Muxtar respublikada enerji təhlükəsizliyi təmin edilib - FOTOLAR

295

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 iyun tarixli Sərəncamına əsasən hər il iyunun 20-si Qaz Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Ümummilli liderimiz  Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq ölkəmizdə enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm qərarlar qəbul etmiş, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində kompleks tədbirlər görülmüşdür. 1980-ci ildə Naxçıvan Muxtar Respublikasına yüksəktəzyiqli qaz xətti çəkilmiş, yaşayış məntəqələrinin 52 faizi mavi yanacaqla təmin edilmişdir. Lakin ötən əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində muxtar respublika blokada vəziyyətinə düşmüş, bütün kommunikasiya xətləri kəsilmiş, o cümlədən qazın ötürülməsi dayandırılmışdı. Uzun fasilədən sonra 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa edilmiş və yaşayış məntəqələri tam qazlaşdırılmışdır. Hazırda muxtar respublikada 91 min 817  qaz istehlakçısı vardır ki, bundan 88 min 989-u  əhali, 2828-i isə qeyri-əhali abonentdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikanın enerji təhlükəsizliyi sahəsində görülən işləri yüksək qiymətləndirərək demişdir: “Naxçıvanda enerji təhlükəsizliyi məsələləri öz həllini tam şəkildə tapıbdır. Bu da çox sevindirici haldır. Bu gün Naxçıvan 100 faiz səviyyəsində qazlaşdırılıbdır. Bütün yaşayış məntəqələrində təbii qaz vardır”.

Muxtar  respublikada qaz təsərrüfatının inkişafı daim diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq 2013-cü ildə 27.9 kilometr uzunluğunda Naxçıvan-Şahbuz orta təzyiqli magistral qaz kəməri istifadəyə verilmişdir. Bundan başqa, uzunluğu 76,6 kilometr olan Naxçıvan-Sədərək magistral qaz kəməri 558,8 millimetr diametrli 8 millimetr qalınlıqda izolyasiyalı borularla yenidən çəkilmişdir.  Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti Naxçıvan-Sədərək yüksək təzyiqli magistral qaz kəmərində təzyiqin artırılması məqsədi ilə Naxçıvan şəhər qaz paylayıcı stansiyasında yeni qaz kompressor stansiyasının qurulması üçün 3 tərəfli müqavilə imzalamışdır. Stansiyada avadanlıqlar quraşdırılıb,  işlər başa çatmaq üzrədir.Təbii qaz təchizatının etibarlılığını və səmərəliliyini artırmaq üçün Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəmərinin üzərindəki kran meydançasından “Naxçıvan Qaz Turbin - Sement Zavod” qaz paylayıcı stansiyasına zavod şəraitində izolyasiya olunmuş polad  borularla yüksək təzyiqli qaz kəməri çəkilmişdir.

“Naxçıvan” və “Modul” qaz paylayıcı stansiyasında olan ROC-407 qaz sayğacının istismar müddətinin başa çatması və ehtiyat hissələrinin istehsalının dayanmasını nəzərə alaraq hər bir stansiyada Almaniya istehsalı olan G-650 markalı Elster tipli 2  qaz sayğacı quraşdırılmışdır. Onlardan 1-i istismara verilməklə digəri  ehtiyatda saxlanılmışdır.  Xidmətin qaz paylayıcı stansiyalarında Elster sənaye elektron qaz sayğacları üçün qaz nəqli proseslərinin uzaq məsafədən idarə edilməsi və operativ nəzarət üzrə informasiya-ölçü qeydiyyat sistemi yaradılmışdır. Naxçıvan şəhəri üzrə dairəvi yeraltı orta təzyiqli  paylayıcı qaz kəməri üzərində korroziyaya qarşı Katod mühafizə avadanlığı quraşdırılmışdır.

İstehlakçılara verilən təbii qazın dayanıqlı olması üçün sistemin müasirləşdirilməsi işinin davam etdirilməsi məqsədilə istismarda olan təzyiq və qaz tənzimləyicilərinin, daşıyıcı, paylayıcı qaz kəmərlərinin, nəzarət ölçü cihazlarının və digər texnoloji avadanlıqların yenilənməsi istiqamətində Qaz İstismar Xidməti işləri tam nəzarətə götürmüş, təbii qaz təchizatının yaxşılaşdırılması və etibarlılığının artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Həyata keçirilən geniş miqyaslı tikinti-quruculuq işləri ilə əlaqədar olaraq müvafiq sosial obyektlərin, inzibati binaların qaz təchizatı yenidən qurulur.

Muxtar respublika ərazisində təbii qazdan səmərəli istifadəni təmin etmək məqsədilə təzyiqin normalara uyğun saxlanılması üçün texnoloji rejim  yaradılmış və sərfiyyat qeydiyyatının aparılması  nəzarətə götürülmüşdür. Avtomat qaz paylayıcı stansiyalarda avadanlıqlara texniki xidmət işləri qrafik üzrə həyata keçirilmiş, cari təmir işləri görülmüş, nasazlıqlar aradan qaldırılmışdır. Həmçinin maşın-mexanizmlər, qaynaq və digər avadanlıqların texniki vəziyyəti yoxlanılaraq, çətin şəraitdə etibarlı istismar üçün hazır vəziyyətə gətirilmişdir.

Muxtar respublikada qaz təsərrüfatında infrastrukturun təkmilləşdirilməsi məsələləri də daim diqqət mərkəzində saxlanılır. Bu tədbirlər çərçivəsində aşağı təzyiqli qazdan istifadə edən istehlak obyektlərində smartkarttipli elektron qaz sayğaclarının quraşdırılması davam etdirilir. Bu günə qədər 20 min 230 smartkarttipli elektron qaz sayğacı və mühafizə qutusu quraşdırılmışdır. Bu sahədə görülən işlərin davamı olaraq muxtar respublikada təbii qaz istehlakçıları tərəfindən istifadə olunan və qaz təsərrüfatında istismarda olan nəzarət-ölçü cihazlarının yoxlanma və kalibrlənməsi  laboratoriyası fəaliyyət göstərir.

Kadr potensialının artırılması, qaz istismar sahəsində çalışanların ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi vacib məsələdir. 2016-cı il tarixdən başlayaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinin ixtisasartırma kursu fəaliyyətə başlamışdır. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə şəhər, rayon qaz istismar idarələrinin işçiləri müntəzəm qaydada kurslara cəlb olunmuşdur. Kursu bitirən müdavimlərə müvafiq qaydada sertifikatlar təqdim edilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvan Dövlət Texniki Kolleci üzrə İstilik təchizatları və istilik texnikası avadanlıqları ixtisası Qaz İstismar Xidmətinə hamiliyə verilmişdir. Hamiliyə verilən müvafiq  ixtisas üzrə tələbələrin tədrisinə köməklik etmək məqsədi ilə kollecində  qaz təchizatı avadanlıqlarının kabinəsi yaradılmış, kabinə  müxtəlif avadanlıqlarla  təchiz edilmişdir.

Təbii qazdan təhlükəsiz və səmərəli istifadə olunması məqsədilə abonentlərin maarifləndirilməsinə xüsusi diqqət yetirilir, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün mütəmadi olaraq iş aparılır. Təbii qazdan qanunsuz istifadəyə qarşı mübarizə tədbirləri həm sakinlərin təhlükəsiz yaşayışı, həm də fasiləsiz enerji təchizatının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Təbii qazdan səmərəli istifadə edilməsi və qaz sayğaclarına müdaxilələrin aradan qaldırılması məqsədilə hüquq-mühafizə orqanları ilə birlikdə reydlər keçirilir.

Qaz təsərrüfatı işçiləri yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da muxtar respublikada enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək, abonentlərin təbii qazla fasiləsiz təminatı üçün səylə çalışacaqlar.

 

Naxçıvan Muxtar Respublikası

Qaz İstismar Xidməti

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: