Naxçıvanda Silahlı Qüvvələr Günü münasibətilə şəhid və qazi övladları ilə görüş keçirilib - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
Görüş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışlarında qeyd ediblər ki, muxtar respublikada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəxslərin əziz xatirəsi daim yad edilir, onların ailə üzvlərinin maddi-məişət şəraiti yaxşılaşdırılır.
Tədbirdə, həmçinin şəhidlərin ailə üzvləri, qazilər, sosial könüllülər fikirlərini bölüşüblər.
Görüşün bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının üzvlərinin vətənpərvərlik ovqatında hazırladıqları ifalar dinlənilib, şəhid və qazi övladlarına qiymətli hədiyyələr təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.