Hərbi Liseyin 21-ci buraxılış mərasimi Vətən müharibəsində qazandığımız böyük tarixi Qələbə ilə qeyd olunub - VİDEO
Azərbaycanda ordu quruculuğunun əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ötən əsrin 70-ci illərində hərbçi kadrların hazırlanması ilə başlanan bu proses dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ilk milli ordu qurumunun yaradılması, ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Silahlı Qüvvələrin formalaşdırılması ilə davam etdirilib. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq ulu öndərin Sərəncamı ilə 1998-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı, ölkə Prezidentinin Sərəncamı ilə 2004-cü ildə filialın əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb. Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Hərbi Lisey mühüm təşkilatlanma və inkişaf yolu keçib, nümunəvi hərbi tədris sistemi, möhkəm maddi-texniki baza yaradılıb. Görülən işlərin nəticəsidir ki, ixtisaslı hərbçi kadrların hazırlanması üçün bütün imkanlar var. Hərbi liseyə qəbul olunmaq üçün müraciət edənlərin sayı ilbəil artır. Liseydə muxtar respublika ilə yanaşı, ölkəmizin digər bölgələrindən olan gənclər də təhsil alırlar. Xəbər verdiyimiz kimi ötən gün Heydər Əliyev adına Hərbi Lisey kursantlarının 21-ci buraxılış mərasimi keçirilib. Hərbi Liseyin 21-ci buraxılış mərasimi Vətən müharibəsində qazandığımız böyük tarixi Qələbə ilə qeyd olunub.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Yaqub İsayev