Kalbaoruc Dizə kəndinin şəhidi, leytenant Rəhman Əjdərovun anası Məhrubə xanımla ilkin tanışlıq və söhbətdən sonra öz-özümə deyirəm: şəhid anası, sən necə də əyilməz, dözümlü, güclüsən. Övladlarını öz əlləri ilə gözünü qırpmadan Vətən uğrunda can vermək üçün yollayan qadın. Oğlanlarına həm atalıq, həm də analıq edərək iki igid övlad yetişdirib. Vətənin dar günündə bir an belə düşünmədən zabit olan hər iki oğlunu döyüşə yola salır. Bir anlıq Xalq şairi Məmməd Arazın “Üç oğul anası” poeması yadıma düşür. Poemada hər üç oğlunu İkinci Dünya müharibəsinə yola salan qəhrəman Gülsənəm ana onlara belə xitab edir:
“Gedin, tez qayıdın!” – söylədi ana,
Gedin, qapımızı yağı döyməsin.
Ancaq unutmayın, igid olana,
Gərək arxasından güllə dəyməsin”.
Taleyi tək başına üç oğul böyüdən Gülsənəm ananın taleyinə bənzəyən Məhrubə ana da saçlarını Vətən üçün böyütdüyü 2 oğulun yolunda ağardıb, Vətənə layiqli övladlar yetişdirib. Ona ünvanlamaq istədiyim o qədər sual var ki, hansı birindən başlayacağımı bilmirəm. Qəhrəman ana oğlanlarından birini Vətən yolunda qurban versə də, yenə də güclüdür, əyilməzdir, qürurludur. Söhbətimizə Rəhmandan – Vətən müharibəsinin rəşadətli şəhidindən başlayırıq. Müsahibim deyir: “Rəhman böyük oğlum idi. 1997-ci il mayın 14-də anadan olmuşdu. Rəhman 2 yaşından atasız böyüyüb. Tale onu lap uşaqlıqdan çətinliklərlə sınadı. Uşaqlarımın tərbiyəsi, təhsili ilə hər zaman xüsusi maraqlanmışam. Rəhman zabit peşəsini seçdi. Qaraqala kənd məktəbinin 8-ci sinfini bitirdikdən sonra Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə daxil oldu. 2018-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdi. “Xüsusi təyinatlı texnika və sistemlər” ixtisasını yaxşı mənimsəmişdi. Elə həmin il Beyləqan rayonunda zabit kimi xidmətə başladı.
Qısa zaman ərzində zabit yoldaşları arasında nümunəvi xidməti ilə seçildi. Hərbi forma da ona çox yaraşırdı. Rəhman məzuniyyətdə evə gələn vaxt onu forma ilə görəndə qəlbim dağa dönürdü. Dünənə kimi əlindən tutub məktəbə apardığım, qayğısını çəkdiyim, dərslərini hazırlamaq üçün kömək etdiyim oğlum artıq təkcə mənim yox, Vətənin, millətin qüruruna çevrilmişdi. Hərb sənəti çətindi. Gərək dözümlü, iradəli, vətənpərvər, nizam-intizamlı olasan. Yeri gələndə ailədən, uşaqdan ayrı qalmağı da bacarasan. Hərbçi üçün bəzən şiş qayaların, dağların, dərələrin yamacı yataq, əsgər və zabit yoldaşları isə ailəsi olur. Rəhman bütün bu çətinlikləri gözə almışdı. Qürurlu bir yola çıxmışdı. Bu yolun sonunda bir gün şəhid olmaq da var idi. Amma o tutduğu yoldan geri dönmədi.
Tale belə gətirdi ki, Vətən müharibəsində mənim iki oğlum – Rəhman və Nihad iştirak etdilər. Müharibənin elə ilk günündən ön cəbhədə oldular. Vaxt tapıb bizimlə danışanda deyirdi ki, ana, bu dəfə biz qalib olacağıq, axıra kimi gedəcəyik, Qarabağı alacağıq. Axı biz bu günü 30 ildir gözləyirdik. Dediyi kimi də oldu. Döyüş bitdi. Şanlı ordumuz qalib oldu. Qarabağımızı aldılar, amma Rəhman bu tarixi qələbəmizi görə bilmədi. Laçının, Xocavəndin, Hadrutun, Cəbrayılın və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşan Rəhman döyüşlərin birində yaralandı. Noyabrın 1-i şəhidlik zirvəsinə ucaldı. İndi mənim gül qoxulu oğlum Vətən qoxur. Bir ana üçün oğul itirmək ağır itkidir. Gözünün qarşısında övladını qara torpağa tapşırmaq insanı yaralayır. Amma bir təsəlli yerim var ki, Rəhman Vətən uğrunda canından keçib. Hər gün onun ruhu ilə danışıram, söhbət edirəm. İnanıram ki, o da bizi duyur, hiss edir. Deyirəm, oğul, başımı uca, alnımı açıq etdin. Səninlə bir ömür boyu tək mən yox, doğulduğun kənd, Naxçıvan torpağı, Azərbaycan fəxr edəcək. Sən hər gün dillərdəsən, hər an səndən bəhs olunur. Deməli, ölməmisən, cismən aramızdan ayrılmısan, oğul. Divardan asdığın bayrağa baxıram. Mənim üçün o bayraq həm də sənsən, Rəhman. O bayraq Qarabağ səmasında əbədi dalğalansın deyə sən aramızdan ayrılmısan. Silahlı Qüvvələr Günün mübarəkdir, mənim balam”…
Şəhidin qardaşı Nihad Əjdərov da Vətən müharibəsinin iştirakçısıdır. Füzuli, Xocavənd və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük igidliklə vuruşub. Deyir ki, Rəhman mənim üçün ata əvəzi idi. Hər zaman onun dəstəyi, köməyi, güvəni ilə güc tapmışam. Rəhman kimi bir qardaşa sahib olduğum üçün fəxr edirəm. İndi o ən uca zirvədədir. Kalbaoruc Dizə kəndindəki evimizdən bu yola bir çıxmışdıq. Rəhmanın taleyinə şəhid olmaq yazılıbmış. Evimizdən baxanda məzarı üstündə dalğalanan bayraq görünür. Nə qədər qəhərlənsəm də, deyirəm: sən mənim qürurumsan, qardaş, zabit yoldaşımsan, dostumsan, əzizimsən, anamın ilk göz ağrısısan. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Vətən müharibəsində şərəfli döyüş yolu keçdiyinə, vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə leytenant Rəhman Əjdərov Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Azərbaycan bayrağı ordeni”, “Xocavəndin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Həsrət Nağıyeva
“Şərqin səhəri” qəzeti