Antonio Quterreş: Pandemiya bəşəriyyətin ümumi zəif cəhətlərini, qarşılıqlı asılılığını və kollektiv şəkildə hərəkət etməyin mütləq zərurət olduğunu göstərdi
Pandemiya bəşəriyyətin ümumi zəif cəhətlərini, qarşılıqlı asılılığını və daha yaxşı gələcəyə gətirib çıxaracaq kollektiv şəkildə hərəkət etməyin mütləq zərurət olduğunu göstərdi.
NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin xəbərlər saytına istinadla bildirir ki, BMT Baş Assambleyası Təhlükəsizlik Şurasının tövsiyəsinə əsasən, Antonio Quterreş ikinci beşillik müddətə - 2022-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək Baş katib vəzifəsinə təyin ediləndən sonra ilk çıxışında bu fikirləri söyləyib.
BMT-nin rəhbəri deyib: “İkinci səlahiyyət müddətində müsbət ssenarinin reallaşmasına kömək etmək üçün əlimdən gələni edəcəyimə söz verirəm”.
Son il yarımın BMT tarixində nadir dövr olduğunu söyləyən Quterreş COVID-19 pandemiyasının ağır nəticələrini xatırladaraq deyib: “Milyonlarla ailə öz yaxınlarını itirib. Dünya BMT-nin yaradıldığı vaxtdan bəri ən böyük təhlükələrdən biri ilə üzləşib. Biz gördük ki, pandemiya bizim cəmiyyətlərin zəif yerlərini üzə çıxardı”.
Pandemiya səbəbindən 114 milyon iş yeri itirilib, dünya əhalisinin 55 faizdən çoxu sosial müdafiədən məhrum olub. Son 20 ildə ilk dəfə yoxsulluğun miqyasının artması ehtimalı yaranıb. 2020-ci ildə ifrat yoxsulluq həddində olanların sayı 119-124 milyon nəfər artıb. Böhran dövründə gəlir səviyyəsi aşağı olan ölkələrdə hiddətləndirici qeyri-bərabərlik təzahürləri daha çox üzə çıxıb, əhalinin ən həssas təbəqələri, o cümlədən qadınlar bu qeyri-bərabərlikdən əziyyət çəkiblər.
Quterreş iqlim dəyişmələri, biomüxtəlifliyin azalması, ətraf mühitin çirklənməsi, qeyri-bərabərliyin artması, insan haqlarının müdafiəsi, münaqişələr və yeni pandemiya ehtimalı ilə bağlı problemləri də xatırladıb.