Birləşmiş Millətlər Təşkilatının 20 dekabr 2018-ci il tarixli Qərarı ilə 7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günü təsis edilib. Burada əsas məqsəd qida təhlükəsizliyinin qloballaşan xüsusiyyətlərinə diqqəti yönəltmək, qida məhsullarının təhlükəsizliyi ilə bağlı arzuedilməz hadisələrin insan sağlamlığına, ümumilikdə, bütün dünya iqtisadiyyatına mənfi təsirini azaltmaq üçün milli və regional səyləri birləşdirməkdən ibarətdir.
Ölkəmizdə qida təhlükəsizliyi məsələsinə milli prioritetlər səviyyəsində ciddi diqqət ayrılmışdır. Belə ki, qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının gücləndirilməsi, əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatı, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması əsas vəzifələrdən biri kimi müəyyən edilmişdir.
Naxçıvan Muxtar Respublikasında da bütün sahələrdə olduğu kimi, qida təhlükəsizliyinin təmin edilməsində dayanıqlı inkişaf vacib bir element kimi diqqətdə saxlanılır. Təcrübə göstərir ki, qida təhlükəsizliyini təmin edən etibarlı sistem yaradıldıqda, bu, ümumi iqtisadi artıma, kənd təsərrüfatı və sənayenin inkişafına, ixrac potensialının artırılmasına və turizmin genişlənməsinə mühüm təsir edən faktora çevrilir.
Muxtar respublika ötən dövr ərzində qida təhlükəsizliyi məsələlərinin həllində unikal təcrübə əldə edib. Səbəb-nəticə əlaqələri baxımından bu təcrübənin tarixinə nəzər saldıqda ilk olaraq regionda mövcud olan təbii-iqlim və iqtisadi resursların bu məqsədlə istifadə olunması üçün yaranmış şəraiti görmək olar. Belə ki, Naxçıvanın uzun illərdir, blokada şəraitində olması səbəbindən yaranan çətinliklər muxtar respublikada qida təhlükəsizliyi məsələsinin daxili imkanlar hesabına həlli üçün bütün resursların səfərbər olunmasını zəruri edib. Qeyd edək ki, eyni qaydada yerli istehsalın inkişafı zərurəti paralel olaraq enerji təhlükəsizliyinin həllində də özünü göstərib və bu sahədə Naxçıvanın qazandığı uğurlar nümunə səviyyəsindədir. Naxçıvanın sərt kontinental iqlim şəraiti, əkinəyararlı torpaqların və suvarma suyunun məhdudluğuna baxmayaraq, ötən dövrdə aqrar sahədə mövcud olan bütün bu və digər problemlərin həlli regionda qida təhlükəsizliyinə necə nail olunmasının əsas vektoru kimi diqqəti çəkir. Fermer və torpaq mülkiyyətçilərinin fəaliyyətinin stimullaşdırılması məqsədilə onlara güzəştli kreditlərin təqdim olunması, ən yeni kənd təsərrüfatı texnikalarının lizinq yolu ilə torpaq mülkiyyətçilərinə verilməsi, mütərəqqi suvarma sistemlərinin qurulması, əkinçilik və heyvandarlıqda ənənəvi üsullardan yeni mütərəqqi texnologiyalara keçidin təmini, aqrar sahədə elmi yeniliklərin tətbiqi, baytarlıq fəaliyyətinin dünya standartlarına uyğunlaşdırılması və bu sahədə yerli kadr təminatının formalaşdırılması, süni mayalandırma və toxumçuluq üzrə ixtisaslaşdırılmış müəssisələrin yaradılması, soyuducu anbar və istixana şəbəkəsinin genişləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının maraqlarının müdafiəsi üçün daxili bazarın qorunması tədbirləri, son nəticədə, Naxçıvan Muxtar Respublikasında uzunmüddətli dövr üçün qida təhlükəsizliyinin təmin olunmasını reallığa çevirib.
Bu gün muxtar respublikada 127 növdə ərzaq məhsulu istehsal olunur və 108 növdə ərzaq məhsuluna olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Görülən tədbirlər sayəsində qida məhsullarının istehsalı üzrə dinamik inkişaf qorunub saxlanılır. Belə ki, ötən 2020-ci ildə Naxçıvanda 537 milyon 584 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəyə nisbətən 4,6 faiz çoxdur. Qida məhsulları istehsalında sahibkarlıq fəaliyyətinə verilən kreditlərin rolu çox mühümdür. 2020-ci ildə muxtar respublikada kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 13 milyon 357 min manat kredit verilmişdir ki, bu vəsaitlər hesabına ərzaq məhsulları istehsalında həm növ və çeşid üzrə artım, həm də keyfiyyət dəyişikliyi yaranmışdır.
Naxçıvanda əkinəyararlı torpaq sahələrinin artırılması üçün görülən işləri, xüsusilə qeyd etmək lazımdır. Belə ki, müstəqillik illərində 22 min hektara yaxın yararsız torpaq sahəsi aparılmış meliorasiya və irriqasiya tədbirləri sayəsində kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib. Hazırda 177 min hektardan çox əkinəyararlı torpaq sahəsinin 62 min hektarından çoxu mütərəqqi suvarma sistemləri ilə təmin olunub. Nəticədə, 90-cı illərin əvvəlləri ilə müqayisədə muxtar respublikada kənd təsərrüfatının ümumi məhsulu 13 dəfədən çox, bitkiçilik məhsulları istehsalı 15 dəfəyə yaxın, heyvandarlıq məhsulları istehsalı isə 11 dəfə artıb.
Ötən ilin statistikasına nəzər saldıqda, görmək olar ki, muxtar respublikada 63405 hektar sahədə əkin aparılmış, o cümlədən 36879 hektar sahədə taxıl, 3241 hektar sahədə kartof əkilmişdir. Eləcə də 2020-ci ildə 118 min ton dənli və dənli-paxlalılar, 14753 ton dən üçün qarğıdalı, 367 ton dən üçün günəbaxan, 76703 ton tərəvəz, 31798 ton ərzaq üçün bostan məhsulları, 52518 ton meyvə, 16885 ton üzüm tədarük edilmişdir. Muxtar respublikada əkinçiliyin inkişafında və qida təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yenidən qurulması başa çatdırılmışdır.
Muxtar respublikada aqrar sahənin inkişafı ilə bağlı görülən işlər, qəbul olunmuş Dövlət proqramları kənd təsərrüfatında məhsul istehsalının həcminin davamlı artmasını şərtləndirməkdədir. 2012-2015 və 2016-2020-ci illəri əhatə edən meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramlarının icrası da bu baxımdan mühüm əhəmiyyətə malik olmuş, muxtar respublikada meyvə və tərəvəz əkini sahələri genişləndirilmiş, əhalinin ilboyu meyvə-tərəvəz məhsullarına olan tələbatının ödənilməsi üçün yeni soyuducu anbarlar və istixana təsərrüfatları yaradılmışdır. Bu sahədə qazanılmış uğurların davamlılığının təmin olunması məqsədilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın qəbulu əsasında konkret icra mexanizmləri müəyyən olunmuşdur.
Muxtar respublikada əhalinin payız-qış mövsümündə keyfiyyətli ərzaq məhsullarına olan tələbatının ödənilməsində yaradılmış soyuducu anbar və istixana kompleksləri də öz əhəmiyyətini göstərir. Bu gün muxtar respublikada dövlət maliyyə dəstəyi ilə yaradılan ümumi tutumu 19 min tondan çox olan 46 soyuducu anbar və həmçinin yaradılmış 34 istixana təsərrüfatı bu sahədə də tələbatı ödəməyə geniş imkan yaradır.
Keyfiyyətli heyvandarlıq məhsulları istehsalı üzrə Naxçıvanda zəngin təcrübə mövcuddur. Ötən dövrdə muxtar respublikada bu sahənin də inkişafına diqqət artırılıb və 1 yanvar 2021-ci il tarixə muxtar respublikanın fermer və kəndli təsərrüfatlarında qaramalın sayı 117 min 689 baş, qoyun və keçilərin sayı 717 min 880 baş olub. Təkcə ötən ildə 68 yeni heyvandarlıq təsərrüfatı yaradılmış, 28 heyvandarlıq təsərrüfatı genişləndirilmiş və bu istiqamətdə işlər davam etdirilmişdir. Nəticədə, 2020-ci ildə muxtar respublikada diri çəkidə 29214 ton ət, 87334 ton süd istehsal olunmuşdur ki, bu da 2019-cu illə müqayisədə 2,8 və 2 faiz çoxdur. Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə bu il Süni Mayalanma Mərkəzi istifadəyə verilmişdir. Muxtar respublikada əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi bu istiqamətdə mühüm vəzifələrin icrasını önə çəkmişdir.
Kənd təsərrüfatının müasir texniki avadanlıqlarla təminatı məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 336-sı 2020-ci ildə olmaqla, ümumilikdə, 3075 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir.
Naxçıvan balı hər yerdə öz alıcısını tapan ekoloji təmiz məhsullardandır. Bu sahənin davamlı inkişafı məqsədilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” qəbul olunmuş və konkret istiqamətlər üzrə icrası davam etdirilir. Son illərdə arıçılıqla məşğul olanlara hər arı ailəsinə görə subsidiyaların verilməsi bu sahəyə marağı artırmış, 2020-ci ilin sonuna muxtar respublikada arı ailələrinin sayı 99 min 935-ə çatdırılmışdır.
Əsasən, yüksəkkeyfiyyətli qida məhsullarının istehsal olunduğu ailə təsərrüfatı sektoru muxtar respublikada uğurla inkişaf etdirilməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr və 2019-cu il 18 yanvar tarixli sərəncamları ilə “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər planlarının təsdiq olunması ailə təsərrüfatlarının fəaliyyəti üçün daha geniş imkanlar açmışdır. Təkcə 2020-ci ildə 49 ailə təsərrüfatına 604 min manata yaxın dövlət maliyyə dəstəyi göstərilmişdir. Hazırda 1040 ailə təsərrüfatı bu sahəyə göstərilən qayğıdan bəhrələnərək Naxçıvanın təbii resurslarından müxtəlif adlarda hazır qida məhsulları istehsal edirlər. Bir çoxlarının artıq kiçik sahibkar kimi fəaliyyətə başladığı bu təsərrüfatlarda istehsal olunan məhsullar təkcə daxili bazarda deyil, ölkəmizin digər şəhərlərində fəaliyyət göstərən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsində də geniş alıcı rəğbəti qazanıb.
Qida təhlükəsizliyi sahəsində həyata keçirilən bütün bu tədbirlər, nəticə etibarilə, muxtar respublikanın ixrac potensialını artırmış, 2020-ci ildə muxtar respublikadan 103 milyon 158 min ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara təklif olunan qida məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin olunmasını prioritet fəaliyyət istiqaməti kimi diqqətdə saxlayır. Cari ilin I rübü ərzində keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işi diqqətdə saxlanılmış, ümumilikdə, məhsulların 295 halda, o cümlədən qida məhsullarının 289 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış və nəticələrin texniki normativ-hüquqi aktların, standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Muxtar respublikada reallaşdırılan iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi qida təhlükəsizliyinin səmərəli təmin olunması işi bundan sonra da diqqət mərkəzində saxlanılacaq və ardıcıl tədbirlər həyata keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti