Şuşa alınan gün döyüşdə od-alov içində olan əsgərimizə yazdığım döyüş yolları ilə gedən məktubumu və bu gün ölkəmizin tarixində şanlı səhifə olan 26 iyun -Silahlı Qüvvələr Günü respublikamızın ərazisini bütövləşdirən qüdrətli, şanlı, zəfər çalmış əsgərlərimizə “Zəfər yolu” ilə göndərdiyim məktubu sizlərə təqdim edirəm.
26 iyun 2021
Zəfər yolu ilə gedən əsgərə məktub
Salam, dəmir yumruqlu, zəfər çalmış Azərbaycan əsgəri! Sizin sayənizdə artıq biz qürurla deyirik ki, qalib ölkənin vətəndaşlarıyıq! Bu qələbə sevincini bizə siz yaşatdınız. Bu hissi yaşayan hər kəs xoşbəxtdir. Xoşbəxtdir ki, bütövləşən doğma yurdu, müstəqil dövləti, çiçəklənən bu günü, parlaq gələcəyi var. Vətənimiz də xoşbəxtdir ki, ona ürəkdən bağlı övladları var. Onu yağılardan qoruyan güclü ordusu var. Təmkinliyi, qabiliyyəti, mərdliyi, qorxmazlığı və mübarizliyi ilə seçilən Prezidenti, Dəmir yumruqlu, qətiyyətli, yenilməz Ali Baş Komandanı var.
Rayonlarımızın bir-bir işğaldan azad edildiyini cənab Ali Baş Komandan elan edəndə sevincimiz yerə-göyə sığmırdı. Bir anlıq ruhumuz gəlib o dağlarda sizinlə görüşdü. Bilirsini,z nə qəribə bir hissdir? Siz hansı ərazimizi işğaldan qurtarırdınızsa, biz həmin an dönüb o yurd olurduq. Bilirsiniz, siz necə xoşbəxt insansınız? Bir elin, bir yurdun sevincində əməyi, qanı, canı olmaqdan daha üstün, daha şərəfli nə ola bilərdi ki?... Kənar, yad ünsürlərin yalan məlumatları sizi ruhdan salmadı, igid əsgərim! Düzdür, çoxları bizim ərazi bütövlüyümüzün tamamlanmasına qarşıydı. Amma həmişə olduğu kimi qardaş Türkiyə “Can Azərbaycan!” deyərək bu şərəfli yolda bizim yanımızda oldu. Bir daha sübut etdi ki, türkün türkdən başqa dostu ola bilməz.
Mənim əsgər qardaşım, sizin əməyiniz, zəfəriniz sayəsində hazırda işğaldan azad olunan ərazilərdə böyük layihələr həyata keçirilməkdədir. Bu layihələr azad olunan ərazilərin inzibati, tarixi və mədəni abidələrinin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi dinclik tapır.
Mayın 12-13-də Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bunun əyani sübutudur. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın 2021-ci il iyunun 15-i Qarabağa səfəri Azərbaycan tarixində daha bir əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti xarici dövlətin başçısını Qarabağda qarşıladı. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılan mühüm tarixi hadisə kimi yaddaşlarımızda qalacaq.
Nəzərinizə çatdırım ki, mən düşmən postları ilə 1 km məsafədə olan keçmiş təmas xətti sayılan Tapqaraqoyunludanam. Mən gözümü açandan bizim pəncərələrimizdə düşmən gülləsindən qorunmaq üçün dəmir qapılar görmüşəm. Bu gün artıq sizin sayənizdə o dəmir qapıları götürmüşük. Mənim otağım artıq işıqlıdır. Günəş şüaları birbaşa düşür. Bu gün bu məktubu rahat, işıqlı, sərbəst sizə yazıramsa, hamısı sizin sayənizdədir. Bizim kəndimizdən əzəmətli Murovdağ çox aydın görünür. Bu vüqarlı dağa biz başımız dik baxa bilmirdik. Müəllimimiz Yafəz Camalov öz şeirində belə deyirdi:
Murovdağın başı duman, qar olar,
Bir gün düşmən zəlil olar, xar olar.
Qisas qalsa qiyamətə, ar olar,
Belə bir gün var, gələcək ellərim.
Bəli, belə bir gün gəldi artıq. Sizin sayənizdə düşmən zəlil oldu, xar oldu. Murovdağın dumanı çəkilib, dağlarımızda günəş doğub. Nəhayət, başıuca, qürurlu dağa qürurla baxırıq.
Bu gün Azərbaycan xalqı tariximizin ən şərəfli günlərindən birini bayram edir. Bu günün bayram kimi tarixiləşməsinin müəllifi müstəqil dövlətimizin memarı və qurucusu, qüdrətli Azərbaycan ordusunun yaradıcısı Heydər Əliyevdir. O, görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də peşəkar hərbçi idi. Elə buna görə də ulu öndərin hakimiyyətə gəlişindən sonra əsası qoyulan ordunun bu gün əldə etdiyi uğuru İlham Əliyev uğurla davam etdirir. Bütün azərbaycanlılar üçün böyük məna daşıyan 26 iyun- tarixini, həyatını Azərbaycanın rifahına həsr edən, hər zaman qəlbi Azərbaycan ilə döyünən Ulu Öndər Heydər Əliyevin böyük inamla dilədiyi ərazi bütövlüyümüzün bərpası ilə qarşılayırıq!
Sizi və bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu gün böyük bayramdır, çünki Azərbaycan ordusu Hərbi Paradını Şuşada keçirir. Bu gün ordumuz cəbhə boyu deyil, sərhəd boyu düzülüb. Güclü, sarsılmaz orduya malik olmaq hər bir millət üçün qürur mənbəyi hesab olunmalıdır. Hazırda qüdrətli orduya malik Azərbaycanımın taleyi etibarlı əllərdədir. Sizin sayənizdə mənim üçün doğma, əziz diyarımız olan gözəl Naxçıvanımıza quru yolu ilə də gözəl, görməli, doğma, qədim torpaqlarımızla sərbəst keçərək gələcəyəm. Bu qələbə Ali Baş Komandanın uzaqgörənliyi, müdrikliyi, zəkası ilə torpaqlarımızı azad edərək dünyada Azərbaycanımızı Everest yüksəkliyinə qaldırdı.
Eşq olsun, Ali Baş Komandanımız! Var olun, mənim igid qardaşlarım!
Zəfərin mübarək, Azərbaycan əsgəri!
Yaşasın müstəqil, azad, bütöv Azərbaycan!
Cəmilə Abbaszadə
Naxçıvan Dövlət Universiteti
“Müalicə işi” ixtisasının II kurs tələbəsi