Vətən uğrunda döyüşüb, özü Vətən olan şəhid Amin Gülməmmədov - VİDEO

A- A A+

Vətən müharibəsində Azərbaycan Ordusu çətin hərbi tapşırıqları uğurla yerinə yetirdi. Bu zaman Naxçıvanımızın yüzlərlə vətənpərvər igidi də döyüşlərə atıldı, elə ilk günlərdən qələbənin coşqusunu yaşadıq, şükürlər etdik, hər duaya “Amin” söylədik. Nəhayət, noyabrın 8-də böyük və tarixi qələbə qazandıq. Şərəfli ömür yaşayıb şərəflə şəhid olan qəhrəmanlarımız qanları ilə Azərbaycanın adını qaliblər cərgəsinə yazdırdılar. Onlardan biri də Culfa rayonunun Saltaq kəndindən olan şəhid baş leytenant Amin Gülməmmədovdur. 30 il xəyalını qurduğumuz, sonra isə şirinliyini daddığımız, qürurumuz olan qələbəmizdən 7 ay ötür. Böyük zəfərin qazanılmasında  digər şəhidlərimiz kimi, bütün varlığı ilə qələbə naminə əzmlə döyüşən Aminin də bu gün ruhu şaddır.

1995-ci il iyulun 31-də dünyaya göz açan Amin Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə üz tutur. Buranı bitirdikdən sonra Ali Hərbi Məktəbdə təhsilini davam etdirərək  yüksək hərbi biliklərə yiyələnir. 2017-ci ildə gənc zabit kimi artıq nümunəvi xidmətinə başlayır.

Silahlı Qüvvələrin baş leytenantı artıq illərdir gözlənilən o anın yetişdiyini eşidəndə sevincinin həddi-hüdudu olmur. Sentyabrın 27-də başlayan uğurlu əks-hücum əməliyyatı zamanı Füzulinin, Cəbrayılın, Xocavəndin, Hadrutun azadlığı uğrunda rəşadətlə vuruşur. Son döyüş nöqtəsi noyabrın 2-i Şuşanın Daşaltı kəndi olur. Amin müharibənin ilk günlərindən kənd və şəhərlərimizin işğaldan azadolunma sevincini ailəsilə bölüşürmüş, noyabrın 1-i atasına etdiyi sonuncu telefon zəngində isə böyük qələbəmizə az qaldığı müjdəsini çatdırıb.

Şəhid Amin Gülməmmədov ölümündən sonra 4 medala – “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “İgidliyə görə” və “Xocavəndin azad olunmasına görə” layiq görülür. İntizarında olduğu oğlunun igidliyini, cəsurluğunu duyduqca fəxarətlə dolur İntizar ananın ürəyi, ən böyük arzusu övladını jurnalist görmək idi, ancaq Amin ali məqama yüksəldi, özü boyda şan yazdı, torpağa dönüb vətənin torpağını çoxaltdı.

Aminin nəşi 2020-ci il dekabrın 28-i doğma kəndində torpağa tapşırıldı. Bəlkə də bayrağı bu qədər sevdiyindən idi ki, bayraq qədər ucaya yüksəldi, nəşi bayrağa sarındı, bu gün Naxçıvanın alınmazlıq rəmzi sayılan Haçadağla üz-üzə dayanan məzarı başında da üçrəngli hilalımız dalğalanır.

 Elnurə Tahir

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: