Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində bir sıra qərarlar qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Nazirlər Kabinetinin 2021-ci il 14 iyun tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edilib. Dəyişikliyə görə müvafiq vəsaitdən işçilərə verilən mükafatlardan qanunla müəyyən edilən qaydada vergi, məcburi dövlət sosial sığortahaqqı, işsizlikdən sığortahaqqı və icbari tibbi sığortahaqqı tutulur.

Bundan əlavə, Nazirlər Kabinetinin eyni tarixli digər qərarları ilə “Naxçıvan Muxtar Respublikasında əlilliyin qiymətləndirilməsi Qaydası”nda, “Naxçıvan Muxtar Respublikasında işsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nda və “Naxçıvan Muxtar Respublikasında Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nda dəyişikliklər edilib. Sonuncu Qaydada edilən dəyişikliyə əsasən Naxçıvan Tibbi Sosial Ekspertiza Komissiyasının qəbul etdiyi qərarın dəyişdirilməsi barədə qərar qəbul edildiyi halda sağlamlıq imkanları məhdud şəxsin fərdi proqramına yenidən baxılması məqsədilə həmin şəxs TSEK-ə dəvət olunur.

Nazirlər Kabinetinin 2021-ci il 16 iyun tarixli Qərarı ilə “Naxçıvan Musiqi Kollecinin Nizamnaməsi” təsdiq edilib. Nizamnaməyə əsasən Naxçıvan Musiqi Kolleci Naxçıvan Dövlət Universitetinin tabeliyində qanunvericiliyə uyğun olaraq ayrı-ayrı fəaliyyət sahələri üçün musiqi və digər ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını, habelə əlavə təhsil pro­qramlarını həyata keçirəcəkdir.

Həmçinin Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda, eləcə də “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilib. Sonuncu Qaydalarda edilən dəyişikliyə əsasən Aerovağzal kompleksinin girişində sərnişinlərin pasportunun, müəyyən reys üçün biletlərinin mövcudluğunu yoxlayan aviasiya təhlükəsizliyi işçilərindən ibarət postlar fəaliyyət göstərir. Sərnişindən aviadaşıma üçün baqaj qəbul edildikdən sonra həmin baqaj dezinfeksiya edilir.

Bunlarla yanaşı, Nazirlər Kabinetinin 2021-ci il 23 iyun tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda və Naxçıvan Musiqi Kollecinin Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

Eyni zamanda Nazirlər Kabinetinin 2021-ci il 25 iyun tarixli Qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilib.

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: