1978-ci ildə yaradılan Babək rayonu dahi şəxsiyyət Heydər Əliyevin ölkənin dağ və sərhəd rayonlarının daha da inkişaf etdirilməsi siyasətinin məntiqi nəticəsi, gələcək müstəqil Azərbaycan uğrunda apardığı böyük mübarizənin əyani təzahürüdür.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan tədbirdə səsləndirilib.
“Bütün həyatını Azərbaycana həsr edən dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə Milli Qurtuluşun əsası qoyuldu”,- deyən Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov bildirib ki, 15 iyun 1993-cü il mühüm siyasi hadisə kimi Azərbaycan xalqının tarixində yeni bir dövrün başlanğıcı oldu.
Qeyd olunub ki, ötən 43 il ərzində Babək rayonu da ümummilli liderimizin quruculuq yolunun işığında böyük inkişaf yolu keçib. Rayon mərkəzi olan Babək şəhəri, eləcə də Nehrəm və Cəhri qəsəbələri, rayon inzibati ərazi bölgüsünə daxil olan kəndlərin hər biri son illərdə öz simasını dəyişib, bütün sahələrdə uğurlar qazanılıb. Rayonun ucqar dağ kəndlərində belə kompleks quruculuq işləri aparılıb, həmin yaşayış məskənləri elektrik enerjisi və təbii qazla, poçt, geniş zolaqlı və simsiz internet xidmətləri ilə təmin edilib.
Vurğulanıb ki, Azərbaycanın hərb tarixinə şərəfli, parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsində Azərbaycanın dəmir yumruğu işğalçının belini qırdı, ordumuz möhtəşəm qələbə qazanaraq qədim torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu müqəddəs amal uğrunda Babək rayonundan olan igidlər də qəhrəmanlıq nümayiş etdirib, bir neçə yaşayış məntəqəsinin azad edilməsində rəşadət göstəriblər.
Röyal Kərimov