Elm və təhsil müəssisələrinin kollektivləri muzeylərdə olub - FOTOLAR
“Muzey günləri” çərçivəsində muxtar respublikada fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının Naxçıvan şəhərindəki muzeylərə ekskursiyaları davam etdirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muzeylərin növbəti ziyarətçiləri Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin və “Naxçıvan” Universitetinin kollektivləri olub.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olan Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin əməkdaşlarına məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyul tarixli Sərəncamına əsasən Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında Açıq Səma Altında Muzey yaradılıb. Bu unikal muzeyin ekspozisiyası son illər xeyli zənginləşdirilib. Burada mifoloji və dini dünyagörüşlə bağlı 200-dən çox qoç heykəli, daş kitabə, qəbirüstü abidə, daşdan hazırlanmış əmək və məişət əşyaları nümayiş etdirilir.
Ziyarətçilər Möminə Xatın türbəsi, XVIII əsrə aid tarixi-memarlıq abidəsi olan Xan sarayı haqqında ətraflı məlumat alıblar.
Naxçıvan Dövlət Xalça Muzeyində olan “Naxçıvan” Universitetinin əməkdaşlarına məlumat verilib ki, muzeydə Naxçıvan qrupuna aid yüzlərlə xalça və toxuculuq nümunələri nümayiş etdirilir. 2010-cu ildən yeni binada fəaliyyət göstərən muzeyin 3 dildə internet saytı da fəaliyyət göstərir və virtual ekskursiya xidməti göstərilir.
Novruz Məmmədov