Culfa və Ordubad rayonlarında humanitar tibbi aksiya keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Milli Qurtuluş Günü münasibətilə Diaqnostika Müalicə Mərkəzinin tibb heyəti Ordubad rayonunda, Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin çağırışçı həkimləri isə Culfa rayonunda humanitar tibbi aksiya keçiriblər
Ordubad Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq xəstələrin siyahısı hazırlanıb və xəstəxanaya dəvət olunublar.
Tibbi aksiyada Mərkəzinin 13 nəfərdən ibarət həkim briqadası 172 müayinə aparıb. Səhhətində problem aşkar olunanlara ilkin diaqnoz qoyulub, müalicə təyin edilib. 3 nəfər müalicə üçün Diaqnostika Müalicə Mərkəzinə dəvət olunub.
Diaqnostika Müalicə Mərkəzinin həkim və tibb işçiləri yerli həkimlərə tibbi avadanlıqların işləmə qaydalarını da öyrədiblər. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi yerli həkim və tibb işçilərinə izah edilib.
Milli Qurtuluş Günü münasibətilə digər tibbi aksiya isə Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin çağırışçı həkimləri tərəfindən Culfa Rayon Mərkəzi Xəstəxanasında keçirilib.
Məqsəd sakinləri operativ şəkildə erkən müayinə və müalicəyə cəlb etmək, onların səhhətləri ilə bağlı problemlərin həll olunmasına köməklik göstərməkdən ibarət olub. Xəstəxanada gün ərzində laborator təhlillər aparılıb, ultrasəs müayinəsi keçirilib, sağlamlığa dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı pasiyentlərə tövsiyələr verilib. Pasiyentlər, həmçinin ekstremal və fövqəladə vəziyyətlər - daşqınlar, zəlzələlər, partlayışlar, yanğınlar zamanı ilkin tibbi yardımın təşkili və ilkin tibbi yardım tədbirləri haqqında ətraflı məlumatlandırılıblar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq il ərzində humanitar aksiyaların digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.
Emin Novruzov