Müzəffər Nəsirli yaradıcılığında “Şərq qapısı” qəzeti

A- A A+

Zəngin maarifçilik ənənələrinin, Naxçıvanda ziyalı mühitinin, açıq fikirli insanların çoxluğunun təsiri ilə yaranmış “Şərq qapısı” qəzetinin ilk sayının nəşr olunmasından 100 il ötür. “Şərq qapısı” qəzeti yarandığı ilk günlərdən Naxçıvanda maarifin, mədəniyyətin, elmin inkişafına töhvələr verib, bir çox ədiblərimizi, elm adamlarımızı ətrafında birləşdiribdir.

Maraqlı faktlardan biri də odur ki, hələ 1970-80-ci illərdə ümummilli liderimiz Heydər Əliyev də bu qəzetin cəmiyyətdə oynadığı rol və ictimai fəallığını nəzərə alaraq ona qayğı göstərib. “Şərq qapısı” qəzetinin böyük formatda nəşri təmin edilib, həmin zamanlar çox aktual olan xalqımızın milli dəyərlərinə və mədəniyyətinə  həsr edilən yazıların mütəmadi onun səhifələrində işıq üzü görülməsi üçün geniş imkanlar yaradılıb. Qəzetin 50 illik yubileyi qeyd edilib.  1990-cı illərdə isə “Şərq qapısı” qəzeti görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın xilası naminə həyata keçirdiyi tədbirləri və qəbul etdiyi tarixi qərarları geniş xalq kütləsinə çatdıraraq informasiya blokadasının aradan qaldırılmasında və milli dövlət quruculuğu yolunda fəal mübarizlərdən olub.   

Qəzetin bir əsrlik bu cür uğurlu fəaliyyətini nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov onun 100 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sözsüz ki, hədəf təkcə qəzetin yaranma tarixi deyil, həm də bir mətbuat orqanı kimi fəaliyyətinin geniş şəkildə tədqiqi, təhlili və sağlam yaradıcı ənənələrin yaşadılmasıdır. 

Qəzetin tarixinə nəzər saldıqda görürük ki, Naxçıvanda jurnalistikanın və ədəbiyyatın inkişafında “Şərq qapısı” qəzetinin rolu böyükdür. 1920-ci illərin ictimai-siyasi, ədəbi-mədəni mühitini özündə əks etdirən qəzetin nəşr olunması o zamanki ziyalılar üçün çox böyük hadisə və əhəmiyyətli tribuna idi. Ona görə də qəzetin səhifələrində Azərbaycanın görkəmli ədibləri, naxçıvanlı şair və yazıçıların əsərləri tez-tez dərc olunur, nəticədə təəssübkeş  geniş oxucu kütləsini ətrafında toplayırdı. “Şərq qapısı” qəzetinin yaranması və  fəaliyyəti ilə bağlı tanınmış şair və dramaturq Müzəffər Nəsirlinin şəxsi arxivində yetərincə material var. Şairin “Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat,  1920-1970-ci illər” adlı hələ dərc olunmayan tədqiqat əsərində bununla bağlı çox dəyərli və maraqlı faktlar var. Həmin illərdə Naxçıvanda gedən ədəbi proseslərin bilavasitə iştirakçısı olan gənc şair Müzəffər Nəsirli və onun kimi digər yaradıcı gənclər  üçün bu qəzet sözün əsl mənasında geniş auditoriya, oxucu kütləsi demək idi. Qəzetin yaranması ilə bağlı Müzəffər Nəsirli yazır: “1921-ci ildə Naxçıvan Ölkə Şuralar Qurultayının qərarı  ilə Naxçıvanda Müəllimlər Seminariyası təsis edildi. Əvvəl “Şərq füqərası”, “Füqəra səsi”, “Naxqaray” (Nax.kray- yəni Naxçıvan diyarı. S.C.) adla  Azərbaycan və rus dillərində qəzetlər nəşr edildi. Sonra bu qəzet “Şərq qapısı”na çevrildi. Qəzetin nəşri Naxçıvan ölkəsinin mədəni həyatında ilk fərəhli hadisə oldu. Qəzetin nəşri ilə əlaqədar olaraq ədəbiyyat həvəskarlarının və mətbuat işçilərinin böyük bir dəstəsi yetişdi.

Ədəbi gənclik yeni həyatın gətirdiyi azadlıq və səadəti “Şərq qapısı” qəzeti səhifələrində məhəbbətlə tərənnüm etməyə başladı”.  

Göründüyü kimi “Şərq qapısı” elə ilk illərdə iki dildə çap olunmaqla Naxçıvanda gedən ictimai-siyasi, ədəbi prosesləri daha geniş oxucu kütləsinə çatdırırdı. Qəzetin iki dildə nəşr olunması isə həmin illərdə Naxçıvanda yetərincə səviyyədə intellektli cəmiyyətin olduğunu da sübut edir.

Təbii ki, Müzəffər Nəsirli öz yazılarında qəzetin ədəbiyyat aləmi ilə bağlı olan məqamları daha geniş şəkildə qabardıb. Nəticədə isə qəzetin nəşri ilə yanaşı ədəbi mühitin də paralel inkişafını təhlil etmək mümkündür. O da məlum olur ki, qəzetin əməkdaşları ilk illərdə yaradıcı cəmiyyətlərdə uğurla təmsil olunur, jurnalistika ilə yanaşı ədəbi əsərlər də yazırdılar. Müzəffər Nəsirlinin daha bir faktı bunu təsdiq edir: “Lakin Naxçıvanda hələ rəsmi surətdə Proletar Yazıçılar Cəmiyyəti təşkil olunmadı. Yalnız bir ildən sonra Naxçıvan partiya təşkilatının təşəbbüsü ilə “Gənc qızıl qələmlər” (1928-ci ildə) ədəbi birliyi yaradıldı.

“Şərq qapısı” qəzetinin redaktoru Abbas Gülməmmədov və Naxçıvan Muxtar Respublikası Xalq Maarifi komissarı V. Həsənzadə, Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi sədri M. Babayev, gənclərdən Əyyub Abbasov, Müzəffər Nəsirli, Əsgər Kəngərli, Nemət Hüseynov, Səkinə Rzalıdan ibarət rəyasət heyəti yaradıldı. Bu yeni ədəbi birliyə Əyyub Abbasov rəhbərlik etdi”.

O da faktdır ki, həmin illərdə mövcud sosial mühiti təbliğ edən qəzetdə  ilk dəfə şeir və hekayələr yazmağa başlayan gənclərin də əsərləri çap olunurdu. Bu yazılar  məhz “Şərq qapısı”nda çap olunmaqla öz müəlliflərini məşhurlaşdırırdı. Qəzet sözün əsl mənasında yaradıcı mühitin inkişafına təkan verən güc kimi çıxış edirdi. Gənc şair Bayram Mərdanlı, Məhəmməd Rasizadə (H. Cavidin qardaşı), Məmmədəli Tarverdiyev və başqaları tez-tez qəzetə şeirlər göndərirdilər. Bundan başqa yaradıcı gənclərin və yaşlı sənətkarların bu marağını nəzərə alan qəzet rəhbərliyi onlar üçün geniş imkan yaratdı. “Şərq qapısı” qəzetəsində müntəzəm “Ədəbiyyat səhifəsi” , “Komsomol səhifəsi” verilir və burda gənclərin hekayə və şeirləri çap olunurdu”.(M.N.)   

Ədəbi mühitin formalaşması və yeni yaradıcılıq imkanlarını gənc nəslə öyrətmək üçün Bakıdan gələn təcrübəli mütəxəssislərin gördüyü işlər, fəaliyyətləri də həmin dövrdə “Şərq qapısı”nın diqqət mərkəzində idi. Ədib öz yazısında bununla bağlı qeyd edir:  “Hüseyn Mehdi yoldaşın Naxçıvana gəlməsilə əlaqədar olaraq “Şərq qapısı” qəzetəsində “Ədəbi gəncliyin sağlam yaradıcılığı uğrunda” adlı redaksiya məqaləsi çap edildi. Həmin məqalədə yazılırdı ki, yerli təşkilatlar gənclərin yaradıcılığına istiqamət vermir, gənclər isə öz əsərləri üzərində lazımınca işləmirlər...”. Bu fakt isə onu göstərir ki, ilk illərdən qəzet  müxtəlif problemlərin həlli ilə bağlı məsələlərə laqeyd qalmır, gedən ədəbi prosesləri olduğu kimi öz səhifəsində işıqlandırırdı. Bu, qəzetin demokratik prinsiplərə əməl etməsi, söz, mətbuat azadlığına verdiyi ənənəvi dəyərin nümunəsidir.    

“Şərq qapısı” qəzeti həmin illərdə cəmiyyətdə və ictimai-siyasi həyatda baş verən hadisələri olduğu kimi oxuculara çatdırırdı. Bundan başqa ədəbiyyatın inkişafına olduqca ciddi təkan verdi. Öz səhifələrində ədəbi nümunələri çap etməklə yanaşı ilk dəfə Naxçıvan Muxtar Respublikasında öz  mətbəəsində kitab da nəşr etdirdi.  Bu mühüm məsələ də Müzəffər Nəsirlinin diqqətindən yayınmayıb: “1932-ci ildə “Şərq qapısı”nın mətbəəsində M.Ə.Tarverdiyevin readktorluğu, Lətif Hüseynzadənin giriş sözü ilə Əyyub Abbasovun “Mübarizə” adlı ilk şeir kitabı nəşr edildi... Kitabda toplanan şeirlər bədii cəhətdən zəif olsa da şairin mövzu dairəsinin genişləndiyini göstərirdi”.

“Şərq qapısı” qəzetinin artan nüfuzu ilə yaradıcılıq imkanları heç də üst-üstə düşmürdü. Çünki 1930-cu illərdə ölkədə mövcud hakimiyyətin apardığı kollektivləşmə siyasəti heç də hamı tərəfindən birmənalı şəkildə qəbul edilmirdi. Bu zaman isə təbii ki, gedən prosesləri daha yaxşı təbliğ və təşviq etmək məqsədilə dövlət qəzetin və ədəbi mühitin üzərinə çox böyük iş düşdüyünü bilirdi. Ona görə də muxtar respublikada fəaliyyət göstərən qəzetlər üçün Bakıdan  daha təcrübəli peşəkar mütəxəssislər göndərilirdi. Bu işi daha çox yazıçı və  şairələrə həvalə edirdilər. Onlar isə öz gəlişləri ilə həm qəzetçiliyi, həm də ədəbi mühiti müasirləşdirirdilər.  “Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat,  1920-1970-ci illər”indən oxuyuruq: “1932-34-cü illərdə Naxçıvanda ədəbi gəncliyin sayı xeyli artsa da onların yaradıcılığı hələ sənətkarlıq cəhətdən təkmil deyildi. Proletar Yazıçılar Cəmiyyəti ləğv edilsə də, hələ Naxçıvanda Sovet Yazıçıları İttifaqının vilayət şöbəsi yaradılmamışdı. Bu vəziyyət uzun müddət davam etmədi. 1933-cü ildə Mirzə İbrahimov Naxçıvan MTS siyasi şöbəsinin orqanı “Sürət”, Əli Vəliyev Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin orqanı “Şərq qapısı” qəzetinə redaktor vəzifəsinə işləməyə gəldilər”.

Bu faktdan isə məlum olur ki, o zaman “Şərq qapısı” ilə yanaşı kənd təsərrüfatı sahəsini yeni texnika ilə təchiz edən bir qurumun da (MTS) “Şürət” adlı mətbu orqanı nəşr edilirdi.

Qəzet mütəmadi olaraq digər sahələrlə yanaşı ədəbiyyat aləmində baş verənləri daha həssaslıqla izləyir və hər bir hadisəni öz səhifəsində işıqlandırırdı. Müzəffər Nəsirlinin yazdığına görə qəzetdə “Ədəbiyyat xronikası” adlı ayrıca bölmə fəaliyyət göstərirdi. Bu səhifədə ədəbiyyat aləmi ilə bağlı hesabatlar yer alırdı. Bununla bağlı bir neçə faktı oxucuların diqqətinə çatıdırırıq”

“...Fikrimizi təsdiq etmək üçün “Şərq qapısı” qəzetinin 5 may 1934-cü il (№ -128, 1188)  nömrəsindəki “Ədəbiyyat xronikası”na müraciət edək:  “Naxçıvan Sovet Yazıçılarının iclasında yazıçılar qurultayına hazırlıq haqqında Mirzə İbrahimov yoldaş məruzədə bulundu. Mərkəzi Komitənin tarixi qərarından sonra Azərbaycan ədəbiyyatında əmələ gələn dönüş və müvəffəqiyyətlər üzərində dayanaraq Hüseyn Cavid, Cəfər Cabbarlı, Qantəmir, S. Vurğun, Rəsul Rza, Əbülhəsən, Sabit Rəhman və başqa yazıçıların yaradıcılığından sosializm-realizm məsələsindən bəhs etdi”.

“...5 may 1934-cü ildə “Şərq qapısı” qəzetində M. İbrahimov yoldaşın Naxçıvanda yeni əsərlər üzərində işlədiyi haqqında aşağıdakı məlumatı oxuyuruq”...

“...Yazıçılarımızdan yoldaş Mirzə İbrahimov “Alagöz” romanının birinci hissəsini yazıb qurtarmışdır.” (“Şərq qapısı” № -128 (1188) 5 may 1934-cü il”).

“...Bu haqda “Şərq qapısı”nın 1 may 1934-cü il nömrəsində belə yazılmışdır: “Partiyamızın tarixi qərarından sonra Naxçıvanda Sovet Yazıçıları İttifaqı yenidən təşkil olundu. İttifaqın heyətində aşağıdakı üzvlər seçildi”..

“...Qəzetin “Ədəbiyyat xronikasın”da deyildiyi kimi həmin iclasda eyni zamanda M. İbrahimov, Əli Vəliyev və Baqi Hüseynov yoldaşlar Naxçıvan Yazıçılar Təşkilatından Azərbaycan Yazıçılarının I Qurultayına nümayəndə seçildilər. 8 may 1934-cü ildə “Şərq qapısı” qəzetinin 2 və 3-cü səhifələri də Azərbaycan yazıçılarının I qurultayına həsr olunmuşdur. Səhifədə qocaman şair Məmməd Rasizadənin “Firdovsi ”, Lətif Hüseynzadənin “Gülər”, “Canilərə ölüm” adlı hekayələri , Əkbər Əylislinin “Komsomolçu Qulam” poemasından, Qurban Qurbanovun Naxçıvanda Sovet hakimiyyətinin qələbəsinə həsr edilmiş “Qurtuluş” pyesindən bir səhnə çap olunmuşdur”.

“...“Şərq qapısı” qəzetinin redaktoru Əli Vəliyev və Mirzə İbrahimov yoldaşların təşəbbüsü ilə Naxçıvan mətbəəsində böyük formatda “Ədəbiyyat qəzeti” də çap edildi. Qəzeti Mirzə İbrahimov özü redaktə edir və qəzet ətrafında ümidverici gəncləri toplayırdı. Çox təəssüf ki, “Ədəbiyyat qəzetəsi”nin ömrü az oldu. Bir neçə nömrədən sonra nəşri dayandırıldı”... Beləliklə, 1980-ci illərə qədər, yəni Müzəffər Nəsirlinin vəfatına qədər qəzetin səhifəsində ədəbi aləmlə bağlı  verilən mühüm məlumatlar, dərc edilən şeirlər, hekayələr, resenziyalar bu yazıda öz əksini tapıb. 

Bütün bunlar onu göstərir ki, 1920-ci illərdən başlayaraq “Şərq qapısı” qəzeti bir dərgi olaraq öz üzərinə düşən işin öhdəsindən uğurla gəlib. Uzun illər Naxçıvan ədəbi mühitinə rəhbərlik edən, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri olan  Müzəffər Nəsirliyə istinadən yazdığımız faktlar yalnız ədəbi aləmlə bağlı olsa da qəzetin fəaliyyətinə yetərincə işıq sala bilir.   “Şərq qapısı” qəzeti ötən 100 il ərzində təkcə ədəbi və yaradıcı mühiti, eyni zamanda özünəməxsus  jurnalistika ustalığını formalaşdırmayıb. 100 yaşlı bu mətbuat nəhəngi həm də səviyyəli, real, yalnız rəsmi faktlara inanan və dəyər verən  ictimai cəhətdən fəal oxucu qüvvəsi yetişdirməyi bacarıb.  

Səməd Canbaxşiyev

Naxçıvan Muxtar Respublikasının əməkdar artisti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: