Bir gün şəhid olsam... - Qarabağa ilk ayaq basan qəhrəman şəhid Ramil Əliyev - VİDEO

A- A A+

Hər şey o gün başlamışdı. Milli Ordumuzun hərbçiləri Ali Baş Komandanın bir əmrilə təmas xəttini yararaq, ilk qələbə sevincini yaşatdılar bizə. Həmin hərbçilərimizdən biri Azərbaycan Silahlı Qüvvələrinin  ən gənc BMP tank komandirlərindən olan şəhid leytenant Ramil Əliyev idi.

Ramil 1996-cı ilin bir yaz günündə Babək rayonunun Güznüt kəndində göz açmışdı dünyaya. Orta təhsilinə bu kənddə başlayan Ramilin yolu 2011-ci ildə Heydər Əliyev adına Hərbi liseydən keçir. Ardınca isə təhsilini davam etdirərək Azərbaycan Ali Hərbi Məktəbini bitirir və 2018-ci ildə zabit kimi Beyləqan rayonunda müqəddəs xidmətinə başlayır.

Sentyabrın 27-i səhər saatlarından təmas xəttini yarıb döyüşlərdə irəliləyərək müvəffəqiyyət əldə edən leytenant sentyabrın 28-i düşmən snayperindən açılan atəş nəticəsində şəhidliyə ucalır. Onun nəşi 48 gün tapılmır. Sanki bunu əvvəlcədən duyaraq, bir beyt şeirlə qəlbindəkiləri ailəsinə yadigar qoyub:

Bir gün şəhid olsam, Vətən elində

Qoymayın nəşimi düşmən əlində,

Araz sahilində Gözləyin məni,

Öz ata yurduma göndərin məni!

O, Vətən üçün döyüşdü, şəhid oldu, nəşi düşmən əlində qalmadı. Noyabrın 17-si ata yurdunda, doğma torpaqda böyük izdihamla son mənzilə yola salındı.

Ramil Əliyev xidməti vəzifəsini yerinə yetirən zaman diplom və fəxri fərmanlara layiq görülüb. Ölümündən sonra isə Ali Baş Komandan tərəfindən 3 medalla təltif olunub- “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və     “İgidliyə görə”.                                        

Yaşasaydı, şərəflə və ləyaqətlə xidmət etdiyi ordunun 103-cü ilini Milli Ordunun qalib zabiti kimi qeyd edəcəkdi. Ancaq indi onun zabit adı yerini ən şərəfli ada verdi. Qalib ölkənin qalib şəhidi adına! Sənin adın hər birimizin qəlbində əbədi yaşayacaq, Şəhid Ramil Əliyev, ucaldığın zirvən mübarək!

 

                                                                      Elnurə Tahir

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: