Psixologiyanın cəmiyyətdə və insan həyatında rolu

A- A A+

Sosial həyatın bütün sahələrinin sürətlə inkişaf etdiyi müasir dövrdə psixologiyanın da aktuallığı durmadan artır. Belə bir vəziyyətdə biz psixologiyanın inkişaf mərhələlərini öyrənməklə yanaşı, özümüzü inkişaf etdirməyin, özümüzü təkmilləşdirməyin səmərəli yolları barədə də düşünməliyik.

Psixoloji biliklər insanın və bütövlükdə cəmiyyətin həyatında mühüm rol oynayır. Psixoloji biliklərin mənimsənilməsi insanların özlərini daha xoşbəxt hiss etmələrinə, onların daha rahat həyata sahib olmalarına, fəaliyyətlərində uğur qazanmalarına, öz imkanlarını gerçəkləşdirmələrinə, öz qüvvələrinə daha çox inanmalarına, özünü və ətrafındakı insanları daha yaxından tanımağa, səmərəli ünsiyyət bacarıqlarına yiyələnməyə, şəxsi və sosial problemlərin səmərəli həlli yollarını tapmağa  kömək edir. Psixoloji biliklər, həmçinin insanların davranışının motivasiyasını, arzu və istəklərini, insanları inkişafa və uğura sövq edən səbəbləri də üzə çıxarmağa yardımçı olur. Psixologiyanı öyrənməklə insan bir sıra komplekslərindən qurtulur, şəxsiyyətlərarası münasibətləri daha düzgün başa düşür ki, nəticədə insanın həyatı daha şüurlu və dərkedilmiş xarakter daşıyır. Psixologiyanın öyrənilməsi və onun təcrübədə tətbiq edilməsi şəxsiyyətin formalaşmasının mexanizmi və mərhələlərinin, düzgün davranış tərzinin formalaşdırılmasının və  peşəkar fəaliyyətdə uğur qazanmanın yollarını müəyyən etməyə imkan yaradır.

Digər elmlərdən fərqli olaraq özü, öz fəaliyyəti və başqaları üçün məsuliyyət hissi keçirən hər kəs üçün psixologiyanı bilmək lazımdır. Bu baxımdan psixologiya ilə tibb arasında bəzi oxşar cəhətlərə rast gəlinir. Məsələn, hər bir həkim yaxşı, professional hesab olunmasa da, biz özümüzə və ya yaxınlarımıza yardım göstərmək məcburiyyətində qaldıqda ilk olaraq həkimlərə müraciət edirik. Eynilə bunun kimi, insanın daxili aləmində  və ətrafdakı insanların psixikasında nələr baş verdiyini də anlamaq və bu zaman kömək üçün kimə müraciət etməli olduğumuzu da bilmək vacibdir. Xüsusilə, insan öz “zəif” yerlərini bilmədikdə, asanlıqla başqa insanlar tərəfindən qurulmuş tələyə düşə bilər. İnsan öz dostlarının, hətta həyat yoldaşının şəxsiyyətinin xüsusiyyətlərini bilmədikdə, onların davranışından dolayı tez- tez heyrət və təəccüb dolu anlarla qarşılaşa bilərlər. Bununla yanaşı, şəxsiyyətin xüsusiyyətlərinin öyrənilməsi insanın daha düzgün peşə seçiminə və iş həyatında öz yerini tutmasına imkan yaradır. Beləliklə, psixoloji biliklərin mənimsənilməsi insanlarla daha əlverişli münasibətlərin yaradılmasına, iş və şəxsi həyatdakı bəzi uğursuzluqların qarşısını almağa şərait yaradır ki, bu da psixoloji təhlükəsizliyin əsas şərtlərindən biri hesab edilir.   

Psixologiya elmi bütün problemlərin həllinə çarə olmasa da, insanın həyat və fəaliyyətində qarşıya çıxan bir çox sualları cavablandırmağa və bir sıra məsələlərə aydınlıq gətirilməsinə imkan verir. Müasir dövrdə insanları anlamağa, onlarla ümumi dil tapmağa, gözlənilməz vəziyyətlərdən çıxış yolu tapmağa imkan verən bu cür biliklərin mənimsənilməsi çox vacibdir.

İnsan dünya və onun qanunauyğunluqları, təbiət və cəmiyyət hadisələri,  münasibətlər sistemi barədə özünəməxsus təsəvvürlər sistemi olan sosial bir varlıqdır. İnsanın sosial varlıq kimi  xüsusiyyətlərini psixologiya elmindən başqa heç bir elm öyrənə bilməz. Psixologiya elmi yeni insan tərbiyə etmək, xüsusən də gənc nəslin təlim və tərbiyəsini düzgün qurmaq, yaşlı adamların şüur və rəftarında nəzərə çarpan qüsurları, nöqsanları aradan qaldırmaq işinə də köməklik göstərir, fəaliyyətin müvəffəqiyyətlə idarə edilməsinə, insanların mənəvi rahatlığının təmin edilməsinə, onların əsəb gərginliyinin aradan qaldırılmasına, istər ailədə, istər müəssisədə, istərsə də idarəetmə işində insanlar arasında yaxşı münasibətin təmin olunmasına bilavasitə müdaxilə edir.

Müasir dövrdə psixologiya elmi insan haqqında elmlər sistemində mərkəzi yer tutur. İnsanın ən mürəkkəb aləmini – mənəvi xüsusiyyətlərini, başqa sözlə, ümumən psixi inkişafının qanunauyğunluqlarını, onu idarə etmək və istiqamətləndirmək yollarını öyrənir.

Bir şeyi nəzərdən qaçırmaq olmaz ki, sosial mühitin dinamikliyi insanlar arasındakı münasibətlər sisteminin, eləcə də onların davranış və rəftar tərzinin dəyişilməsində də aydın surətdə nəzərə çarpır. İnkar etmək olmaz ki, bu gün insanların bir-biri haqqında məlumat almaq, bir-birinə bələd olmaq imkanları həddindən artıq genişlənibdir. İnsanların biri-birinə bələd olma imkanları artsa da, müasir dövrdə insanlar arasındakı psixoloji bağlılıq getdikcə zəifləyir, hətta bəzən yaxın adamlar belə yadlaşır. Buradan da belə nəticəyə gəlinir ki, müasir əlaqələr insanların psixologiyasını ciddi surətdə dəyişdirib, onlarda biganəlik, inamsızlıq, adamlar arasında özünü tənha hiss etmək, öz daxili aləminə qapılmaq, intihara meyl halları doğurubdur.

Etiraf etməliyik ki, biz bu gün respublikamızda nə kollektiv daxilində şəxsiyyətlərarası münasibətlərin tənzim edilməsində nə idarəetmədə, nə də tərbiyə və təbliğat işində psixologiyanın imkanlarından lazımınca istifadə edə bilmirik. Buna görə də ayrı – ayrı kollektivlərdə insanlar arasında, eləcə də müəssisə rəhbəri ilə işçilər arasında narazılıq, çəkişmə, dedi – qodu və s. kimi xoşagəlməz halların öyrənilib aradan qaldırılması ləngiyir. Nəticədə, fəaliyyət prosesinə ziyan dəyməklə yanaşı adamların əhval –ruhiyyəsi, səhhəti, onlar arasındakı münasibətlər də zərər çəkir. Ayrı –ayrı hallarda iş yerindəki psixoloji uyuşmazlıq sarsıdıcı əsəb gərginliyinə aparıb çıxarır.

İş prosesində bəzi adamlarda əsəb gərginliyi təkcə ona görə baş vermir ki, onlar ehtirasla, həm də çox işləyib fəaliyyət zamanı özlərini və sağlamlıqlarını unudurlar. Belə hallar daha çox psixoloji zəmində baş verir, başqa sözlə, mənəvi cəhətdən təmin olunmamaq, düzgün başa düşülməmək, haqsızlıqla üz- üzə gəlmək, psixoloji təcrid, düzgün qiymətləndirilməmək və sairədən irəli gəlir. Bu mənəvi cəhətləri izah etmək, fəaliyyətin təşkilinə praktik kömək göstərmək vəzifəsi də psixologiya elminin üzərinə düşür. Kollektivdə şəxsiyyətlər arasında qarşılıqlı hörmətə istinad edən sağlam, işgüzar şərait yaratmaq çox vacibdir. Bunun bir sıra sosial – psixoloji tərəfləri vardır ki, onların böyük əksəriyyətini psixologiya elmi lazımi səviyyədə həll etməlidir. Bütün bu deyilənlər də göstərir ki, psixologiya elmi çox istiqamətli bir elmdir və psixoloji biliklərin zəruriliyini dərk edən hər bir insan mövcud çətinliklərlə bağlı peşəkar psixoloqa müraciət etməlidir. Yaxşı bir psixoloq insanlara həm şəxsi, həm də işlə bağlı bir çox məsələləri aydınlaşdırıb, bəzi məsləhətlər verə bilər.   

Lakin onu da qeyd edək ki, psixologiya elminə münasibət sahəsində respublikamızda vəziyyət o qədər də ürəkaçan deyildir. İndiyə qədər respublikada elmi – tədqiqat  psixologiya laboratoriyasının olmaması, akademiya və universitet sistemində psixoloji tədqiqat qruplarının yaradılmaması, elmin ciddi praktik əhəmiyyət kəsb etdiyi indiki dövrdə normal hal hesab edilə bilməz. Halbuki respublikamızda öz həllini gözləyən, psixoloji tədqiqat obyektinə çevriləcək problemlər çoxdur.       

Bu sahədə kadr potensialı baxımından da çatışmamazlıqlarımız var. Lakin onu da qeyd etməyi özümüzə borc bilirik ki, bu sahədə artıq ilk uğurlu addımlar atılmaqdadır. Naxçıvan Dövlət Universitetində yeni “Psixologiya” ixtisasının açılması da bunun əyani sübutudur. Fikrimizcə, universitetimiz yaxın gələcəkdə psixologiya üzrə ixtisaslı kadrlar hazırlamaqla kadr sahəsindəki bu boşluğu dolduracaq, cəmiyyətə layiqincə xidmət göstərə biləcək psixoloqlar yetişdirməklə bu sahədə növbəti uğurlara doğru irəliləyəcəkdir.  

Salatın Hacıyeva

Naxçıvan Dövlət Universiteti

 “Pedaqogika və psixologiya” kafedrasının dosenti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: