Abadlaşan yurdumuz

Abad diyarın xoşbəxt insanları

A- A A+

Dünya ölkələri arasında aparılan araşdırmalara əsasən bəzi ölkələr xoşbəxt və firavan hesab olunurlar. Aparılan təhlillər zamanı təhsil, səhiyyə, mədəniyyət və sosial rifah kimi bir neçə kriteriya əsas götürülür. Sadalanan sahələrdə müşahidə olunan böyük uğurlar və bu sahələrə göstərilən hərtərəfli dövlət qayğısı həmin ölkələri və o ölkələrin  vətəndaşlarını xoşbəxtlər siyahısına daxil edir.

Yazıma dünya praktikasından misal gətirməklə başlamağım səbəbsiz deyil. Məsələ ondadır ki, sadalanan bütün bu məqamlar bizim doğma diyarımızda – Naxçıvan Muxtar Respublikasında da mövcuddur. Yəni, muxtar respublikamızda da dövlət bu sahələrə çox ciddi diqqət yetirir, bu sahələrin fəaliyyəti mütəmadi olaraq nəzarətdə saxlanılır. Muxtar respublikamızın hərtərəfli inkişafının və burada yaşayan insanların rahatlığının təmin olunması, onların həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində bu gün məqsədyönlü iş aparılır.

Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq-abadlıq işləri təkcə Naxçıvan şəhərini deyil, ən ucqar dağ kəndlərini belə əhatə edir. İndi Naxçıvanda elə bir kənd yoxdur ki, o kənd elektrik enerjisi ilə, mavi yanacaqla təmin olunmasın. Quruculuq-abadlıq işləri aparılan kəndlərdə müasir məktəblər, standartlara cavab verən kənd mərkəzləri, xidmət mərkəzləri, həkim ambulatoriyaları, kitabxanalar istifadəyə verilib. Ən əsası isə, bu kəndləri rayon mərkəzinə və Naxçıvan şəhərinə bağlayan abad yollar çəkilib, mədəni həyatın təmin olunması üçün bütün vacib infrastrukturlar qurulub. Görülən işlərlə yanaşı, məşğulluğun artırılması və insanların işlə təmin olunması istiqamətində də ciddi addımlar atılır, yeni istehsal obyektləri fəaliyyətə başlayır, özünüməşğulluq proqramları tətbiq edilir, kənd təsərrüfatının inkişafı, ailə təsərrüfatlarının yaradılması üçün lazımi şərait yaradılır.

Xoşbəxtlik və firavanlığın əsas göstəriciləri sırasında yer alan təhsil muxtar respublikamızda hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Bu gün muxtar respublikada yeni məktəblərin tikintisi, əlavə korpusların inşası, bəzi məktəblərdə aparılan əsaslı təmir işləri böyük vüsət alıb. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən təhsil müəssisələri müasir standartlara cavab verən texnoloji avadanlıqlarla təchiz olunub. Bütün dərslərin müasir dərs vəsaitləri ilə tədris edildiyi bir çox məktəblərdə hətta STEAM təhsil formasının tətbiqinə belə başlanılıb. Təkcə 2021-ci ilin birinci rübündə Naxçıvan Dövlət Universitetinin Xarici Dillər fakültəsinin binasının yenidən qurulması, yeni mərkəz, kabinə və laboratoriyaların yaradılması, Şərur rayonunun Şəhriyar kəndində 224, Ordubad rayonunun Nüsnüs kəndində 414 şagird yerlik tam orta məktəb binalarının yenidən qurularaq şagirdlərin istifadəsinə verilməsi təhsilə göstərilən qayğının əyani sübutdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyasının Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsi isə bu qayğının növbəti ifadəsidir.

Hazırda muxtar respublikamızda 22 məktəbəqədər təhsil, 212 ümumtəhsil, 4 orta ixtisas təhsil müəssisəsi və 3 universitet fəaliyyət göstərir. Ümumtəhsil müəssisələri 100 faizi informasiya və kompüter texnologiyaları ilə təmin olunub. Əgər 2008-ci ildə, orta hesabla, bir kompüterdən istifadə edən şagirdlərin sayı 23 idisə, bu gün bir kompüterdən 10 şagird istifadə edir. Qeyd olunan dövrlə müqayisədə internetdən istifadə edən şagirdlərin sayı ümumi şagirdlərin sayının 42 faizini təşkil edirdisə, bu gün bu rəqəm 92,3 faizə yüksəlib. Təhsil sahəsinin  hərtərəfli dövlət qayğısı ilə  əhatə olunması məhz gələcəyimiz olan şagirdlərin inkişafına xidmət edir. Təhsil sahəsində atılan məqsədyönlü addımlar nəticəsində bu gün muxtar respublikamızda hərtərəfli biliyə sahib olan savadlı kadrlar formalaşır.

Məktəblərin əsaslı təmiri, tədris bazasının möhkəmləndirilməsi, infrastrukturun yenidən qurulması sahəsində aparılan işlərin ardıcıl davam etdirilməsi, bütövlükdə, ümumi təhsilin keyfiyyətinin yaxşılaşmasına, təlim-tərbiyə şəraitinin, pedaqoji kollektivlərdə iş əzminin yüksəlməsinə müsbət təsir göstəribdir. Ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının yaradılması, eləcə də fənlərin məzmununun təkmilləşdirilməsi şagirdlərin yaradıcılıq qabiliyyətinin, idrak fəallığı və dünyagörüşünün genişləndirilməsində böyük rol oynayıbdır.

Bununla yanaşı, muxtar respublikanın təhsil müəssisələrində şagirdlərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində bir sıra pilot layihə və müsabiqələr təşkil edilib, məktəb və valideyn əlaqələrinin möhkəmləndirilməsi və yerli təhsil orqanları ilə ümumi təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi sahəsində məqsədyönlü işlər aparılıbdır. Muxtar respublika məktəbliləri arasında fənn olimpiadalarının təşkili şagirdlərin respublika fənn olimpiadalarında və digər beynəlxalq bilik yarışlarında ildən-ilə daha çox uğur qazanmaları ilə nəticələnibdir. Təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırıldığı, xüsusilə də inteqrasiya meyllərinin getdikcə gücləndiyi bir dövrdə gənc nəslin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsi bu sahədə qarşıda duran əsas vəzifələrdəndir.

İnsan xoşbəxtliyinin əsasını təşkil edən sağlamlığın qorunması və səhiyyənin hərtərəfli inkişafı da muxtar respublikada dövlət siyasətinin əsasını təşkil edir. Bugünədək muxtar respublikamızda vətəndaşların sağlamlığının qorunması istiqamətində mühüm işlər görülüb. Dövlət başçısı cənab İlham Əliyev muxtar respublikada uğurla həyata keçirilən səhiyyə islahatlarını yüksək qiymətləndirərək deyibdir: “Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksək səviyyəli tibbi xidmət göstərilsin. Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar əldə edilir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır” prinsipi əsas götürülərək muxtar respublikada əhalinin sağlamlığının qorunması istiqamətində tibbi profilaktikanın genişləndirilməsi, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası daim diqqət mərkəzində saxlanılır. Hazırda dünyanın bir çox ölkəsində böyük təhlükəyə çevrilən koronavirus xəstəliyinin muxtar respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həlli Naxçıvan səhiyyəsinin prioritet istiqamətidir.

Muxtar respublikada uşaqların sağlam böyüməsi üçün tibbi xidmətlərin keyfiyyətinin artırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə də ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” isə bu istiqamətdə atılan növbəti addımdır.

Muxtar respublikamızda olan olimpiya idman kompleksləri, kompleks idman qurğuları, üzgüçülük hovuzları və digər idman müəssisələri isə əhalinin sağlamlığının qorunmasına xidmət etməklə yanaşı, həm də idmanın inkişafına töhfə verir. Nəticədə ölkə və beynəlxalq səviyyəli idman yarışlarında, turnirlərdə respublikamızı layiqli təmsil edən idmançılar formalaşır.

Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində görülən işlər də ürəkaçandır. İnsanların mədəni istirahətini təmin edən mədəniyyət müəssisələrinin formalaşdırılması, kitabxanaların yenidən qurulması və ya bərpa edilməsi, kino və teatrların fəaliyyətinin genişləndirilməsi, xüsusilə muzeylərin təmir və bərpa edilməsi bu sahədə görülən ciddi işlərdəndir. Bütün bunlar tarixi ənənələrimizin və mədəniyyət abidələrimizin təbliğ olunmasına  əlverişli şərait yaradıb və nəticədə yerli və xarici turistlərin Naxçıvana marağını xeyli artırıb. Bu gün muxtar respublikada 200-dən artıq kitabxana, 50-dən artıq mədəniyyət və istirahət parkı, 30-dan artıq muzey, teatr, kino və klub fəaliyyət göstərir.

İnsanların boş vaxtlarını səmərəli keçirməsi və mədəni istirahətlərinin təmin edilməsi məqsədilə yaradılan istirahət parkları da hər bir sakinin ürəyincədir. Naxçıvan şəhərində həyata keçirilən quruculuq işləri çərçivəsində xüsusən Naxçıvançay vadisində istər böyüklərin, istərsə də uşaqların mənalı istirahəti üçün gözəl obyektlər inşa olunub. 2014-cü ildə burada istifadəyə verilən Əyləncə və İstirahət Mərkəzində fəsildən asılı olmayaraq uşaqlara nümunəvi xidmət göstərilir. Hazırda burada müxtəlif yaş qruplarından olan uşaqlar və onların valideynləri öz vaxtlarını səmərəli keçirirlər. 2018-ci ildə Naxçıvançay vadisinin bu hissəsində daha bir istirahət və əyləncə mərkəzi –“Görüş yeri” kafesi fəaliyyətə başlayıb. Üç fərqli istiqamət üzrə fəaliyyət göstərən “Görüş yeri” kafesi də bu gün şəhər sakinlərinin asudə vaxtlarının səmərəli təşkilində və muxtar respublikamıza gələn qonaqların mədəni istirahətində xüsusi rola malikdir.

Naxçıvançay vadisində – Əyləncə və İstirahət Mərkəzinin, həmçinin “Görüş yeri” kafesinin yaxınlığında görülən işlərin davamı olaraq ötən il mayın 10-da – ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümündə “Sahil Parkı” istifadəyə verilib. Ümumi sahəsi 20,6 hektar olan Sahil Parkında 2 idman meydançası, tennis kortu yaradılıb və 4 stolüstü tennis quraşdırılıb, 100 yerlik kafe istifadəyə verilib. Hər birinin sahəsi 450 kvadratmetr olan idman meydançalarında müxtəlif idman qurğuları quraşdırılıb ki, bu da sakinlərin fiziki sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edir. Parkın ərazisində uzunluğu 2834 metr olan velosiped zolağı salınıb və avtomobillər üçün dayanacaq yaradılıb. Parkda 2 şəlalə tikilib, Naxçıvançay yatağında yaradılmış göldə 3 fəvvarə quraşdırılıb. Artıq şəhər sakinlərinin və şəhərimizə gələn qonaqların ən sevimli yerinə çevrilən yeni istirahət parkı Naxçıvanın abad ünvanlarından biri kimi şəhərin simasını daha da gözəlləşdirib.

Bir sözlə, Azərbaycanın ümumi inkişaf fonunda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı və sosial həyatı özünəməxsusluğu ilə fərqlənir. Ötən 30 ildə ölkənin əsas hissəsindən ayrı düşərək iqtisadi və nəqliyyat əlaqələri baxımından blokada şəraitində yaşamağa məhkum olan muxtar respublika mövcud çətinliklərə baxmayaraq  Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq prosesində fəal iştirak edir. Artıq sosial-iqtisadi inkişaf sahəsində də muxtar respublikamızda böyük müvəffəqiyyətlər əldə edilib. Bütün bunlar iqtisadi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsulun artımında öz ifadəsini tapıbdır.

Muxtar respublikada elmi əsaslara söykənən idxal-ixrac siyasətinin həyata keçirilməsi nəticəsində istehsalyönümlü sahibkarlığın inkişafına, məhsul istehsalının artırılmasına, daxili bazarın yerli istehsal məhsulları hesabına təmin edilməsinə, yerli xammal və materiallardan istifadə əsasında istehsal potensialının gücləndirilməsinə iqtisadi stimul yaranıbdır. Müvəffəqiyyətlə reallaşdırılan iqtisadi siyasət diyarımızda makroiqtisadi sabitliyin bərqərar olmasını təmin edib, iqtisadiyyatın artım dinamikasına təkan verib, əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıbdır. Sosial-iqtisadi inkişafa bu cür kombinə edilmiş yanaşma və irimiqyaslı quruculuq proseslərinin nəticələri muxtar respublika iqtisadiyyatında və sosial sahədə əldə edilmiş uğurlara yenilərinin əlavə olunmasına şərait yaradıbdır.  Təbii ki, bu da, öz növbəsində, əhalinin gəlirlərinin artmasına və sosial rifahın daha da yaxşılaşmasına təsir göstəribdir. İnsan amilinə xidmət edən hərtərəfli inkişafın mənzərəsi onu deməyə əsas verir ki, muxtar respublikamızda güclü iqtisadi mühit formalaşıb və atılan hər bir addım insanların özlərini daha xoşbəxt və daha firavan hiss etməsinə hesablanıb.

PS: Fikrimcə, pulun çox olması hələ xoşbəxt olmaq demək deyil. Əsas odur ki, sağlam düşüncəli cəmiyyətdə yaşayasan, işləyəsən, təhsil alasan... Əsl xoşbəxtlik əmin-amanlıq içində ömür sürən, öz ana dilində yazıb-yaradan, milli adət-ənənələrini yaşadan bir xalqın nümayəndəsi olmaqdır... Əsl xoşbəxtlik qayğısız, qorxusuz, təhlükəsiz, bir sözlə, istədiyin kimi yaşamaqdır... Bu mənada, əsl xoşbəxtlik bütün bu saydıqlarımızın mövcud olduğu Naxçıvanda yaşamaqdır.  

Qəzənfər Bayramov

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin

mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: