Muxtar respublikanın brendi - Naxçıvan duzu - FOTOLAR

A- A A+

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Azərbaycanın təbii sərvətləri təkcə neft və qazdan ibarət deyildir. Biz bir çox başqa yeraltı sərvətlərə də malikik... Bu sərvətlərdən də səmərəli istifadə etməliyik”.  Bəli, təbiət Azərbaycana bir-birindən qiymətli, əvəzsiz nemətlər bəxş edib. Bu nemətlərdən biri də muxtar respublikanın brendinə çevrilmiş Naxçıvan duzudur. Naxçıvan şəhəri ətrafında bol sulu çayların, təbii nemət kimi Duzdağın mövcudluğu Naxçıvanın dünyanın qədim məskənlərindən biri olduğunu  və  həyatın buradan başlandığını sübut edir. Ümumiyyətlə, Naxçıvanın tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır.  Çünki Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olmuşdur. Cənubi Qafqaz və Yaxın Şərq ölkələrində duzun mədən üsulu ilə çıxarılması təcrübəsi Naxçıvandan götürülüb. 1917-ci ildə Duzdağda əsaslı istismar işlərinə, 1927-ci ildə  isə ilk dəfə sənaye üsulu ilə duz çıxarılmasına başlanılıb. Lakin ötən əsrin 90-cı illərinin əvvəllərində məlum hadisələr bu sahəni iflic vəziyyətinə saldı. İş o yerə çatdı  ki, duz mədənləri ilə zəngin olan Naxçıvan əhalisi xaricdən gətirilən və  mənşəyi bəlli olmayan duzdan istifadə etməyə başladı. Buna görə muxtar respublika sakinləri mətbuata məktublar yazır, etirazlarını dilə gətirirdilər. Naxçıvan Muxtar Respublikasında dərc olunan “Şərq qapısı” qəzetinin 19 avqust 1992-ci il tarixli sayına nəzər yetirsək, bu vəziyyətin nə qədər acınacaqlı olduğunu görərik. Qəzetin həmin sayında qeyd olunur ki, Naxçıvan duzu muxtar respublika mərkəzinin cəmi 8 kilometrliyindədir. İraq olsun, bəlkə, o şöhrətli duzun ehtiyatı tükənib? Yox, bu da deyil. Bircə həqiqət budur ki, tükənməz duz ehtiyatına malik olan Naxçıvanın əhalisi duz sarıdan korluq çəkir. Nəzərə alsaq ki, duz ən çox işlənən ərzaq sayılır, onda qarşıya çıxan çətinliyi tam aydınlığı ilə başa düşərik. Bu gün hansı mağazaya baş vurub “duz varmı?” deyə soruşsan, “tapılmaz” cavabını eşidərsən. Bilirəm, bu yazını oxuyanlar bir andaca gileylənəcək: rəhmətliyin qızı, tək duz dərdi olsaydı, nə bəxtəvər idik. Elə piyada mədənə gedib sal duz gətirib evdə özümüz döyərdik...

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra bütün sahələrlə yanaşı, bu sahədə də vəziyyət dəyişdi. Muxtar respublikanın təbii resurslarından, eləcə də duz mədənlərindən səmərəli istifadə olunmağa başlandı. Duz istehsalına yenidən başlanıldı. Bununla yanaşı Duzdağın və duzun çıxarılmasının tarixinin öyrənilməsi istiqamətində elmi araşdırmalara da start verildi. Təkcə bir faktı qeyd edək ki, 2012-ci ildə   Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda keçirilmiş Beynəlxalq simpoziumun nəticələri  sübut  etmişdir ki, bu ərazidə yaşamış ulu əcdadlarımız duzun üstün keyfiyyətlərini bildiklərindən Eneolit dövründən başlayaraq Naxçıvanda duz mədənçiliyinin əsasını qoymuşlar. Bir sözlə, Naxçıvan duzunun tarixi şöhrəti özünə qaytarıldı. Bütün bu tədbirlər muxtar respublikamızın tarixinə, müasir dövrünə və gələcəyinə vermiş olduğu mühüm dəyərin ifadəsi kimi qiymətləndirilir. Naxçıvanda bu sahədə həyata keçirilən tədbirlər bu gün də davam etdirilir.  Həmin  tədbirlərin davamı kimi 2021-ci il 9 iyunda, Milli Qurtuluş Günü ərəfəsində Duzdağda yeni şaxtanın istifadəyə verilməsi nəinki Naxçıvan, bütün ölkəmiz üçün ən əlamətdar hadisəyə çevrildi. “Duzdağ mədənçiliyinin qədim tarixi vardır. Hələ Eneolit dövründən başlayaraq əcdadlarımız Naxçıvanda duz çıxarılması ilə məşğul olmuş, eradan əvvəl IV minillikdə bu proses daha da genişlənmiş, duzdan tədavül vasitəsi kimi istifadə olunmuşdur. Bəzi mənbələrdə isə bu ərazidə duz çıxarılması Nuh Peyğəmbərlə əlaqələndirilir. Duz mədənçiliyinin inkişafı Duzdağ ətrafında məskunlaşmaya, icmalararası və şəhərlərarası əlaqələrin qurulmasına təkan vermiş, ticarət və sənətkarlıq inkişaf etmiş, Naxçıvanda şəhər mədəniyyəti formalaşmışdır. Dünya səyyah və coğrafiyaşünaslarının əsərlərində də Naxçıvanda duz çıxarılmasından geniş bəhs olunmuşdur. Tarixçi və coğrafiyaşünas Zəkəriyyə əl-Qəzvininin “Ölkələrin abidələri və məbudların xəbərləri” əsərində XII yüzillikdə Naxçıvanda duz çıxarılması barədə məlumat verilir. 1833-cü ildə rus tədqiqatçısı Qriqoryev tərəfindən tərtib edilmiş “Naxçıvan əyalətinin statistik təsviri” kitabında isə Naxçıvan duzu barədə yazılır: “Bu duz keyfiyyətinə görə bütün Zaqafqaziyada məşhurdur. Qarabağdan, Yelizavetpol dairəsindən, Şərurdan və Naxçıvanın bütün kəndlərindən bura  karvanlar gəlir. Aprel ayından oktyabr ayınadək duz istehsalının əhatə dairəsi daha da genişlənir”. Digər bir tarixi sənəddə - Qafqaz Dağ İdarəsinin 1889-1907-ci  illər üzrə hesabatında isə Naxçıvan mədənində ildə 3 min tona yaxın duz çıxarıldığı qeyd olunur”.  Qeyd olunmuşdur ki,  muxtar respublikada il ərzində 6-8 min ton duz istehsal olunur. Yeni şaxta və istehsal kompleksi fəaliyyətə başladıqdan sonra isə birnövbəli iş rejimində müəssisənin illik istehsal gücü 15 min ton olacaqdır.  

Artıq bir neçə gündür, istifadəyə verilən yeni şaxta mədən işçilərinin əməyini xeyli yüngülləşdirib. Texniki təhlükəsizlik qaydalarına tam cavab verən yeni şaxtaya ağır texnikalar daxil olaraq istənilən qədər xammalı daşıya bilir. Şaxtaçılar çalışırlar ki, mövcud duz ehtiyatından səmərəli istifadə edilsin.  Mədən işlərində və istehsal prosesində itkinin minimum həddə saxlanılmasına ciddi önəm verilir. Şaxtada iş prosesi belədir: Əvvəlcə yataqlarda qazma işləri görülür. Daha sonra mədəndə  partlayış işləri aparılır. Partlayışdan əmələ gələn duz parçaları çeşidlənərək istehsal sahəsinə verilir. Üyüdüldükdən sonra müxtəlif ölçülərdə nəfis paketlərdə satılır.

Duzu çıxarmaq da, onu emal etmək də məsuliyyətli və ağır işdir. 20-30 ildir, mədəndə çalışan Nurəddin Məmmədov, Müseyib Babayev, Ceyhun Hüseynov yeni şaxtanın istifadəyə verilməsini böyük sevinclə qarşılayıblar.  Onlar yaradılan gözəl şəraitə görə dövlətimizə minnətdar olduqlarını bildirdilər. “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mühəndisi Knyaz Tağıyev 1986-cı ildən duz mədənlərində çalışır. Qeyd edir ki, Naxçıvanın bu brend məhsulu  orqanizm üçün faydalı və ekoloji baxımdan təmizdir. Yeni şaxtadan götürülmüş daşduzun analizi nəticəsində natrium-xloridin miqdarının 97 faiz təşkil etdiyi müəyyən olunmuşdur. Əlavə edir ki, əsl Naxçıvan duzunun tərkibində ağır minerallar yoxdur və bir çox xəstə­liklərin dərmanıdır. Ümumiyyətlə, mütəxəssislər bu fikirdədirlər  ki, istifadə edilən duzların tərkibi eyni deyil. Dadına və kimyəvi tərkibinə görə Naxçıvan duzu yalnız ölkəmizdə deyil, dünyada ən yaxşı duz hesab edilir.     

Məlumat üçün qeyd edək ki, duzun istehsal və satış həcmini artırmaq məqsədilə yeni müəssisə də qurulur. Hazırda tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Naxçıvan duzunun ölkəmizin digər regionlarında da satışını təmin etmək üçün Bərdə şəhərində baza yaradılıb. Yeni müəssisə istifadəyə verildikdən sonra Naxçıvan duzu ən müasir vasitələrlə daha keyfiyyətlə istehsal olunaraq nəfis paketlərlə dünya mətbəxinə çıxarılacaq.    

Prezident cənab İlham Əliyev demişdir: “Naxçıvanın rəmzlərindən biri də təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağdır. Bu dağ ölkəmizdə təkcə saf və təmiz duzu ilə deyil, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınmışdır”. Göründüyü kimi, bu gün  Naxçıvanda həyata keçirilən tədbirlər  Azərbaycan Duzdağının  tarixi-mədəni dəyərini və  iqtisadi əhəmiyyətini artırır. Bu gün Azərbaycan qazandığı zəfər ilə dünyaya səs salıb. Bundan sonra dünya Azərbaycanın qiymətli yeraltı və yerüstü sərvətlərinin,  duz kimi qiymətli nemətinin nəyə qadir olduğunu bir daha görəcəkdir.  Və görəcəklər ki,  Azərbaycanın torpaqları qızıldan da dəyərlidir.  Bunu heç bir cah-cəlal əvəz edə bilməz. Ona görə də Vətənimizin hər qarışı bizim üçün əzizdir,  müqəddəsdir.  Naxçıvanın Duzdağı isə bu müqəddəsliyin ən böyük ünvanlarından biridir...   

Sara Əzimova

         jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: