Şahbuzlu gənclər Heydər Əliyev Muzeyini ziyarət edib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində Şahbuz rayonundan olan bir qrup gəncin Heydər Əliyev Muzeyinə ziyarəti təşkil olunub.
Şahbuz Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə təşkil olunan ekskursiyada məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 fevral 1999-cu il tarixli Sərəncamı ilə yaradılıb. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb, hər mərhələ, hər bir tarixi hadisə ilə bağlı dahi şəxsiyyətin fikirləri, seçilmiş müdrik, nəsihətamiz kəlamları ekspozisiyada öz əksini tapıb.
Qeyd edilib ki, dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ümummilli liderimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.
Novruz Məmmədov