Qapıcığın çırağı – Parağaçay qəsəbəsi - FOTOLAR

Dağlar arxasında üç dost...

A- A A+

Zinət

Vətənin hər qarışını gəzməkdən yorularmı insan? Yorulmadan, usanmadan Azərbaycanın döyünən ürəyi Naxçıvanın hər guşəsini qələmin gücü ilə vəsf etməkdir məqsədimiz. Səhər saat 5... Bir neçə gündür, hazırlaşdığımız səfərin həyəcanını yaşayırıq. Bir tərəfdən uzaq yol, digər tərəfdən o yol boyunca görəcəyimiz mənzərələr və alacağımız təəssüratlar barədə düşünürdük. Çünki bu mövsümdə hər yaşayış məntəqəsi, hər yol kənarı başqa bir rəngə, al-əlvanlığa bürünmüş olur. Və Naxçıvanın iqliminə bələd olanlar bilirlər ki, bu mənzərəni hər mövsümdə görmək mümkün deyil. Yayın qovurucu istisi yaxınlaşdıqca çöllər öz qızılı libasını geyinib yenidən yağış mövsümünü gözləməyə başlayır. Ona görə də təbiətin zümrüd donlu, rəngarəng naxışlı halını görmək üçün yaz fəslində səfərlər etmək daha məqsədəuyğundur...

Deyim ki, budəfəki səfərimiz fərqli bir məkana idi. Buranı seçməyimiz də təsadüfi deyildi. Çox insanın görmədiyi, bilmədiyi, haqqında eşitmədiyi və yolunu salmadığı, bəlkə də, sala bilmədiyi məkandır. Bura Qapıcığın zirvəsi ilə üz-üzə, Zəngəzur silsiləsinin ətəyində yerləşən, vaxtilə yaxınlığındakı dağ mədənləri hesabına qaynar həyatı olmuş, indi yaşıllığın və sükutun səsi ilə (bəli, sükutun səsi!) harmoniyaya qovuşmuş, Naxçıvan təbiətinin misilsiz mənzərələrini özündə ehtiva edən Ordubad rayonunun kiçik bir dağ-mədən qəsəbəsi Parağaçaydır!
Asfalt örtük döşənmiş yolları hər iki tərəfdən iri ağacların yamyaşıl çətirləri ilə sıx hasarlanmış kənd yollarını ötüb keçdikcə zəhmətkeş insanların yaratdığı xoş mənzərələr adamın gözünü oxşayır, ruhuna sərinlik və dinclik bəxş edir. Dağlara sarı qalxdıqca gözlərimiz qarşısında başqa bir mənzərə açılır. Göz işlədikcə uzanıb gedən mavi üfüq və zümrüd rəngində dağların qucaqlaşması ecazkar təbiət lövhələri yaradır. Vadi boyunca uzanan kəndlər sıx ağac çətirləri arasında itib görünməz olur. Hündürlükdən baxanda vadi boyunca axan yaşıl çaya bənzəyən bu yerlərdə arabir görünən evlərin rəngarəng dam örtükləri sıx çəmənlikdə açmış çiçəkləri xatırladır. Gah yağış yağır, gah da külək əsir. Dağların ətəklərinə qədər enən buludlar harasa tələsirmiş kimi sürətlə hərəkət edir. Yolboyu qarşılaşdığımız gözəl təbiət mənzərələrini telefonumuzun yaddaşına köçürürük.
Bir tərəfi uca dağlar, bir tərəfi isə dərin dərə ilə müşayiət olunan yol üfüqdə yeni bir mənzərəni gözlərimiz qarşısında açır. Sanki rəssam fırçasından çıxmış tablonun növbəti elementi hələ də qarla örtülü olan Qapıcığın zirvələrindən biridir. Naxçıvan şəhərində 30 dərəcədən artıq temperatura qarşı burada 17-20 dərəcə temperaturla qarşılaşmaq, çiçəkdən yeni çıxmış və çəyirdəkləri hələ də bərkiməmiş alça və ərik meyvələrini görmək yurdumuzun rəngarəng iqliminin bizə bəxş etdiyi növbəti hədiyyədir.
Bizi qarşılayan qarlı zirvə artıq mənzilbaşına çatdığımızı, yaxınlaşdığımızı göstərir. Qırmızı kirəmitlə örtülmüş, xüsusi görünüşü ilə seçilən evlər mənzilbaşını – Parağaçay qəsəbəsinin maraqlı mənzərəsini gözlərimiz önündə açır. Ötən əsrin 50-ci illərində qəsəbə yaxınlığında mədənlərin fəaliyyətə başlaması buranın sürətlə məskunlaşmasına təkan verib. Bu balaca, eyni dizaynla tikilmiş evlər də ötən əsrin yadigarlarıdır.

Zəhmət

Hər kəsdə maraqlı təəssürat yaradan bu evlərin birində yaşayan 68 yaşlı Sərxan Hüseynov avtomobildən düşdüyümüzü görüb bizə yaxınlaşır, “xoş gəlmisiniz”, – deyir. Öyrənirik ki, Sərxan baba 1969-cu ildə Parağaçay molibden mədənində işləmək üçün buraya gəlib. Hərbi xidmətinin başa vurduqdan sonra həyatını həmişəlik bu məkanla bağlayıb. O deyir ki, havasına, suyuna öyrəşdiyi üçün bu torpaqdan ayrıla bilmir. Əlavə edir ki, buraların suyunun, havasının əvəzi yoxdur. Bura cənnətdir, onu saxlayan buradır.

Öz kiçik evində bizi böyük qonaqpərvərliklə qarşılayan Sərxan babanın səliqə-sahmanı ilk baxışdan diqqətimizi çəkir. Evdəki təmizlik, hər şeyin yerli-yerində olmasına görə onun burada tək yaşadığına, bu evə qadın əlinin dəymədiyinə inanmağımız gəlmir. Ömür-gün yoldaşı Süsənbər xanımı vaxtsız itirsə də, onunla birlikdə 6 övlad boya-başa çatdırdığı bu evin hər küncündə mərhum ömür-gün yoldaşı ilə bağlı xatirələrini yaşadır və bizim üçün yenidən o günlərə qayıdır...
Ağ-qara şəkillərlə keçmişə səyahət etdikcə Sərxan baba deyir ki, yaş ötdükcə insan keçmişə, yaxşı yoldaşlara yenidən qayıdır, hər şeyin dəyərini bir daha anlayır: keçmişdəki dəyərlər bizə hər zaman xoş təəssüratlar bəxş edir və gələcəyə olan ümidimizi, insanlara olan ehtiramımızı artırır. Keçmişlə yaşamalıyıq, onu xatırlamalıyıq ki, dəyərlərimizi gələcək nəslə də ötürə bilək...
Ən çox da nəvələrinin həsrətini çəkir, onlar üçün darıxır Sərxan baba. Nəvələrinin qoyduğu əşyalara, oyuncaqlara toxunmadan yerində saxlayır. Bizə böyük həvəslə onların gələcəyi gündən, onlarla oynadığı oyunlardan, nəvələrinin onu nə qədər sevdiyindən danışır. Bizim onu diqqətlə dinlədiyimizi görüb daha da şövqlə danışır xatirələrindən.
Sərxan baba öz kiçik təsərrüfatında az sayda iri və xırdabuynuzlu heyvan saxlayır. Bu torpaqların yaxşı kartof məhsulu yetişdirmə imkanından da faydalanır. Kartofdan başqa, kiçik təsərrüfatında digər tərəvəz məhsulları da yetişdirir. İlin son pomidor məhsulunun Parağaçayda yetişdiyini isə bizə böyük fəxrlə bildirir. Bu ərazidə bitən otların, kol və ağacların al-əlvan gül-çiçəkləri bal arılarının keyfiyyətli məhsul istehsal etməsinə imkan verdiyini deyir. O da bu imkandan yararlanaraq bir neçə arı ailəsi saxladığını dilə gətirir.
Zəngəzur silsiləsinin ətəyində yerləşən bu kiçik qəsəbənin təpələrinin yamaclarında inşa olunmuş evlərdə Sərxan babadan başqa yaşayan ailələr də var. Elə həyətyanı sahələrini əkin üçün hazırlayan kənd sakinləri Qədir və Bəxtiyar bu qəsəbədə yaşayanlardandır. Bəxtiyar deyir ki, ərazinin zəngin təbiəti, təmiz havası, qidaları bizi bu yerlərə bağlayır.
Yaşadıqları yeri bizə fəxrlə öyən insanların torpağa bağlılığı, sevgisi insanda qürur hissi yaradır. İnsanı başa düşmək həyatı başa düşməkdir. Onların sevgisi doğma torpağa, ana təbiətə – dolayısıyla keçmişlərinə və gələcəklərinədir.
Kiçik qəsəbənin insanı valeh edən mənzərəsini doya-doya seyr edib bitirməmiş Sərxan baba samovarı qaynadıb bizi qocaman cəviz ağacının altında hazırladığı çay süfrəsinə dəvət edir. İnsanı üşüdən dağ mehinin müşayiətilə isti samovar çayımızı Sərxan babanın qışdan saxladığı, Ordubad mətbəxinin ən ləziz təamlarından olan cəviz mürəbbəsi ilə içirik. Ev sahibinin şirin söhbətləri ilə yenidən bu məkanın seyrinə dalırıq. Bu yerlərin insanlarına xas qonaqpərvərliklə bizi qonaq saxlayan və gecəni də burada qalmağa dəvət edən babanın təklifini yerə salmırıq, buraları doyunca gəzək deyə, bir gecə qalmağı qərarlaşdırırıq. Sərxan baba elə həmin gün bizi dağları gəzməyə aparır. Deyir ki, bu dağların elə yeri olmayıb ki, ayağım dəyməsin. Heç eşitmədiyimiz, görmədiyimiz yerlərin gözəlliyi bizi valeh etməkdədir. Dağların yamacı boyunca ilan kimi qıvrılan yollarla irəlilədikcə, dəyişən landşaftın göz oxşadıqca uzanan yeni mənzərə tabloları yaratmağı diqqətimizdən qaçmır.
Dağların ətəyində qoyun sürüləri görünür. Doğrudan da, şəhərin səs-küyündən uzaqlaşaraq belə sakit bir yerə düşdükdə insan daxilən nə qədər də rahatlaşır. Bu yerlərdə gül-gülü, çiçək-çiçəyi çağırır. Çiçəkləmiş həmərsin və yemişan kollarının ətri, çəhrayı çiçəkləri ilə yamaclara xalı kimi döşənmiş kəklikotunun məst­edici rayihəsi, bir az aralıda qaçışan kəkliklərin qaqqıltısı bir anlıq da olsa, xəyallar aləminin sakininə çevirir insanı. Hesabı bilinməyən neçə xəstəliyin dərmanı olan bu bitkilər təbiətin yurdumuza bəxş etdiyi sirli xəzinədir. Biz şəhərə əliboş qayıtmayacaqdıq. Çünki bolluca kəklikotu yığmışıq. Bir də yemişan çiçəkləri. Kəklikotunun xoş ətri əllərimizə hopub. Bu yerdə Aşıq Ələsgərin gözəl misraları yada düşür:

Kəkotu, qırxbuğum, qaymaq çiçəyi,
Bənövşə, qantəpər, qızlar örpəyi,
Qoyun mələşməsi, çoban tütəyi
Çəkir uzaqlara xəyalı, yaylaq.

Kiçik Qafqazın ətəklərindən qayıdanda hava yavaş-yavaş qaralmağa başlayır. Sərxan baba tələsik atını yəhərləyərək mal-qarasının dalınca yollanır. Sonra kiçik bir süfrə başına toplaşıb Sərxan babanın gah Bəxtiyar Vahabzadədən, gah Nüsrət Kəsəmənlidən dediyi şeirləri dinləyirik. Onun güclü yaddaşına heyran qalırıq. Evin kiçik pəncərəsindən yaxınlıqdakı qonşunun mətbəxindən qaz şöləsi diqqətimizi cəlb edir. Buraya qaz xətti çəkilməsini də xüsusi qeyd etməliyik. Sərxan baba söhbətimizə qoşularaq bildirir ki, qazsız, işıqsız burada qışı yaşamaq çox çətin olardı. Əslində, Qapıcığın ətəklərində parlayan bu qaz şöləsi bütün Zəngəzur ərazisinə Naxçıvan Muxtar Respublikasının keçdiyi inkişaf yolundan danışır. Bu inkişafı tezliklə Zəngəzurun özündə də görəcəyik. O vaxt bu qazın şöləsi daha gur olacaq. Daimi yolyoldaşımız olan, insanı sabaha səsləyən və tezliklə həqiqətə çevriləcək bu ümidlə yuxuya gedirik. Gecəmizin bir duası var bu yerlər üçün: Qoy bu şölə heç zaman sönməsin!

...Bu yerlərdə həyat Günəş doğmamışdan başlanır. Yuxudan oyananda artıq Sərxan babanı ayaq üstə görürük. O, sübhdən oyanmış, heyvanlarını örüşə yola salmış, təsərrüfatında lazım olan işləri görmüş, arılarına növbəti qulluğu həyata keçirmiş, samovara od salmaqdan da qalmamışdı. Özünəməxsus gümrahlıqla işlərini davam etdirən bu insanla səhər yeməyinə oturmaq çox maraqlıdır. Səhərin erkən saatlarından bizim üçün arı pətəklərindən təzə bal da çıxarıb. Elə səhər yeməyinə təzəcə oturmuşduq ki, əlindəki qabda şor-kərə olan qonşu Azər həyətə yaxınlaşır. Burada qonaq olduğumuzu bildiyinə görə öz təsərrüfatında hazır­ladıqları kənd məhsulundan səhər yeməyində istifadə etməyimiz üçün bizə gətirib. Sərxan babanın bir gün əvvəl səsləndirdiyi “insani münasibətlər hər şeydən öndə dayanır” fikrini bu məqamda yenidən xatırlayırıq. Bu qəsəbədə mehriban qonşuluq münasibətlərinin ən yaxşı nümunələrindən olan Azərin bizə pay gətirmək, qonağa hansısa yaxşı məhsuldan sovqat gətirmək ənənəsini bir daha görürük. Bu sarışın simalı gənc və utancaq adamı stola dəvət edirik. Çox keçmir ki, 28 yaşlı Azər Xıdır­ovun da xeyli müddətdir, daimi olaraq bu kiçik qəsəbədə məskunlaşdığını öyrənirik. Bu dağlar qoynundakı məkandan qürur və sevgi ilə danışan Azər 200 xırdabuynuzlu, 30-a yaxın iribuynuzlu heyvan saxladığını deyir. İstehsal etdikləri süd məhsullarının keyfiyyətinə və ləzzətinə isə söz ola bilməz. Bu dağların min bir rəngli, ətirli çiçəklərini yemiş, sərin sularından içmiş heyvanlardan sağılan süd və o süddən hazırlanan məhsulun dadını və keyfiyyətini elə səhər-səhər bizə gətirdiyi məhsuldan da əyani şəkildə görmüş oluruq. Sərxan baba isə bu gənc oğlanı özünün “dağ yoldaşı” adlandırır. Zəhmətkeş və qoçaq insanlar harada yaşamasından asılı olmayaraq, hər zaman öz işləri, xarakterləri ilə seçilirlər. Çəkdikləri zəhmət isə heç zaman yerdə qalmır. Ana təbiət və doğma dağlar bu insanların ona tökdüyü hər damcı tərin qarşılığını artıqlaması ilə verməyə çalışır. Parağaçay qəsəbəsində məskən salan insanları bu torpağın əsgərləri adlandırsaq, lap yerinə düşər. Çünki onlar şəhər və rayon mərkəzlərindən kilometrlərlə uzaqda olan torpaqlarımızı əkib-becərməklə yanaşı, həm də qoruyurlar. Bu minvalla onlar da Vətənin keşiyini çəkirlər.

Vətən sevgisi...

Vətən keşiyini çəkməkdən söz düşmüşkən, xüsusilə qeyd etməliyik ki, biz Qapıcığın ətəklərini də rahatlıqla gəzdik. Çünki bir az aralıda Vətənimizin keşiyini çəkən hərbçilərimiz bizi qoruyurdu. Qürur duyduğumuz Azərbaycan Ordusunun əsgərləri. Ermənistanı məğlub edən əsgərlərimiz. Onların bir yumruq kimi birləşdiyi şanlı zəfər və şərəf tarixi yazan Azərbaycan Ordusu!!! O ordu ki dostların qəlbinə sevgi axıdan atəşdir. Düşmənləri yandırıb-yaxan alovdur, oddur! Açıq etiraf edək ki, əvvəl sərhəd bölgələrinə gedəndə nisgilli idik, necə deyərlər, yarım idik. İndi Azərbaycan boyda bütövləşmişik. Bu dəfə Qapıcığın ətəklərini qürurla gəzməyin sevincini də yaşadıq. Zəngəzur silsiləsini böyük şövqlə izlədik. Səbirsizliklə gözlədiyimiz günlər isə qabaqdadır.
Artıq bu torpaqlardan ayrılmaq vaxtı çatıb. Son gəldiyimiz qənaət: Parağaçay Qapıcığın çırağıdır. Səngərdə yanan çıraq. Vətənin hər qarışı müqəddəsdir, əzizdir. Doya bilmədik, onun bir qarış Parağaçayından. Dönüb bir daha bu yurd yerinə səsləndik: Odlar diyarımızın bir parçası olan ulu torpaq, sən bizim anamızsan, halımıza yananımızsan. Sən hikmətsən, sən qismətsən, sən qüdrətsən. Sən hünərsən, sən zəfərsən. Qızıldan da qiymətlisən, bərəkətli, nemətlisən. Şən, firavan həyatımız, qanadımız-qolumuzsan. Nur işıqlı yolumuzsan. Var olasan həmişə!!!

Sara Əzimova
Məmməd Babayev

"Şərq qapısı" qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: