Sədərək rayonunda taxıl biçininə başlanılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respulikanın bütün bölgələrində, o cümlədən Sədərək rayonunda taxıl biçininə başlanılıb.
2021-ci ilin məhsulu üçün Sədərək rayonunda 2 min 291 hektar sahədə taxıl əkilib. Bu günə qədər 525 hektar sahədən 1883 ton taxıl tədarük olunub. Sahələrdə əkinin şırım üsulu ilə aparılması, normalara uyğun gübrə verilməsi taxılın vegetasiya dövründə daha yaxşı inkişafına və məhsuldarlığın artmasına səbəb olub.
Taxıl əkini ilə məşğul olan torpaq mülkiyyətçilərini bu sahəyə həvəsləndirən əsas amillərdən biri məhsulların əllərində qalmamasıdır. Naxçıvan şəhərində “Bərəkət” Buğda Məhsulları MMC-i sahibkarlar tərəfindən gətirilən taxılı yerində pulu ödəməklə təhvil alır. Taxılın qəbul qiymətlərində hər il artımın müşahidə olunması bu sahəyə marağı ilbəil artırır. Ötən il tədarük olunan buğdanın bir kiloqramının 38, arpanın isə 35 qəpikdən mərkəzləşən qaydada satın alınması taxıl əkininə və onun vaxtında itkisiz yığılmasına marağı daha da artırıb. Bu il isə taxılın alış qiymətləri daha da artırılıb. Belə ki, fermerlərin, ailə təsərrüfatçılarının istehsal etdikləri arpanın 1 kiloqramı 40 qəpikdən, buğdanın 1 kiloqramı 45 qəpikdən, qarğıdalının 1 kiloqramı isə 40 qəpikdən satın alınacaq. Tədarük olunan məhsulun ödənişi yerində və nağd formada həyata keçiriləcək. Bütün bunlar bol taxıl istehsalına zəmin yaradıb. Odur ki, bu ilki mövsümdə sahələrdən daha çox taxıl götürüləcəyi mümkün olacaq.
Qeyd edək ki, muxtar respublikada etibarlı ərzaq təminatının yaradılması dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Son dövrlər geniş vüsət alan meliorasiya və irriqasiya tədbirləri, taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, keyfiyyətli toxum sortları və texnikalarla təminatı bol məhsul istehsalına, biçin kampaniyasının vaxtında və itkisiz başa çatdırılmasına imkan verir.
Röyal Kərimov