Qürur doğuran yüksəliş
Bu gün Naxçıvan Muxtar Respublikası bütün sahələrdə əsl nümunə gücünə malikdir
Hər daşı, qayası ox nişanlı, hər zümrüdgözlü bulağının pıçıltısında həzin ana laylası çalınan doğma Naxçıvan diyarımız, qədimdən-qədim Naxçıvan şəhəri bina olandan bəri heç vaxt, heç zaman indiki kimi abadlıq adlı sevincin vüsalına qovuşmayıb. Bu inkişafı və tərəqqini görənlər təəccüblənirlər. Təəccüblənirlər ki, son illər ərzində neçə-neçə keçilməz yollar keçib Nuh nəfəsli Əcəmi yurdu.
Muxtar respublikamız, sözün həqiqi mənasında, yeniliklər dövrünü yaşayır. Bu illər ərzində yurdumuzun elə bir ünvanı olmayıb ki, orada yeni bir bina inşa olunmasın, yol çəkilməsin, parklar, istirahət mərkəzləri yaradılmasın, tarixi abidələr bərpa edilməsin. Saysız-hesabsız tikililər, öz simasını dəyişən küçələr, rahatlığı, təmizliyi ilə seçilən istirahət guşələri, parklar, xiyabanlar torpağa insan əli ilə çəkilən əsrarəngiz naxışlar kimi göz oxşayır.
Ötən illər ərzində qədim diyarımızda çox böyük nailiyyətlər əldə olunub. Dövlət başçısı cənab İlham Əliyev hər səfərində burada görülən işlərin yüksək məhəbbət və zövqlə yerinə yetirildiyini qeyd edib. Dövlətimizin başçısı hər dəfə olduğu kimi, 2021-ci il səfərində də müxtəlif obyektlərin açılışında iştirak etdi, quruculuq işlərini həyata keçirənlərin əməyini yüksək qiymətləndirdi, razı qaldığını bildirdi. Ölkəmizin müstəqilliyinin əldə edilməsi və qorunub saxlanılmasında Naxçıvanın rolu, muxtar respublikada aparılan abadlıq-quruculuq işləri, qədim diyarın sürətli inkişafı, qazlaşdırılması və enerji ilə təminatı məsələləri, içməli su və avtomobil yolları layihələrinin uğurla yerinə yetirilməsi, sosial məsələlərin həlli, iqtisadiyyatın real sektorunun inkişafına göstərilən böyük diqqət, Naxçıvanın blokadadan çıxarılması istiqamətində atılan addımlar, bu yurdun təhlükəsizliyi və başqa bu kimi digər mühüm məsələlərdən danışaraq qürurverici faktlarla görülən işlərin əhəmiyyətini qeyd etdi: “Təəssüratlarım çox müsbətdir. Hər zaman Naxçıvanda olanda, burada inkişafı görəndə çox sevinirəm. Bu mənim Naxçıvana 15-ci səfərimdir və hər səfər çərçivəsində bir çox obyektlərin açılışında iştirak edirəm. Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir”.
Prezident cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri bir daha onu göstərdi ki, bu gün qədim diyarımızda geniş quruculuq və abadlıq tədbirləri uğurla davam etdirilir, çoxsaylı infrastruktur layihələri reallaşdırılır, müxtəlif istehsal müəssisələri, sosial obyektlər, ali təhsil və elmi müəssisələr işə salınır, yeni iş yerləri açılır.
Ötən illər Naxçıvan Muxtar Respublikasının çağdaş tarixinə sosial-iqtisadi inkişafın yeni uğurlu dövrü kimi yazılıb. Həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri, əhalinin maddi rifah halının yaxşılaşdırılması, inkişafın mərkəzlə yanaşı, kəndlərə də istiqamətlənməsi, kəndlə şəhər fərqinin aradan qaldırılması həmin uğurların ciddi fundamental mahiyyətindən, geniş miqyasından xəbər verir.
Muxtar respublikamızda son illər tikinti-quruculuq işlərinin həcminin daha da artırılması, coğrafiyasının genişləndirilməsi qədim diyarımızın hüsnünə sözlə ifadə edilməsi mümkün olmayan gözəlliklər bəxş edib. Bu yeniliklər Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərindən başlayaraq, ən ucqar dağ və sərhəd, həmçinin ən kiçik kənd yaşayış məntəqələrini də əhatə edir. Bu gün Naxçıvan Muxtar Respublikası görülən işlərin həcminə və keyfiyyətinə görə Azərbaycanın digər bölgələrinə nümunədir. Muxtar respublikamız blokada şəraitində olmasına baxmayaraq, sürətli inkişaf yolundadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.
Naxçıvanda yeniləşmə prosesi müasir üslubda, milli özünəməxsusluğa uyğun, hərtərəfli, genişmiqyaslı olub, diyarın bütün ərazisini əhatə edir. Naxçıvan şəhəri yüksək diqqətlə, zövqlə, sistemli şəkildə yenidən qurulur. Rayon mərkəzləri və iri yaşayış məntəqələri də eyni meyar və tələblə abadlaşdırılır, müasirləşdirilir. Ən ucqar kəndlər belə, həyat standartları səviyyəsinə qaldırılır. Yollar, kommunikasiyalar, xidmət obyektləri də yenidən qurulur, ümumi yeniləşməni tamamlayır. Dağ kəndlərində müasir təhsil ocaqlarına və digər sosial obyektlərə baxanda yurd sevgisinin nəyə qadir olduğunu əyani görürsən.
Yaxşı cəhət ondan ibarətdir ki, görülən işlər yalnız muxtar respublikamızın paytaxtı Naxçıvan şəhəri, yaxud digər rayon mərkəzləri ilə məhdudlaşmayıb, bu inkişaf ucqarlara da sirayət edib. Ancaq Naxçıvan şəhəri həm yeniləşməsinə, həm də müasir memarlıq üslubunda qurulmasına, gözəlliyinə görə seçilir. Qədim Naxçıvan şəhəri tarixboyu heç vaxt belə sürətli, bütöv inkişafın şahidi olmayıb. Naxçıvanın tarixində analoqu olmayan rahat, geniş yollar, yaşıllıqlara qərq olan abad küçələr, müasir şəhərsalma mədəniyyətinin yüksək tələblərinə cavab verən əzəmətli memarlıq kompleksləri, ən qabaqcıl, ali və orta təhsil ocaqları ilə rəqabət aparıb qalib gələ biləcək yeni məktəblər, texnologiyanın son nailiyyətlərinə əsaslanan, ekoloji cəhətdən təmiz məhsulları ilə diqqəti cəlb edən çoxsaylı sənaye obyektləri – bütün bunlar qədim şəhərin yeni zirvələri, bu bölgədə Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin təntənəsidir.
Əsrlərin, min illərin tarix yollarında heç vaxt yorulmayan, köhnəlməyən şəhər indi bu qədimliyi qoruyub saxlamaq prinsipi ilə yeniləşən diyara çevrilib. Naxçıvan artıq bu gün yeni yolları, geniş prospektləri, əzəmətli binaları, möhtəşəm memarlıq kompleksləri ilə, inkişafın nəhəng addımları ilə irəliləyən qədim tarixli yeni şəhərdir. Naxçıvan şəhərini gəzdikcə hər addımda inkişafın yeni bir mənzərəsi ilə qarşılaşırsan. Doğrudan da, bu şəhər əsl övlad məhəbbəti ilə tikilir, qurulur, abadlaşdırılır. Milli memarlıqla dünya şəhərsalma mədəniyyətinin uğurları bir-birini tamamlayır.
Zəngin dövlətçilik, qüdrətli sivilizasiya yollarının sahibi, beş min ildən artıq şəhərsalma tarixi olan ulu Naxçıvan bu gün əsl inkişaf və tərəqqi meydanını xatırladır. Blokada şəraitində yaşamasına baxmayaraq, belə bütöv, kompleks inkişafa nail olmaq, aydan-aya, ildən-ilə inkişaf tempini daha da yüksəltmək haqlı qürur hissi doğurur. Bu, insanın öz doğma, əzəli torpağı qarşısında həqiqi övladlıq borcunu şərəflə yerinə yetirməsi, öz ana Vətəninə əsl xidmətin təntənəsidir. Bu, ümummilli liderimiz Heydər Əliyevin Vətənə hüdudsuz sevgi və sədaqətinin, onun müdrik, uzaqgörən siyasətinin layiqincə davam etdirilməsidir. Prezident cənab İlham Əliyevin də dediyi kimi:“Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün ulu öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax bu inkişafda təcəssüm etdirir”.
Bütün bu əldə edilən uğurlar isə dostların sevincinə, düşmənlərin kədərinə, həsədinə səbəb olub. Düşmənlər başa düşüb ki, nə qədər bu torpağı sevən, onun qədir-qiymətini bilən, təəssübünü çəkən insanlar var, bu qədim Oğuz-türk yurdu öz varlığını davam etdirəcək, cənnətməkana çevriləcəkdir. Min illərdir, tarixə meydan oxuyan Naxçıvan torpağı, onun zəhmətkeş, qurucu insanları dünya durduqca var olacaqdır. Dövlət başçısının hər səfərinin gətirdiyi yüksək ovqat, onun bütün zəhmətkeş naxçıvanlıların əməyinə verdiyi yüksək qiymətdən doğan böyük sevinc hissi uzun müddət bizi tərk etməyəcək və yeni-yeni nailiyyətlərin qazanılması üçün stimul olacaqdır.
Turan Məmmədli
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
biologiya üzrə fəlsəfə doktoru
"Şərq qapısı" qəzeti