Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində bir sıra qərarlar qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, “Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzində dövlət orqanları tərəfindən həyata keçirilməsi təmin edilən xidmətlərin və həyata keçirilən funksional yardımçı xidmətlərin Siyahısı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, miqrasiya sahəsində xidmətlərin göstərilməsi ilə bağlı, əmək pensiyalarının təyin edilməsi və digər xidmətlərin müvafiq dövlət orqanları tərəfindən “ASAN xidmət” Mərkəzində həyata keçirilməsi nəzərdə tutulur.

Nazirlər Kabinetinin digər bir Qərarı ilə “Xüsusi mülkiyyətdə olan bədən tərbiyəsi və idman obyektlərinin təşkili və fəaliyyət Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaya əsasən idman obyektlərinin ümumi sahəsi ən azı 80 m2, təlim məşq sahəsi 60 m2, istirahət yeri 8 m2, tavan yüksəkliyi 2,30 m ölçüdə olmalıdır.

Bunlarla yanaşı, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na edilmiş dəyişikliyə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışan, elmi dərəcəsi olan, işləməyən və əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilməsi üçün əmək kitabçasının surəti, fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələri barədə diplomların surətlərini təsdiq edən sənədlərin təqdim olunması müəyyən edilib.

Nazirlər Kabinetinin 2021-ci il 1 iyun tarixli Qərarı ilə “Taxıl məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin keçirilməsi qaydaları haqqında Əsasnamə”də və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda, eləcə də “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də dəyişikliklər edilib.

Nazirlər Kabinetinin 2021-ci il 2 iyun tarixli Qərarı ilə “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydaları”nda edilmiş dəyişikliyə əsasən ölkədaxili uçuşlar zamanı sərnişinlərdən koronavirusa dair PCR test barədə arayış tələb olunmur. Ölkədaxili uçuşların sərnişinlərinin yalnız şəxsiyyət vəsiqəsinin və müvafiq reys üçün biletinin mövcudluğu yoxlanılır.

Həmçinin Nazirlər Kabinetinin 2021-ci il 3 iyun tarixli Qərarı ilə “Dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının təmin edilməsi ilə əlaqədar Nümunəvi Formalar”da və “Ölçmələrin vəhdətinin təmin edilməsi ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 20 oktyabr tarixli Qərarında dəyişikliklər edilib.

Nazirlər Kabinetinin 9 iyun tarixli qərarları ilə “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nda dəyişiklik edilmişdir. Dəyişikliyə görə sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinin üzvlərinə də üstünlük veriləcəkdir.

“Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaya uyğun olaraq ali təhsil müəssisəsində orta ixtisas təhsili subbakalavr ixtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi orta təhsil bazasında ali təhsil müəssisələrinə orta ixtisas təhsili almaq üçün qəbul olunanlar həm də tam orta təhsil alırlar. Ali təhsil müəssisələrində orta ixtisas təhsili pilləsi üzrə tədris qanunvericiliyə uyğun kredit sistemi əsasında təşkil edilir. Həmçinin ali təhsil müəssisələrindən alınmış orta ixtisas təhsili haqqında sənəd sahibinə uyğun ixtisaslar üzrə ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsinin bakalavriat səviyyəsində ali təhsil almaq üçün əsas hesab edilir.

Eyni zamanda Nazirlər Kabinetinin 2021-ci il 10 iyun tarixli Qərarı ilə “Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiq və həyata keçirilməsi Qaydaları”nda, “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”nda dəyişikliklər edilib.

Bundan başqa, Nazirlər Kabinetinin 2021-ci il 11 iyun tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: