, ismət, bütövlük, əzəmət simvoluna çevrilən kəlağayı əsrlərboyu vacib baş örtüyü olub.

Kəlağayının toxunması – ərsəyə gəlməsi müxtəlif, mürəkkəb texniki və texnoloji proseslərə, əsasən də, əl əməyinə əsaslanıb. Zaman-zaman kəlağayılar da xalçalar kimi, yalnız ustad sənətkarların incə, zərif zövqündən sığal taparaq gözoxşayıblar. Xalçaçılardan fərqli olaraq kəlağayı toxuyanların az olması da bu sənətin özünəməxsusluğundan irəli gəlir. Hər qız-gəlin istəsə, xalça toxumağı öyrənə bilər, lakin kəlağayını yox. Bu işlə məşğul olan insanların sənətini bu baxımdan irsi sənətkarlıq da adlandıranlar az deyil. Kəlağayı istehsalında müxtəlif rəng cövhərlərindən və bitki növlərindən – sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və başqa bitkilərdən istifadə edilir. Kəlağayılar tarixən Azərbaycan xanımlarının bənzərsiz gözəlliyinə xüsusi bir gözəllik də qatıb. Gəlinlər ağ, gənc qızlar soğanı, ortayaşlı qadınlar zoğalı və innabı, ahıl və ağbirçəklər üçün isə tündrəngli kəlağayılar münasib sayılmışdır. Yas mərasimlərində isə yaşından asılı olmayaraq, bütün qadınlar qara kəlağayı örtmüşlər.

Bu gün  muxtar respublikamızın bəzi dağ kəndlərində ağbirçəklərimiz bu baş örtüyündən istifadə edir. Hələ qədimlərdən təmizliyin, halallığın və saflığın təcəssümü olan kəlağayı insanlar üçün hər zaman müqəddəs sayılıbdır. Kəlağayı onu örtənin başından üstdə dayanan, ağıldan, kamaldan, təsəvvürdən yuxarıda qərar tutan geyim kimi də müqəddəs hesab edilib. O, həmişə təmiz, səliqəli, toz qonmayan yerlərdə, boğçada, sandıqda saxlanılıb. Eyni zamanda bu qədim baş örtüyü qadının şərəf, namus, ismət rəmzi hesab olunubdur. 

                                      Alcəfər Nurməmmədov

                                          “Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: