Uşaqlara böyüdükdə kim olmaq istədiyini soruşduqda, adətən, belə cavab verirlər: həkim, müəllim, yanğınsöndürən və s. Təbii ki, hər bir peşə özünəməxsus çətinlikləri ilə fərqlənir. Fikrimcə, ən şərəfli peşə sahiblərindən ikisi hərbçi və jurnalistdir. Bir an belə tərəddüd etmədən doğma Vətən uğrunda ölümə atılmağa hazır olan mərd Azərbaycan oğul və qızları. Biri silahı ilə qoruyur vətən torpaqlarını,digəri qələmi ilə...İkisinin də məramı, məqsədi eynidir: Vətəni bütöv, güclü və bölünməz görmək...
İstər Birinci, istərsə də İkinci Qarabağ-Vətən müharibəsində vəzifə borclarını yerinə yetirərkən, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istəyərkən şəhid olan qələm sahiblərini hamımız tanıdıq. Təkcə 1990-cı illərdə Qarabağ uğrunda gedən döyüşlərdə haqq səsimizi dünyaya çatdırmaq üçün 13 jurnalistimiz erməni terroruna məruz qalıb, onlardan 9-u şəhidlik zirvəsinə ucalıb. Milli Qəhrəmanlarımız ilk qadın şəhid jurnalist Salatın Əsgərova, ixtisasca həkim olmasına baxmayaraq, jurnalistika sahəsini seçərək Xocalı müsibətlərini lentə aldığı filmlə Ermənistanın iç üzünü, terror, təcavüzar siyasətini bütün dünyaya çatdıran Çingiz Mustafayev, ömrünün 20 ilini bu sahəyə həsr edərək şəhidliyə ucalan Fəxrəddin Şahbazov, Alı Mustafayev və digərləri. Dünya Azərbaycan həqiqətlərini onların sözündə, səsində, qələmində gördü, tanıdı..
Və otuz ildən sonra apardığımız haqq mübarizəsi ədalətli həllini tapdı... “Dəmir yumruq” əməliyyatı 44 gün ərzində bizi həm hərbi səngərdə, həm informasiya səngərində qalib etdi. Ancaq bu dəfə mənfur düşmənin viran qoyduğu dədə-baba yurdumuzu öz obyektivlərindən lentə alıb göstərmək istəyən daha iki jurnalistimiz şəhidlik məqamına yüksəldi. Sirac və Məhərrəm. Vətən müharibəmizdə bu məqama yüksələn 2904 əsgər və zabitimiz kimi.... İndi hər bir Azərbaycan vətəndaşı onu təhlükələrdən layiqincə hifz edəcək ordusunun olduğuna tam arxayındır. Xalq əsgərini sevir, ona güvənir və dəstək göstərir. Milli Ordunun şərəfinə əsərlər, şeirlər yazılır, mahnılar bəstələnir. Qəzet səhifələrində, radio və televiziya verilişlərində ordumuzun qüdrətindən bəhs edən, bizə zəfər bəxş edən şəhidlərimizdən, qazilərimizdən materiallar hazırlanmasına isə hər bir media təmsilçisi böyük həvəslə, şövqlə yanaşır. Bütün bunlar orduya inamın, xalqın şəhidinə, qazisinə sevgisinin bariz təzahürləridir. Bir məqamı da vurğulamaq yerinə düşər ki, xalq həm də hər bir məlumatı dolğun, dəqiq və operativ olaraq çatdıran media işçilərinə-jurnalist ordusuna inanır və arxayındır.
Mənim üçün akademiya zirvəsində dayanan, çalışdığım Naxçıvan televiziyası da informasiya müharibəsində özünəməxsus yer tutur, daim Müzəffər ordumuzla bağlı materiallar, xəbərlər yayımlayır. İstər Vətən müharibəsi dövründə, istərsə də şanlı zəfərdən keçən müddət ərzində qüruru da, sevinci də, kədəri də xalqla birgə yaşadı. Mütəmadi olaraq şəhid ailələrinin yanında olur. Böyük Zəfər günü sevincinin həddi-hüdudu olmadı. Bir müddət sonra isə bu sevinci yaşamağımıza pay verən, torpaq yaşasın deyə canlarını fəda edən oğulları tanıtmağa başladı.
Şəhid Amin Gülməmmədovun anasının dediklərindən: “Bir ana kimi oğlumun jurnalist olmasını istəyirdim. Ancaq o hərbi yolunu seçdi. Şəhid oldu. Bu gün isə siz televiziya işçiləri olaraq oğlum haqqında, onun qəhrəmanlıqları haqqında material hazırlayırsınız və onu bütün Azərbaycana tanıtdırırsınız. Sağolun ki, şəhid ailələrinin yanındasınız”.
Şəhid Ramil Əliyevin anasının dediklərindən: “Şəhidlər ölmür, deyirlər, doğrudur, lakin siz onları unudulmağa qoymursunuz. Onlar sizin sayənizdə tanıdılanda, dəyər görəndə biz analar da sevinirik, təskinlik tapırıq”. Və bunun kimi ürəkdən gələn onlarla sözlər.
Bəli, əbəs yerə “həqiqi jurnalistika xalqın səsidir” deyilməyib. Bir qələm dostumuzun da dediyi kimi: “Jurnalistika millətin və dövlətin cəbhə xəttidir. Bu xəttin önündə daim Vətənə, dövlətə sədaqətli insanlar olmalıdır ki, cəmiyyət mənəvi deqradasiyadan, milli yaddaşsızlıqdan qorunsun.”
Elnurə Tahir
Naxçıvan televiziyasının əməkdaşı