Güllərin şahı qızılgül

A- A A+

Yurdumuzda ilin bütün fəsilləri gözəldir. Dağları dümağ qara bələyən qışı da, dəli küləkləri, saralmış yarpaqları, insan könlünə qəmli duyğular gətirən payızı da, isti yayı da. Amma bir fəsil var ki, hər il onun gəlişini, dünyaya bir sevgi nəğməsi kimi yağmasını, sənin bütün varlığını, hiss və duyğularını gözəllik işığına qərq etməyini gözləyirsən. O da bahardır. Baharı ona görə çox sevirik ki, bahar çiçək ətri ilə gəlir. Təbiət gözəlləşir. O, çöllərə-çəmənlərə “sehrli əlin” çəkərək dağı-dərəni, hər yanı yaşıllaşdırır. Rəngbərəng güllər-çiçəklər açır. Belə çiçəklərdən biri də hər birimizin qoxusundan doymadığımız qızılgüldür. Elə ki, may ayının 15-i oldu, qızılgüllər açaraq öz gözəl görünüşü və xoş ətri ilə bağ-bağçalarımızı bürüyür. Hər birimizə məlumdur ki, güllər canlı təbiətdə insan həyatının istənilən anında onu müşayiət edən incə gözəlliklərdir. Belə ki, insan dünyaya gələndə onu ziyarətə gələnlər arasında mütləq gül dəstəsi gətirənlər olur. Hər il özəl günlərdə ilk ağlagələn hədiyyə gül olur, ad günlərində, toy mərasimlərində və sair. Bu gül dəstələri içərisində isə qızılgülün ayrı bir yeri var. Çünki qızılgül təbii gözəlliyi və ətri ilə insanları valeh edir.

Ta qədim zamanlardan qızılgülün yağı və suyu müalicəvi və kosmetik vasitə kimi geniş istifadə olunur. İnsanların əksəriyyəti bilir ki, qızılgülün ətri əhval-ruhiyyəni yaxşılaşdırır. Bunu tibb də təsdiq edib. Qızılgülün ətri insanın sinir sisteminə sakitləşdirici təsiredici qüvvəyə malikdir və stress, depressiya ilə mübarizə etməyə kömək edir. Qızılgül əsl təbii antidepressantdır. Gərgin iş günündən sonra üzünüzü qızılgül suyunda isladılmış pambıqla silin və bir qədər uzanın. Bu sizi sakitləşdirəcək və gərginliyin azalmasına kömək edəcək. Baş ağrıları, miqren zamanı pambıq parçanı gül suyunda bir qədər isladın və alnınıza qoyub uzanın. Bu, baş ağrılarını azaldacaqdır. Damaq problemləri zamanı, yəni, iltihablar, damaqların həssaslığında sağaldıcı təsiri güclüdür. Ağız boşluğu qızılgül suyu ilə bir neçə gün qarqara edildikdə iltihab azalır. Qızılgül suyu həzm sisteminə çox müsbət təsir edir, mədə-bağırsaq sistemində olan iltihabları azaldır və ya tamamilə sağaldır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır.

Milli mətbəximizdə bu bitkinin ləçəklərindən kompot, gülqənd, gülməşəkər və mürəbbə hazırlanaraq qışa saxlanılır. Mürəbbəsi çay süfrəsinin bəzəyidir. Mürəbbə həm çox dadlı, həm də çox faydalıdır. Ürək xəstəlikləri, stress zamanı bu mürəbbə əsl təbii dərmandır. Gül mürəbbəsi immun sistemini möhkəmləndirir, iltihabı azaldır.

Mürəbbənin hazırlanma qaydası isə belədir: ləçəkləri səhər-səhər şehi quruyan kimi yığmaq məsləhətdir ki, ətri daha gözəl olsun. Ləçəkləri toplayarkən ağımtıl hissələri kəsmək yaxşıdır.

Gülqəndi də hazırlamaq üçün mürəbbədə olduğu kimi ləçəklər təmizlənir, yuyulur, suyu qurudulur. Sonra ləçəklər geniş bir qaba tökülərək üzərinə şəkər tozu əlavə edilir, yaxşıca ovulur. 15-20 dəqiqə ovduqdan sonra şüşə bankalara yığılaraq ağzı bağlanılır. Və 3-4 aydan tez açılmamaq şərtilə günəvər bir yerdə saxlanılır.

Hazırlanan gülqənddən həm çay içəndə, həm də şərbət hazırlayaraq istifadə edə bilərik. Bütün bunlarla yanaşı, qızılgüldən hazırlanan və özündə müqəddəslik ehtiva edən gülab suyu isə dini mərasimlərimizdə də istifadə edilir.

                                                                                                 “Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: