Müasir dövrdə psixologiya elmi aşağıdakı istiqamətlər üzrə inkişaf edir: elmi, tətbiqi və praktik. Praktik psixologiya XIX əsrin sonlarında ABŞ-da yaranıb, daha sonra Avropa və Rusiyada, XX əsrin 90-cı illərindən Azərbaycanda təşəkkül tapıb, inkişaf edibdir. Hazırda psixologiya elminin bu istiqaməti, demək olar ki, insan həyat və fəaliyyətinin bütün sahələrinə tətbiq olunur. Azərbaycanda daha çox tətbiq olunduğu sahə isə təhsil sferasıdır.
Təhsil sahəsində fəaliyyət göstərən praktik psixoloqun işi özündə əsasən iki aspekti birləşdirir desək, yanılmarıq. O, təhsil işçisi olduğundan pedaqoq, psixoloqa aid olan problemləri yerinə yetirdiyindən praktik psixoloq hesab olunur. Daha doğrusu, praktik psixoloq hər iki sahəni özündə birləşdirən fəaliyyətlə məşğul olan mütəxəssisdir. Onun fəaliyyətinə diaqnostika, korreksiya və konsultasiya; təlim-tərbiyə; elmi-tədqiqat; mədəni və maarifləndirici işlər aiddir.
Praktik psixoloqun fəaliyyətinə aid olan təlim-tərbiyə və mədəni-maarifləndirici işlər, eyni zamanda pedaqoji fəaliyyət də aiddir. Pedaqoji fəaliyyət prosesində hər bir şagirdin fərdi xüsusiyyətləri, davranışları, situasiyaya uyğun hərəkətləri və s. izlənilməli və daim şagirdlərlə maarifləndirici işlər aparılmalıdır ki, burada da əsas ağırlıq məktəb psixoloqunun üzərinə düşür.
Unutmaq olmaz ki, əgər elmi psixologiyanın məqsədi insanların davranış mexanizmini və daxili aləmi haqqında elmi bilikləri öyrənməkdirsə, praktik psixologiyanın başlıca məqsədi elmi biliklərə əsaslanaraq insanlara praktik köməklik göstərməkdir. O cümlədən praktik psixoloqun fəaliyyəti insanlara peşə və həyati problemlərinin həll olunmasında psixoloji yardım göstərməkdən ibarətdir. Bunun üçün psixoloq müxtəlif yol və vasitələrdən, metodlardan istifadə etməli olur. İstifadə olunan metod problemin öyrənilməsinə deyil, onun həllinə yönəlməlidir. Praktik psixologiyanın mühüm metodlarına ilk növbədə psixodiaqnostika, psixoterapiya və inkişafetdirici psixoloji işlər daxildir.
Praktik psixologiya sahəsində toplanmış materiallar ümumiləşdirildikdə praktik psixoloqun konkret situasiyanı və ya konkret qrupu öyrənmək imkanları genişlənmiş olur. Belə ki, bu və ya digər metodun səmərəliliyinin daha çox mütəxəssis tərəfindən qəbul olunması onun praktikada tətbiqinə imkan verir.
Deməli, praktik psixoloq konkret şəxsi və konkret hadisəni öyrənir. Bu zaman həm özünün peşəkarlığına, təcrübəsinə, həm də bilik və bacarıqlarına əsaslanaraq fəaliyyət göstərir. İş elə qurulmalıdır ki, onların gəldiyi nəticə praktik baxımdan faydalı olsun. O da məlumdur ki, praktikadan əldə olunmuş nəticə heç də həmişə hansısa psixoloji nəzəriyyə və ideyaya uyğun gəlməyə bilər. Praktik psixologiyanın tətbiqində çətinliklərin bir qismi də buradan yaranır.
Praktik iş zamanı əldə olunan psixoloji biliklər ümumiləşdirilir, sistemə salınır və müvafiq konsepsiya hazırlanır. Ümumiləşdirmə nəticəsində hazırlanan konsepsiya oxşar problemləri olan insanların qruplaşdırılmasında, oxşar iş prinsipinin hazırlanmasında istifadə oluna bilər. Bununla yanaşı hər bir konkret situasiya psixoloq tərəfindən nəzərə alınaraq həyata keçirilməlidir. Praktik psixoloqun nəzərə almalı olduğu məsələlərdən biri də insana, onun probleminə kompleks yanaşması ilə bağlıdır. Başqa sözlə, insanın davranışı, motivasiyası, tələbatlar sferası, fərdi-psixoloji xüsusiyyətləri kompleks şəkildə öyrənilməlidir.
Praktik psixoloqun fəaliyyətinə onun şəxsi keyfiyyətləri əsaslı surətdə təsir göstərir. Ona görədir ki, bəzi hallarda bir praktik psixoloqun istifadə etdiyi metodlar səmərəli olursa, başqa birində səmərəsiz olur. Bu baxımdan praktik psixoloq öz davranışına, qarşılıqlı ünsiyyət və münasibətlərinə daim diqqət yetirməlidir. Yəni, daim peşəkarlığını artırmalıdır. Bu isə ona imkan verir ki, psixoloji maarifləndirməni, psixoloji bilikləri hamının başa düşə biləcəyi səviyyədə cəmiyyətin üzvlərinə çatdıra bilsin. Təbii ki, psixoloji xidmət sahəsində məişət psixologiyası da önəmli rol oynayır. Bu ondan irəli gəlir ki, psixoloji biliklər konkret olmaqla yanaşı, həm də hər bir şəxsin özünün həyat təcrübəsi, müşahidələri, münasibətləri və s. əsasında yaranır. Eyni zamanda onlar bu bilikləri konkret təcrübədə sınaqdan keçirə bilirlər. Başqa sözlə, məişət psixologiyası ayrı-ayrı fərdlərin gündəlik həyatda əldə etdikləri təcrübə əsasında yaranan psixoloji biliklərin məcmusudur. Və xatırlatmaq yerinə düşər ki, məişət psixologiyasının mənbəyini yalnız insanın öz şəxsi təcrübəsi deyil, həm də başqalarının təcrübəsindən nümunə kimi istifadə olunması təşkil edir. Psixoloq praktik fəaliyyətində məişət psixologiyasının bu qeyd etdiyimiz məslələrini nəzərə alarsa, öz işini daha səmərəli təşkil etmək imkanı əldə edər.
Məlumdur ki, zaman-zaman cəmiyyət həyatında baş verən hadisələrdən, ictimai-siyasi proseslərdən, ideoloji sistemdən asılı olaraq insanlarla işin təşkilində psixoloqun da qarşısında qoyulan tələblər dəyişir. Yəni hər bir siyasi, ideoloji sistemin tələblərinə uyğun şəxsiyyətlərlə konsultasiya aparmaq, mədəni-maarifləndirici işləri və s. təşkil etmək artıq psixoloqdan cəmiyyət həyatına adaptasiya olunmaq, yüksək mədəni səviyyəyə malik olmaq, lazımi psixoloji bacarıqlara yiyələnməyi tələb edir.
Sevinc Orucova
Naxçıvan Dövlət Universiteti
Psixologiya üzrə fəlsəfə doktoru, dosent