Bağlar diyarı olan Şahbuzun şirin, dadlı, ətirli meyvələri çoxdur. Ağac əkməyi, bağ salmağı savab iş bilən şahbuzlular çeşid-çeşid meyvə tingləri əkərək yeni bağlar salıblar. İşlərini təkcə ağac əkmək, bağ salmaqla bitmiş hesab etməyiblər. Həm də hansı ayda, hansı gündə, hansı fəsildə olmağından asılı olmayaraq, el birliyi ilə əkilənlərə qulluq ediblər, qayğı göstəriblər. Nəticədə, həmin meyvə bağlarının ağacları nübarı ilə istər rayon sakinlərinin, istərsə də buraya üz tutan qonaqların ağzını dada gətirib.
Bu gün həyətlərimizi və xüsusilə də yol kənarlarını bəzəyən həmin ağaclardan biri də tut ağacıdır. Bir çox növləri yetişdirilən bu ağac rayonumuzun iqliminə, torpağına asanlıqla uyğunlaşır, dadlı meyvələri olur, yaxşı inkişaf edir və illərlə yaşayır. Meyvələri dərdlərin dərmanı olduğu kimi, yarpağı və oduncağı da xammal kimi əvəzsizdir.
Çoxillik ağac sayılan tut ağacının növündən asılı olaraq meyvələri ağ, çəhrayı, tünd-bənövşəyi və qara rəngdə, şirin və turşaşirin olur. Vitaminlərlə və mikroelementlərlə zəngin olan tutdan yeyinti sənayesində geniş istifadə edilərək mürəbbə və doşab hazırlanır.
Rayonun yaşlı sakinlərinin fikrincə, tut ağacları uzunömürlü olurlar. Hətta onlardan bəzilərinin əsrlər öncə əkildiyini deyənlər də var. Bu ağacın hər bir həyətdə, bağda olmasının səbəbini isə dünyagörmüş insanlar bu cür qiymətləndiriblər: “Tut meyvəsi, ağacı dar gündə köməyə çatandır. Əsasən, müharibə illərindən sonra ağır zamanlarda tut qurusu insanların çörəyə, qəndə, şəkərə olan ehtiyacını ödəyib. Meyvəsi dərdlərə dərman olub. Müharibə illərindən sonra bu meyvəyə bütün ailələrdə bir ehtiyac olduğu düşünülüb və hər bir həyətdə tut ağacı əkilib. Oduncağı istilik yaratmaq üçün əvəzsiz yanacaq növlərindən hesab edilib. Bir də o da inancdandır ki, həyətə bar verən ağac əkərlər...” Tut ağacı meyvəsinin, yarpaqlarının, ağacın özünün belə faydaları haqqında rayon sakinlərinin müxtəlif fikirlər səsləndirdiyini eşitmək olar. Qədim zamanlardan onun oduncağından inşaat materialı kimi istifadə edilir. Ev əşyalarının, musiqi alətlərinin və başqa bir çox məişət əşyalarının tut ağacından hazırlanması onun nə qədər uzunömürlü, həm də keyfiyyətli olmasının sübutudur. Oduncağı ilə yanaşı, meyvəsi, hətta çörçöpləri, yarpağı belə işə yarayır. Ona görə də bu ağacın hər bir növündən həyətlərdə, bağlarda daha çox əkmək lazımdır.
Xar tutun meyvəsi qan azlığının ən birinci dərmanıdır. Həm də kompotların hazırlanmasında istifadə etmək olur. Tək halda da, başqa meyvə qarışıqları da bankalara yığılanda ləzzətli təam ortaya çıxır. Həyətlərimizdə, yol kənarlarında qol-budaq ataraq 35-40 metrə qədər hündürlüyə qalxan, quraqlığa dözümlü olan tut ağacının meyvəsindən doşab (bəkməz) da hazırlanır. Qan azlığının, baş gicəllənməsinin, ümumi zəifliyin qarşısını almaq üçün müalicə vasitəsi kimi doşabdan həmişə istifadə olunur.
Qədimlərdən bişirilən milli xörəklərimizdə-xəşil, quymaq, tərək kimi xəmir xörəklərində, o cümlədən halva, sucuq hazırlanmasında doşabın rolu böyük olub. Həm də geniş budaqları olan tut ağaclarının kölgəsində insanlar dincəlib, yorğunluqlarını çıxarıblar. Bir çoxları bilmir ki, tut qurusu ən az fındıq, fıstıq, badam, qoz kimi faydalıdır. Tut qurusu dəmirlə zəngindir. Ürək-damar sistemi üçün çox faydalıdır. Orqanizmin immunitetini artırır. Ağız və boğaz iltihabına, diş əti xəstəliklərinə qarşı təsirlidir. Öskürəyin “canını alır”. Hər gün bir ovuc tut qurusu yeyənlər onun faydasını görəcəklər.
Meyvəsi dərdə dərman, ağıza dad, süfrəmizə bəzək olan bu ağacların sayını artırmaq, yerli şəraitə daha yaxşı uyğunlaşan növlərini çoxaltmaq xeyirxah iş sayılmaqla bərabər, həm də yaşıllığın artırılmasına töhfədir. Həyətlərimizdə, bağlarımızda, yaşıllıq zolaqlarında əkilən tut ağaclarının meyvəsindən gələcəkdə də istifadə olunması, təbii sərvətlərimizin zənginləşməsi naminə bu ağacların sayının çoxalmasını vacib bilməliyik.
“Oğuz səsi” qəzeti