Yolunuz açıq olsun, Vətən oğulları! - FOTOLAR

Heydər Əliyev adına Hərbi Lisey növbəti məzunlarını yola saldı

A- A A+

Yaxşı xatırlayıram, Heydər Əliyev adına Hərbi Liseydən ilk yazım təqribən 13 il bundan əvvəl həmin təhsil ocağında müəllim kimi fəaliyyət göstərərkən məzun kursantlardan aldığım müsahibə materialının dərci oldu. Müsahiblərimdən biri dərs dediyim kursantım Qabil Orucəliyev idi. Qabil tağımda əlaçı kursantlardan olmasa da, çox dinamik və enerjili, seçdiyi yola vurğun bir gənc kimi müəllimləri tərəfindən sevilirdi. Müsahibəsində son sözü bu olmuşdu: “Məqsədim, amalım peşəkar zabit kimi ordu sıralarında xidmət etmək, torpaqlarımızın işğaldan azad olunmasında azacıq da olsa, payımın olmasıdır”.

Hələ Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı kimi 1998-ci ildən fəaliyyətə başlayan bu təhsil müəssisəsində buraxılış mərasimləri  hər zaman yüksək səviyyədə keçirilib. Məzunlara xeyir-dua verilərək seçdikləri bu şərəfli və Vətənin müdafiəsində dayanmaq kimi məsuliyyətli yolda uğurlar arzulanıb, təntənə ilə yola salınıb. Kursantlar göstərilən etimadı doğruldacaqlarına, liseyin adını hər zaman uca tutacaqlarına söz verib, seçdikləri yolda addımlarını qətiyyətlə atıblar.

Zaman o zaman olur ki, müsahibim, leytenant  Qabil Orucəliyev Aprel döyüşlərinə qatılır. Ermənilərin irimiqyaslı təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə yüksəlir. Aprel döyüşləri tarixə Aprel zəfəri kimi düşür, Qabil Orucəliyevin adı isə onlarla silahdaşı kimi bu zəfərin səhifələrində əbədiləşir.

Budur hərb peşəsi-ölümün gözünə dik baxmaq, içdiyin anda sadiq qalmaq, son damla qanına qədər Vətəni müdafiə etmək! Bu amala sahib olan gənclər nə bəxtiyardır! Nə qədər cəsarətli, qətiyyətli, uca bir qəhrəmandır! Düşmənə sipərdir, şəhiddir, qazidir, örnəkdir! Düşmən qarşısında əyilməyən cəngavərdir!

Vətən müharibəsində liseyin 59 məzunu, 59 örnəyi, 59 şəhidi kimi... Düşmənin qarşısından qaçmadılar, son damla qanlarına qədər döyüşdülər, alnımızı açıq, üzümüzü ağ etdilər. Gənc ömürlərini Vətənə fəda etdilər: Elşən Orucov, Vüsal Vəliyev, Telmanlı Allahyar, Məmməd Zamanlı, Həmid Qasımov, Elməddin Meydanov, Raqib Hüseynov, Həsən Quliyev, Zülfü Rzayev, Əli Babayev, Vəli Quliyev, Yaqub Nəcəfov, Mərhəmət Həmzəyev, Fərmin Əliyev və sadalamadığım digər məzunlar, qəhrəmanlar... Hansı ki, hər birinin adı zəfər tariximizdə əbədiləşdi...

17 iyun 2021-ci il. Heydər Əliyev adına Hərbi Lisey növbəti məzunlarını yola salır. Bu dəfə daha fərqli. Ali hərbi məktəbdə təhsillərini davam etdirəcək gəncləri qarşıda torpaqları işğaldan azad etmək yox, azad olunmuş torpaqlarda şərəfli xidmət illəri gözləyir. Şəhid qanı ilə suvarılan o müqəddəs torpaqları göz bəbəyi kimi qorumaq, gələcək nəsillərə əmanət etmək kimi şərəfli missiya gözləyir.

2020-2021-ci tədris ilində Hərbi liseydə 320 kursant təhsil alıb. 124 nəfər kursant məzun olub. Məzunlardan bir neçəsi ilə həmsöhbət olduq.

Bayram Bağırov Culfa rayonunun Yaycı kəndindəndir. Dayısı oğlanları-Nəcəfov qardaşlarından örnək götürərək hərbçi olmağı qərarlaşdırıb. Bayram Bağırov: “Liseyimizin məzunları-dayım oğlanları İbrahim, İsmayıl və Yaqub Nəcəfov qardaşları Vətən müharibəsinin iştirakçısı olub. Leytenant Yaqub Nəcəfov bu müharibədə şəhidlik zirvəsinə yüksəldi, baş leytenant İbrahim Nəcəfov qazidir, İsmayıl Nəcəfov isə Suqovuşanda hazırda xidmətini davam etdirir. Mən də onlar kimi bu şərəfli yolu-Vətənin müdafiəsində dayanmaq yolunu seçdim. Artıq məqsədimin astanasındayam. Çox sevincli və qürurluyam. Lisey həyatı mənə həm bilik, həm yüksək keyfiyyətlər aşıladı. Ən ali duyğu olan vətənpərvərlik ruhuma hopub. Liseyimizin məzunlarının davamçıları olaraq göstərilən etimadı əməli fəaliyyətimizlə doğruldacağıq”.

“Vətən mənə oğul desə, nə dərdim,

“Mamır olub qayasında bitərdim”,- Məmməd Araz yurdundanam-Şahbuz rayonunun Nursu kəndindən. Vətəndaş şairin bu misraları ilə böyümüşük, vətənin hər daşını, qayasını sevməyi öyrənmişik. Lakin Vətəni sevmək azdır, həm də qorumaq gərək. Aprel döyüşləri mənim bu peşəyə yönlənməmdə əsas oldu. O gündən qərar verdim ki, hərbçi olub mən də bu Vətənin keşiyini çəkəcəyəm, təki Vətən mənə oğul desin.”- Kursant Emin Abdullayevlə qısa söhbətimiz onun peşəkar hərbçi kimi  formalaşacağına əminlik hissi oyadır məndə.

Hər biri ilə qürur duyursan. Onlar da qürur duyur, müzəffər ordunun sıralarında xidmət edəcəkləri üçün. “Milli ordumuzun yaradıcısı və qurucusu ulu öndər Heydər Əliyevin adını daşıyan Hərbi liseydə oxumaq şərəfi mənə də nəsib oldu. Bunun məsuliyyətini dərk edirəm. Uşaqlıq arzumu Hərbi Lisey gerçəkləşdirdi. İndi bizi qarşıda daha məsuliyyətli illər gözləyir: ali təhsil və xidmət illəri”. Kursant Elmar Tağıyevin özündən böyük iki qardaşı da ömrünü hərb peşəsinə bağlayıb. Qardaşlardan biri Kənan Tağıyev hazırda Azərbaycan Ali Hərbi Məktəbinin kursantıdır.

Söhbətimizi Muradov Ayhanla davam etdiririk. Lisey həyatı ona bilik verməklə yanaşı, yaxşı dostlar da qazandırıb: “Müəllimlərimiz bizə əsl valideyn qayğısı göstərdilər. Bura bizim üçün doğma ocaqdır. Gələcəkdə harada xidmət etməyimizdən asılı olmayaraq liseyimizi unutmayacaq, mütləq ziyarət edəcəyik. 44 günlük müharibənin qələbə ilə başa çatması bizi daha da ruhlandırdı. Qalib ordunun zabiti olmaqdan gözəl nə ola bilər ki?! Bizə bu duyğunu yaşadan Ali Baş Komandanımıza, şəhid və qazi qardaşlarımıza, bütün hərbçilərə minnətdarıq. Üzərimizə düşən vəzifəni biz də şərəf və ləyaqətlə yerinə yetirəcəyik”.

Yusif Səfərli Şərur rayonunun Tumaslı kəndindəndir. Əmisi oğlu Sərxan Səfərov da liseyin məzunu olub, hazırda ordu sıralarında xidmətini davam etdirir: “Hərb peşəsinə marağı məndə əmim oğlu Sərxan oyatdı. Ailəmin də razılığı ilə liseydə təhsilimi davam etdirdim. Seçimimdən məmnunam. Liseydə təhsil üçün o qədər yüksək şərait yaradılıb ki, oxumamaq günahdır. Həm də bu günün zabiti daha çox biliyə malik olmalıdır. Özümüzü bilik sarıdan da silahlandırmalıyıq. Liseydə təhsil aldığım müddətdə birlik, dostluq, vətənpərvərlik kimi ali keyfiyyətləri əxz elədim”.

Nihad Sadiqovu və Nihad Məmmədlini Ordubad rayonundan Hərbi liseyə gətirən də hərb peşəsinə olan sevgi olub. “Kənardan baxanda bəlkə də asan görünür. Lakin formanı geyinəndən sonra necə çətin və məsuliyyətli bir peşəni seçdiyimizin fərqinə vardıq. Bu yolda inamla məqsədimizə doğru addımlayırıq”,-deyir gənclər.

“Atam ehtiyatda olan zabitdir. Gözümü açandan atamı hərbi formada görmüşəm. Bu peşəni ilk onda sevdim. Liseyə də atam yönləndirdi. Lisey həyatı isə mənə bu peşənin aliliyini, necə şərəfli və məsuliyyətli olduğu hissini aşıladı. Sinif yoldaşım Murad Mirzəyevi də həvəsləndirdim. O da artıq bu liseyin məzunudur və mənim kimi seçimindən məmnundur”. Tahir Məhərrəmov Zəfər paradında iştirakından da danışdı: “Keçən il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında bizim hərbi liseyin iştirak edən kursantları içərisində mən də var idim. O həyəcan, məğrurluq, qürur hissini sözlə ifadə edə bilmərəm. Tək onu deyə bilərəm ki, biz kursantlar müharibənin qələbə ilə başa çatacağına əmin idik. Bu əminlik hissini bizə güclü ordumuz vermişdi. Biz davamlı olaraq keçirilən təlimləri izləyir, ordumuzun gücünün, maddi-texniki bazasının nə qədər zəngin olduğunun şahidi olurduq. Və şanlı ordumuz gözlədiyimiz qələbə sevincini bizə yaşatdı. Biz bu sevinci paraddan keçiddə insanların alqış sədaları altında bir daha yaşadıq”.

Qeyd edək ki, 1998-ci ildə 56 nəfər kursantla fəaliyyətə başlayan Hərbi Liseyin bugünədək 3400-dən çox məzunu olub. Hazırda onlardan 2 minə yaxını Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edir. 173 nəfər xarici ölkədə-Türkiyə, Rusiya, Cənubi Koreya və İtaliyada təhsil alıb, onlardan 134 nəfər hazırda xarici ölkələrdə təhsillərini davam etdirirlər.

İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 21-ci buraxılışı münasibətilə keçirilən tədbirdə iştirak edən Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov kursantlara müraciətlə deyib: Zabit peşəsi çətin və şərəfli peşədir. Ulu öndərimiz öyrədirdi ki, hərbi peşə insandan həm fiziki hazırlıq, həm nizam-intizam, həm dövlətə, vətənə, ölkəyə, doğma torpağa əsl sədaqət, həm də böyük cəfakeşlik, zəhmətsevərlik, mərdlik, qəhrəmanlıq və mətinlik tələb edir. Göründüyü kimi, üzərinizə mühüm vəzifələr düşür. İlk növbədə, vətənpərvər olmalı, hərbi nizamnamənin tələblərini öyrənməli, silah və hərbi texnikandan istifadə vərdişlərinə yiyələnməlisiniz. Bu peşəni seçən hər bir gənc həm də Azərbaycan xalqı və dövləti qarşısında məsuliyyətini dərk etməli, tarixinə və milli-mənəvi dəyərlərinə sahib çıxmalı, ümummilli lider Heydər Əliyev siyasi xəttinə sədaqət ruhunda yetişməlidir. Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə və təminata malikdir. Gələcəkdə müasir hərbi hissələrdə xidmət edəcək, ailələriniz hərtərəfli sosial-məişət şəraiti ilə təmin olunacaqlar. Ona görə də hərtərəfli ali hərbi təhsil almaq, peşəkar zabit kimi yetişmək və göstərilən etimadı doğrultmaq qarşınızda duran əsas vəzifələrdir.

Heydər Əliyev adına Hərbi Liseyin növbəti buraxılış kursantlarına-məzunlara biz də öz növbəmizdə uğurlar arzulayır, Vətənimizə, millətimizə xeyirli olsun deyirik! Yolunuz açıq olsun, Vətən oğulları.

                                                  Ruhiyyə Rəsulova

Naxçıvan Televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: