İnsan sağlamlığına təsir edən faktorlar saysız-hesabsızdır. Bunlara istər ətraf mühit amillərini, istərsə də digər faktorları misal göstərmək olar. İnsanın həyat fəaliyyətində şəxsi gigiyena anlayışı xüsusi yer tutur. Şəxsi gigiyenanın müxtəlif elementləri bir sıra gigiyenik tələblərə cavab verməlidir. Həmin elementlərdən biri də hər gün ayağımızda bizə “yoldaşlıq” edən ayaqqabılardır. Hər sahədə olduğu kimi ayaqqabılara da qoyulan gigiyenik tələblər müxtəlifdir. Ümumiyyətlə, ayaqqabılar tətbiq sahəsinə görə ev ayaqqabıları, idman ayaqqabıları, iş ayaqqabıları, hərbi ayaqqabılar, ziyafət və müalicəvi ayaqqabılarına bölünür.
Bütün ayaqqabıların gigiyenik prinsipləri aşağıdakı kimidir:
1) Gigiyenik tələbi ödəyən ayaqqabı istiliyi az keçirən, elastik, çirki tez təmizlənən, su buraxmayan, optimal mikroiqlim və ventilyasiya qabiliyyətinə malik olmalı;
2) Çirklənmədən, mexaniki zədə və yaralardan, soyuqdan, rütubətdən qorumalı;
3) Forması ayağın formasından fərqli olmamalı, onu sıxmamalı, qan dövranını pozmamalıdır;
4) Hərəkəti çətinləşdirməməli, mümkün qədər yüngül olmalıdır;
5) İdman məşqlərində, yürüşdə, gəzintidə əlverişsiz fiziki, kimyəvi və bioloji təsirlərdən ayağı qorumalıdır. Buna görə də idman ayaqqabıları xüsusi gigiyenik əhəmiyyət daşıyır. Gənclər arasında bu ayaqqabılardan istifadəyə marağın artması təqdirəlayiqdir;
6) Ayaqqabı hazırlanan materialın kimyəvi tərkibi ayağın dərisini qıcıqlandırmamalı, allergik təsir etməməməli, insanın yaşına və orqanizmin quruluşuna uyğun olmalı, tez təmizlənən və tez quruyan olmalı, istifadə zamanı əvvəlki konfiqurasiyasını itirməməlidir.
Belə ki, təbii dəridən hazırlanan ayaqqabılar göstərilən bütün gigiyenik tələblərə cavab verir-istilikkeçirmə xassəsi, hava sirkulyasiyası optimal olur, tərkibində kimyəvi qarışıqlar olmur. Ayaqqabının dərisini müntəzəm olaraq yağlamaqla və çirkdən təmizləməklə onun su buraxmama və hava keçirmə xassəsini saxlamaq mümkündür. Ayaqda tərləmənin qarşısını almaq üçün ayağı təmiz saxlamaq, corabları mümkün qədər tez-tez yumaq lazımdır.Yalnız təbii dəridən yox, həmçinin dərini əvəz edən materiallardan da istifadə olunur. Bunlar gigiyenik xassələrinə görə dəriyə oxşayır. Keçədən tikilmiş uzunboğaz çəkmələrin istilik saxlama xassəsi daha böyükdür. Bu cür çəkmədə baş barmağın dərisinin üzərində temperatur dəridən tikilmiş uzunboğaz çəkmədə olduğundan 5-7% çox olur. Bu çəkmələrin çatışmayan cəhətləri isə tez islanması və yeridikdə adamın tez yorulmasıdır. İçinə xəz tikilmiş dəri ayaqqabılar ayağı həm soyuqdan qoruyur, həm də tərləməyə qoymur. Buna görə də bu cür ayaqqabılara qış fəslində böyük üstünlük verilir. Yayda isə havası yaxşı dəyişən ayaqqabılardan-sandal, dabanı açıq, üstü hava buraxan parçadan tikilmiş və ya yanları açıq ayaqqqabı geyinmək lazımdır. Bunlardan əlavə, ayaqqabı seçərkən digər- anatomik, fizioloji xüsusiyyətləri də nəzərə alınmalıdır.
Təəssüf ki, ”gözəllik qurban tələb edir” ifadəsindən yola çıxaraq çox dəbdə olan, lakin gigiyenik tələblərə cavab verməyən, ayağın anatomik quruluşuna uyğun olmayan uzunburun və dar ayaqqabılar geniş şəkildə istifadə olunur. Adam yeridikdə, xüsusən yayda, ayağa qan yığıldığı üçün ayağın həcmi böyüyür. Buna görə də ayaqqabı seçdikdə bir qədər böyük ayaqqabı seçmək lazımdır. Ayaqqabının pəncə hissəsi ayağın pəncəsindən 1,3 sm enli olmalıdır ki, pəncə və barmaqlar rahat yerləşsin və tərpənə bilsin. Bunu nəzərə almadıqda ayaqqabı ayağı sıxır, ayağın üzərində qabarlar əmələ gəlir. Dar ayaqqabılar mazol əmələ gətirir, barmaqların bir-birinin üzərinə çıxmasına, əyilib eybəcər hala düşməsinə, dırnaqların əyri çıxmasına səbəb olur, yerişi çətinləşdirir, az yol bele getdikdə adam yorulur, dəri sürtülərək zədə alır. Ayaqda qan dövranı pozulur, ayaq soyuyur və çox tərləyir, ayaq sümükləri əyilir. Ona görə də düzgün ayaqqabının seçilməsi üçün ayaq uzunluğunu ölçmək lazımdır. Bu məqsədlə bir kağız götürüb iki ayaqla üstündə duraraq ayağın baş barmağından dabanın kənarına qədər olan məsafəni ölçmək lazımdır. Alınan nəticə ayağın uzunluğu olacaq. Bilirik ki, ayaqqabı alarkən sağ və sol ayaqda fərq ola bilir. Bu zaman ayaqqabı hansı tərəfdə ayağın ölçüsündən kiçikdirsə, o ayağı sıxaraq narahat edir. Buna görə də ayağın uzunluğu hər iki ayaqda ölçülməlidir və hansı ayaq daha uzundursa, ona uyğun olaraq ayaqqabı alınmalıdır.
Qış ayaqqabısı seçilərkən geyiniləcək corabın da uzunluğu ölçülərək alınan nəticəyə 1 sm əlavə etmək olar. Axşamlar ayaqlar şişdiyi üçün o vaxt ölçülməsi daha yaxşı olar ki, gün ərzində ayaq şişərkən yenə ayaqqabı ayağı sıxmasın.
Ayaqqabının hündürlüyü də insan sağlamlığına təsirsiz ötüşmür. Kişi ayaqqabılarında daban adətən 1-2 sm olur. Qadın ayaqqabılarında isə 5 sm-lik daban tapmaq hər zaman mümkün olmaya bilər. Ayaqqabının dabanı 6 sm-dən yuxarı olduqda pəncələrin qeyri-düzgünlüyünə, vətərlərin dartılmasına, baş barmağa daha çox təsir edərək oynaq artritinə, adamın həddən artıq çox yorulmasına, çox zaman isə travmalara (xüsusən topuq onurğası nahiyəsində) səbəb olur. Bədənin ağırlıq mərkəzi qabağa gedir, ayağın bağları və baldır əzələləri həddən artıq gərginləşir, yeridikdə diz qatlanır, addımlar kiçik olur, adamın yerişi inamsız olur və o səndələyir. Bir çox qadın 10-15 sm-lik (stiletto) ayaqqabıları gündəlik işə gedərkən istifadə edir. Bunun nəticəsində də göstərilən vəziyyətlər və bəzi hallarda daha qorxulu nəticələr meydana çıxır. Ayaqların burxularaq travmalarının yaranma və yıxılma ehtimalı da yüksəkdir. Eyni zamanda yerdən olan sandallar da ayaq üçün məqsədəuyğun deyil, belə ayaqqabılar da ayağa narahatlıq verir və ağrımasına səbəb olur.
Beləliklə, 2-5 sm aralığında və qalın dabanlı, ayağı sıxmayan, anatomik quruluşuna maksimum dərəcədə uyğun gələn, geniş, rahat və düzgün materialdan hazırlanmış ayaqqabı seçilməsi sağlamlıq baxımından daha məqəsədəuyğun sayılır. Hündürdaban, xüsusən “mil daban” ayaqqabılar qızlar və cavan qadınlar üçün olduqca zərərlidir, çünki bu onurğanın əyriliyinə və çanağın anatomik quruluşunun dəyişməsinə, müxtəlif travmalara (oynaq-bağ aparatının zədələri, sınıqlar, çıxıqlar və.s.), müxtəlif patologiyalara səbəb olaraq gələcəkdə hətta doğuşu da çətinləşdirə bilər. Bir həkim kimi bildirmək istəyirəm ki, ən böyük gözəllik elə sağlamlıqdır. Orqanizm vəhdət halda mövcud olduğu üçün hər hansı bir orqan və ya toxumada yaranan problemlər ümumi sağlamlığa mənfi təsir göstərir. Həmçinin, gündəlik işə gedərkən geyinilən ayaqqabılar gigiyenik tələblərə cavab vermirsə, istər üzvi narahatlığa, istərsə də sinir sisteminin gərginliyinə, stresə səbəbiyyət verirsə, görülən işlərin keyfiyyəti də aşağı düşür. Bütün bunları nəzərə alaraq düşünmək lazımdır: “Gözəllik” yoxsa Sağlamlıq?
Sara Rəhimli
Naxçıvan Dövlət Universitetinin
Tibb fakültəsi Ümumi təbabət və klinik fənlər kafedrasının müəllimi